Foto: “Anadolu” agentliyi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) seçilmiş başqanı Özgür Özəl bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup iclasında təşkilatın parlament fraksiyasıyla vidalaşıb. O bildirib ki, yeni partiyanın yaradılması prosesinə başlayırlar və ana müxalifət partiyasına çevriləcəklərinə inanırlar.
Apellyasiya Məhkəməsinin CHP qurultayını “mütləq etibarsız” (mutlak butlan) sayan qərarından sonra partiyada rəhbərlik ətrafında yaranmış mübahisələr yeni mərhələyə qədəm qoyub.
Həmin qərardan sonra sədr vəzifəsindən uzaqlaşdırılan, daha sonra deputatlar tərəfindən parlament fraksiyasının rəhbəri seçilən Özgür Özəl bu dəfə həmkarları ilə vidalaşmaq üçün tribunaya qalxıb.
Özəl fraksiya toplantıısndakı çıxışında bunları deyib:
“Bu gün vaxtı çatmış bir vidanın hüznü ilə qarşınızdayam. Həm bu zalın ab-havasında, həm də üzləşdiyimiz böyük haqsızlıqlardan sonra küçələrdə insanlarla etdiyimiz söhbətlərdə hiss edirik ki, ölkədə nələrsə dəyişir, yeni bir mərhələ başlanır. Vilayət və rayon təşkilatlarımızda, məhəllələrdə, ailə süfrələri arxasında etdiyimiz söhbətlər də bunu göstərir”.
“Heç nəyi unutmayacağıq”
Özgür Özəl tərəfdarlarına müraciət edərək bildirib:
“Sizə söz verirəm, bütün bunlar başa çatanda heç nəyi unutmayacağıq. Bu günlər də ötüb keçəcək, amma hamımız baş verənləri xatırlayacağıq. İndiyədək nümayiş etdirdiyimiz mövqelərin, tutduğumuz yolun və gördüyümüz işlərin zamanla unudulacağını heç kim düşünməsin.
Yenə söz verirəm: bu günlərdə kimin dost, kimin isə dost olmadığını yadda saxlayacağıq. Xalq da bunu unutmayacaq. Tarix hər şeyi qeydə alır və hər kəsi məhz bu gün tutduğu mövqeyə görə qiymətləndirəcək”.
“Yeddi aydır bizi bir-birimizə qarşı qoymaq istəyirlər”
Özgür Özəl çıxışında CHP sədri Kamal Kılıçdaroğlu və onun komandası ilə yaşadığı fikir ayrılıqlarına da toxunub. O, növbədənkənar qurultay əvəzinə növbəti qurultayın keçirilməsi qərarını bir daha tənqid edib.
“Bütün bunları edənlər bir tərəfdən də ‘partiyanı tərk etməyin’ çağırışı edirlər. Onlar yeddi aydır ki, bizim bir-birimizlə mübarizə aparmağımızı istəyirlər. Hamı bilsin ki, CHP-yə, məsələn, baş katib təyin ediləcək adam vaxtilə Adanadan namizəd ola bilməyəndə Zeydan Karalar haqqında ağlına gələni demiş bir şəxs olacaq və indi partiya rəhbərliyində yer alacaq” – Özəl belə deyib.
“Ürəyimizdə yeni başlanğıcın sarsılmaz ümidi var”
Özgür Özəl bildirib ki, son aylarda cəmiyyət onlardan fərqli gözləntilər səsləndirib:
“Biz həmişə xalqımıza demişik ki, ya çıxış yolu tapacağıq, ya da yeni yol açacağıq. Bəziləri bizə “Partiyanı onlara verməyin”, bəziləri də “Yeni partiya yaradın” deyirdi. Onlara bir qədər səbir edin söyləyirdik. Bu gün bizi məcbur etdikləri, vaxtı çatmış kədərli vidanın astanasındayıq. Ancaq eyni zamanda içimizdə yeni başlanğıcın sarsılmaz ümidini daşıdığımızı da bölüşmək istəyirik.
Bu partiyanın yetirmələri CHP-nin Türkiyə Cümhuriyyətinin qurucu partiyası olduğunu, Qazi Mustafa Kamal Atatürkün isə onun banisi olduğunu yaxşı bilirlər. CHP demokratiya uğrunda ağır bədəl ödəmiş siyasi təşkilatdır. Bu mübarizədə partiya vilayət rəhbərlərinə sui-qəsdlərdə itirib, əmlakı müsadirə olunub.
Biz bu böyük irsin hər bir zəhmətkeşinə, hər bir xatirəsinə sahib çıxırıq. Partiya binasını tərk etdik, amma onun irsini özümüzlə apardıq.
Bugünkü seçim sarayla barışmaq, geri çəkilmək və ya susmaq deyil. Sarayın kuklasına çevrilməkdənsə, Anadoluda istiqlal mübarizəsi aparan Mustafa Kamal Atatürkün göstərdiyi yolu seçirik. Köhnə siyasət tərzini geridə qoyuruq.
Siyasi rəqabətdə yeni əxlaq anlayışını önə çıxarırıq. Nəzarət altında olan müxalifət rolunu heç vaxt qəbul etməyəcəyik. Cəmiyyəti qütbləşdirən dili, partiyanı dövlətlə eyniləşdirən yanaşmanı və ümidsizliyi geridə qoyuruq. Bu, ayrılıq da deyil, geri çəkilmək də deyil. Bu, Türkiyədə dəyişiklik uğrunda mübarizəni daha güclü şəkildə davam etdirmək üçün atılan qətiyyətli addımdır. Heç bir siyasi partiya xalqdan üstün ola bilməz”.
