Foto: “İnterfaks-Ukrayna”

 

 

Ukraynayla Azərbaycan arasında ticarət dövriyyəsi ilin əvvəlindən 10% artıb.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bunu “İnterfaks-Ukraina” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əsasən Azərbaycana kənd təsərrüfatı məhsulları ixrac edir, Azərbaycandan isə gübrələr, neft və neft məhsulları, eləcə də zədələnmiş enerji infrastrukturunun bərpasında istifadə olunan enerji avadanlıqları idxal edir.

Qusev vurğulayıb ki, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu, tranzit nəqliyyat dəhlizlərinin inkişafına töhfə verir və Ukrayna istehsalçılarının Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxışını genişləndirir.

Səfir həmçinin bildirib ki, tərəflər Qara dəniz–Xəzər regionunda nəqliyyat marşrutlarının inkişafı istiqamətində birgə işi davam etdirirlər. Bu çərçivədə Ukrayna ilə Cənubi Qafqaz arasında bərə əlaqəsinin bərpası da nəzərdən keçirilir.

“Ukrayna enerji avadanlıqlarının birgə istehsalı və Ukraynanın enerji infrastrukturunun modernləşdirilməsi layihələrində Azərbaycan şirkətlərinin iştirakına ümid edir. Bu istiqamətdə artıq azərbaycanlı tərəfdaşlarımızla dialoq aparırıq. Eyni zamanda, Azərbaycan Rusiyanın enerji infrastrukturuna hücumlarından sonra Ukraynaya transformatorlar, generatorlar və digər avadanlıqlar təqdim etməklə mühüm dəstək göstərib” –  Qusev belə deyib.

O həmçinin qeyd edib ki, Azərbaycan şirkətləri Ukraynanın bərpası üzrə layihələrdə iştiraka maraq göstərir və ölkəni uzunmüddətli strateji iqtisadi tərəfdaş kimi nəzərdən keçirirlər:

“Azərbaycan biznesi Ukraynaya təkcə bərpa dövründə yeni imkanlar mənbəyi kimi deyil, həm də uzunmüddətli strateji iqtisadi tərəfdaş kimi baxır”.

Səfir bildirib ki, Azərbaycan biznesi ən çox energetika, hasilat sənayesi, kritik infrastrukturun bərpası, tikinti, aqrar-sənaye kompleksi, logistika, nəqliyyat, həmçinin rəqəmsal texnologiyalar və telekommunikasiya sahələri ilə maraqlanır.

Bundan başqa, Qusey deyib ki, Azərbaycanın Qarabağın infrastrukturunun bərpası və inkişafı təcrübəsi Ukrayna üçün mühüm maraq kəsb edir.

Onun sözlərinə görə, Azərbaycan zərər çəkmiş infrastrukturun bərpasında artıq Ukraynaya praktiki yardım göstərir:

“Azərbaycanın və SOCAR-ın dəstəyilə bir poliklinika və İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi bərpa edilib. İrpen icması üçün dörd yeni sosial layihənin həyata keçirilməsi üzrə birgə iş aparılır”.

Diplomat həmçinin əlavə edib ki, dənli və yağlı bitkilərin emalı, qida məhsullarının istehsalı, suvarma sistemlərinin və aqrar-texnologiyaların inkişafı üzrə birgə müəssisələrin yaradılması ikitərəfli əməkdaşlığın perspektivli istiqamətləridir.

“Azərbaycan şirkətləri logistika və nəqliyyat sahəsində Orta Dəhlizin inkişafını nəzərə alaraq  Avropa, Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat imkanlarının genişləndirilməsində maraqlıdırlar. Qara dəniz logistikasının tam fəaliyyəti bərpa edildikdən sonra Ukrayna bu marşrutun mühüm halqasına çevrilməlidir” deyə, səfir vurğulayıb.

Qusev “NEQSOL Holding” şirkətinin fəaliyyətini və “Vodafone Ukrayna”nın inkişafını nümunə göstərərək rəqəmsal texnologiyalar və telekommunikasiya sahəsində qarşılıqlı fəaliyyət potensialı olduğunu qeyd edib.

“Politfm”