Livan hərbçiləri Cənubi Livanın Frun kəndindəki nəzarət-keçid məntəqəsində. Frun, Cənubi Livan, 16 iyul 2026 (foto: AP/Mohammed Zaatari)

 

 

Livan Prezidenti Jozef Aun Vaşinqtona dördgünlük səfərini çərşənbə axşamı ABŞ Prezidenti Donald Trampla görüşlə başa vuracaq. Tərəflər İsrail – “Hizbullah” münaqişəsindən sonra Livanda uzunmüddətli sabitliyin təmin olunmasını müzakirə edəcəklər.

Görüş Livan və İsrail nümayəndələrinin Vaşinqtonun vasitəçiliyi ilə nadir hallarda keçirilən birbaşa danışıqları fonunda baş tutacaq. Beyrut hesab edir ki, bu proses İsrail ordusunun Cənubi Livan ərazilərindən çıxarılmasına, eyni zamanda Livan ordusunun vaxtilə “Hizbullah”ın nəzarətində olmuş bölgələrdə dövlət hakimiyyətini tam bərpa etməsinə şərait yaradacaq (AP).

İyun sazişi və “pilot zonalar”

Tərəflər iyunun 26-da çərçivə sazişi imzalayaraq aşağıdakı məsələlər üzrə razılığa gəliblər:

– İsrail qüvvələrinin Cənubi Livandan tam çıxarılması;
– bölgədə onilliklərdir güclü mövqeyə malik olan “Hizbullah”ın tərksilah edilməsi;
– təxminən 80 ildir müharibə vəziyyətində olan və diplomatik münasibətlər qurmayan iki ölkə arasında yekun sülh sazişinə aparan prosesin başlanması.

Razılaşmanın icrası istiqamətində artıq ilk addımlar atılır. ABŞ Dövlət Departamenti bazar ertəsi Frun, Srifa və Zavtar əl-Qərbiyyə kəndlərində “pilot zona” layihəsinin həyata keçirilməsinə başlanıldığını açıqlayıb. Həmin yaşayış məntəqələri hazırda İsrailin nəzarətində deyil. Bu açıqlamaya hələ ki Beyrut, nə də Təl-Əviv münasibət bildirib.

Marko Rubio: “Hizbullah” problemi həll olunmayana qədər sülh mümkün deyil

Bazar günü ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşən Jozef Aun Vaşinqtonun Livana dəstəklə bağlı mövqeyini dinləyib. Rubio danışıqları “çox müsbət” qiymətləndirsə də, “Hizbullah” məsələsinin hələ də əsas maneə olduğunu vurğulayıb:

““Hizbullah”ı necə əvəz edə bilərsiniz? Onları məğlub edir və onların yerinə ölkədə yeganə silahlı qüvvə ola biləcək qədər güclü hökumət qurursunuz. Bu problem həllini tapmayınca, Livanda tam sülh olmayacaq”.

Yenidənqurma və investisiya ümidləri

Livanda bir çoxları “Hizbullah”la açıq hərbi qarşıdurmanın ölkəni yenidən vətəndaş müharibəsinə sürükləyə biləcəyindən ehtiyat edir.
Hökumətsə dağıdılmış infrastrukturun bərpası üçün xarici investisiyaların cəlb edilməsinə çalışır.

Marko Rubio bu yanaşmanı dəstəkləyərək bildirib ki, söhbət təkcə təhlükəsizlikdən getmir. Onun sözlərinə görə, məqsəd həm də ABŞ-nin və digər beynəlxalq investorların Livana qayıtması üçün əlverişli şərait yaratmaqdır.

“Politfm”