“Yeni partiyamızı qururuq”
Özgür Özəl çıxışını belə davam etdirib:
“Buradan bəyan edirik ki, biz siyasətdə köhnə yolumuzdan imtina etmirik. Əksinə, bu ölkənin sabahı naminə birlikdə atəşdən köynək geyinirik. Sabah vilayət təşkilatlarımızın rəhbərləri və millət vəkillərimizlə bir araya gələcəyik. Yeni partiyamızı birlikdə qururuq.
Heç kim bələdiyyə başçılarına və ya bələdiyyə məclislərinin üzvlərinə “Niyə təzə partiyaya keçmədin?” deyə irad tutmasın. “Mən Özgür Özəllə deyiləm” deməyən hər kəs əmin olsun ki, bizimlədir. Hamı bilsin ki, nə Əkrəm İmamoğlundan, nə də Mansur Yavaşdan imtina edəcəyik. Kim istəsə, “Mən onlarla deyiləm” deyə bilər. Amma dilindən bu sözləri eşitmədiyiniz hər kəs bizimlədir və hakimiyyətə gedən yolda bizimlə addımlayır”.
CHP parlament fraksiyasının iclasında 83 deputat iştirak edib.
Özgür Özəl yeni partiyanın adını açıqlamayıb.
İndi nə baş verəcək?
“Anadolu” agentliyinin məlumatına görə, Özgür Özəlin həftənin qalan hissəsində bir sıra görüşlər keçirəcəyi gözlənilir. İlk olaraq onun sədr olduğu dövrdə fəaliyyət göstərmiş vilayət təşkilatlarının rəhbərləri ilə görüşəcəyi bildirilir.
Bundan sonra Özəlin öz sədrliyi dövründə formalaşmış Partiya Məclisi və Mərkəzi İdarə Heyətinin (MYK) üzvləri ilə də toplantılar keçirəcəyi gözlənilir.
Kuluarlarda yayılan məlumata görə, Özəl yeni partiyanın yaradılması ilə bağlı sənədləri iyulun 27-də Daxili İşlər Nazirliyinə təqdim edəcək.
İddialara əsasən, partiya “Yeni Partiya” adlanacaq, Təsisçilər Şurası isə əsasən millət vəkillərindən ibarət olacaq.
80 deputat iddiası
Özgür Özəl və komandası yaratdıqları siyasi təşkilatın Türkiyənin yeni ana müxalifət partiyasına çevrilməsini hədəfləyir. Bunun üçün CHP-nin 135 deputatından azı 68-nin yeni partiyaya qoşulması tələb olunur.
Kuluar məlumatlarına görə, partiyanın yaradılması mərhələsində iştirak edəcək deputatların sayı 80 nəfərə çata bilər.
Kamal Kılıçdaroğluna yaxın şəxslər Özəli dəstəkləyən deputatların sayının mövcud fraksiyanın yarısını keçməyəcəyini, sonradan yeni qoşulmaların da gözlənilmədiyini bildirirlər.
Yargıtay qərarında dörd mümkün ssenari
Bildirilir ki, Özgür Özəl və komandasının yeni partiya yaratmaq qərarına gəlməsində əsas amillərdən biri Ədliyyə Məhkəməsinin “mütləq etibarsızlıq” (mutlak butlan) qərarına qarşı şikayətə Yargıtayın (Türkiyə Ali Məhkəməsinin) payız sessiyasında baxılacağı olub.
Məlumata görə, işə ilk növbədə sentyabr ayında prosessual baxımdan baxılacaq.
Ali Məhkəmənin apellyasiya instansiyasının qurultayı “mütləq etibarsız” saymaq və partiya rəhbərliyini vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malik olub-olmadığını, həmçinin qurultayın ləğvi üçün kifayət qədər hüquqi əsasın mövcudluğunu qiymətləndirəcəyi gözlənilir.
Yargıtayın verə biləcəyi qərarlar dörd əsas ssenari üzrə ümumiləşdirilir:
1. Əgər Yargıtay apellyasiya məhkəməsinin qərarını hüquqa uyğun hesab edərsə, onu qüvvədə saxlaya bilər. Bu halda qurultayın “mütləq etibarsız” sayılması və Kamal Kılıçdaroğlu rəhbərliyinin vəzifəsinə qayıtması hüquqi baxımdan yekun qüvvə qazanacaq.
2. Apellyasiya instansiyasının hüquqi qiymətləndirməsi səhv hesab olunarsa, qərar ləğv ediləcək və iş yenidən baxılması üçün geri qaytarılacaq.
3. Rəhbərliyin vəzifədən uzaqlaşdırılması barədə qərar qanunsuz sayıla, eyni zamanda qurultayın ləğvi ilə bağlı hüquqi qiymətləndirmə qüvvədə saxlanıla bilər.
4. Şikayət vermək səlahiyyəti, aidiyyət və ya məhkəmə icraatı ilə bağlı prosessual pozuntular müəyyən edilərsə, iş mahiyyəti üzrə araşdırılmadan qərar ləğv oluna bilər.
“Politfm”



