Foto: “Reuters”
Ukrayna dronları Rusiyanın ən böyük onlayn pərakəndə satış platforması “Wildberries”-in daha iki anbarına hücum edib. Hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.
Bu barədə çərşənbə günü şirkətin rəhbəri və həmtəsisçisi Tatyana Kim məlumat verib.
İstehlak iqtisadiyyatında mühüm rol oynayan şirkətə edilən hücumlar Kiyevin dronlardan istifadə strategiyasını genişləndirdiyini göstərir. Məqsəd Rusiyanın hərbi fəaliyyətini pozmaq və Kremlə sülh danışıqları ilə bağlı təzyiqi artırmaqdır.
Tatyana Kim bildirib ki, bu dəfə Krasnodar və Nevinnomıssk şəhərlərində yerləşən anbarlara hücum edilib. “Reuters” agentliyinin təsdiqlədiyi sosial şəbəkə görüntülərində Krasnodar səmasında böyük tüstü buludu görünür.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, digər cənub şəhəri Armavirdə dron qalıqlarının müəssisələrdən birinin ərazisinə düşməsi nəticəsində bir işçi həlak olub.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, anbar kompleksinə hücum nəticəsində 10 nəfər yaralanıb. PUA qalıqları Krasnodarda iki çoxmərtəbəli yaşayış binasına da ziyan vurub, lakin sakinlər arasında xəsarət alan olmayıb.
Hakimiyyət orqanları yanğının söndürülməsi üçün helikopterdən istifadə ediləcəyini açıqlayıb. Yanğının söndürülməsinə ümumilikdə 105 nəfər cəlb olunub.
Şənbə günü Ukrayna dronları Moskva və Tambov vilayətlərindəki “Wildberries” obyektlərinə zərbələr endirmiş, nəticədə səkkiz işçi həlak olmuş, yanğınlar baş vermiş və şirkətin fəaliyyətində fasilələr yaranmışdı.
“Adi insanlara, əməkdaşlarımıza, sadəcə öz işini görən hər kəsə qarşı törədilən hücumların yaratdığı hiss və emosiyaları ifadə etməyə söz tapmaq çətindir” – Tatyana Kim “Telegram” kanalında belə yazıb.
Ukrayna son hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
“Wildberries” Avropa geyim kataloqlarındakı məhsulların satıldığı onlayn mağaza kimi fəaliyyətə başlayıb. Sonradan məhsul çeşidini genişləndirərək üçüncü tərəf satıcılarının da fəaliyyət göstərdiyi böyük elektron ticarət platformasına çevrilib. Şirkət dəymiş ziyanın həcmi barədə məlumat verməyib.
Elektron Ticarət Assosiasiyasının məlumatına görə, Rusiyada onlayn satışlar 2025-ci ildə 28% artaraq 11,5 trilyon rubla (147 milyard ABŞ dolları) çatıb. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, rəqəmsal platformalar vasitəsilə satılan mal və xidmətlərin həcmi ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 8,5%-ni təşkil edib.
“Politfm”



