Foto: “Reuters”
ABŞ nümayəndə heyəti iyulun 27-də BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında Fransa nümayəndəsinin çıxışı zamanı zalı tərk edib.
Bu barədə “Radio Svoboda” məlumat yayıb.
ABŞ-nin BMT yanında daimi nümayəndəsinin müavini Den Neqrea bildirib ki, bu addım Fransanın daha əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün mandatının uzadılmasıyla bağlı mübahisə zamanı ABŞ-ni sərt tənqid etməsinə cavab olub.
Neqreanın sözlərinə görə, Fransa “təkəbbürlü və sayğısız ritorikadan” imtina etməyənə qədər ABŞ nümayəndə heyəti bu cür etiraz aksiyalarını davam etdirəcək.
O bildirib ki, Fransa, demək olar ki, hər məsələdə, o cümlədən insan hüquqları sahəsində digər ölkələrə dərs keçməyə adət edib. Diplomat qeyd edib ki, ABŞ “Fransanın azadlığı təhlükə altında olanda” həmişə onun yanında olub, həmçinin Parisin “ikiüzlülüyünə” və “təkəbbürünə” göz yumub. Onun sözlərinə görə, Vaşinqton artıq bunu etməyəcək.
Fransa nümayəndəsi cavab bəyanatında ABŞ-ni birbaşa tənqid etməkdən çəkinib. O yalnız xatırladıb ki, Fransa bu yaxınlarda ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edib.
Mübahisəyə səbəb Fransanın BMT-nin Cenevrədəki nümayəndəliyinin “X” sosial şəbəkəsində paylaşdığı post olub. Paylaşım BMT Baş Assambleyasında Volker Türkün mandatının uzadılması ilə bağlı səsvermənin nəticələri barədə olub.
2026-cı il iyulun 24-də Baş Assambleya 144 ölkə lehinə, 10 ölkən əleyhinə olmaqla, Volker Türkün səlahiyyət müddətini daha dörd il uzadıb. Vaşinqton bundan əvvəl Türkün rəhbərlik etdiyi qurumu ikili standartlarda və Amerikayla İsraildə insan hüquqlarının vəziyyətini əsassız tənqid etməkdə günahlandırmışdı.
ABŞ, İsrail və Rusiya qərarın əleyhinə səs veriblər. Fransa, digər Aİ ölkələri və BMT üzvlərinin böyük əksəriyyəti isə qərarı dəstəkləyiblər.
Bundan sonra Fransanın BMT yanında nümayəndəliyinin “X” hesabında ABŞ-nin artıq “insan hüquqlarının mayakı” olmadığı; Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə birlikdə təcrid vəziyyətinə düşdüyü, “heç kimin də ona qulaq asmadığı” barədə paylaşım edilib. Postun həqiqiliyi əvvəlcə şübhə doğursa da, Fransa Xarici İşlər Nazirliyindəki mənbələr onun rəsmi paylaşım olduğunu təsdiqləyiblər.
Buna cavab olaraq ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts “X” hesabında yazıb ki, Fransa “azad demokratiyalara” (ABŞ, Böyük Britaniya və İsrailə) dərs keçən, amma “ən qəddar repressiv rejimlərlə flirt edən” bir məmuru dəstəkləyir.
“Associated Press” agentliyi qeyd edir ki, yaranmış açıq qarşıdurmanın səbəbi təkcə sosial şəbəkələrdəki qarşılıqlı ittihamlarla məhdudlaşmır. Agentliyin qiymətləndirməsinə görə, Paris və Vaşinqton arasında NATO-nun fəaliyyəti, Qrenlandiya məsələsinə münasibət, ABŞ-İran qarşıdurması, insan hüquqları və BMT sisteminə yanaşma da daxil olmaqla, daha geniş fikir spektrdə fikir ayrılıqları var.
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının “Google” şirkətinə tətbiq etdiyi cəriməni sərt tənqid etmişdi. Rəqəmsal platformaların, o cümlədən “X” sosial şəbəkəsinin daha sərt tənzimlənməsini Fransa da dəstəkləyir.
BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında çıxış edən ABŞ nümayəndəsi dərhal atəşkəs elan olunması və sülh danışıqlarına başlanması barədə növbəti dəfə çağırış edib. O bildirib ki, Prezident Donald Trampın dərhal atəşkəs elan edilməsi çağırışına vaxtında əməl olunsaydı, çox sayda insanın həyatı xilas edilə bilərdi.
“Politfm”



