Foto: Rusiya XİN
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsilə bağlı növbəti dəfə səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır”.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə belə deyib.
Zaxarova dünən – iyulun 27-də “Qvardeysk” gənclər forumunda çıxışı zamanı bildirib ki, “Ermənistan Qarabağı öz ərazisi və ya müstəqil dövlət kimi tanımadığı üçün KTMT-nin Qarabağ ətrafındakı münaqişəyə müdaxiləsi mümkün deyildi”.
“Ermənistanla bağlı belə bir vəziyyət yaranmışdı ki, guya məsələ yalnız “KTMT mexanizmini işə salaq” deməkdən ibarət idi. Amma mahiyyət etibarilə sual yaranırdı: kimə və nəyə qarşı? Söhbət Qarabağdan gedirdi, Ermənistansa onu nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımışdı. Bunun yaxşı, yoxsa pis olması mənim yox, Yerevanın məsələsidir” deyə, o əlavə edib.
Hacızadə bildirib ki, Qarabağ bölgəsi həm beynəlxalq ictimaiyyət, həm də Rusiya Federasiyası tərəfindən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb: “Bu səbəbdən KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycan ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır”.
“Politfm”



