Bab əl-Məndəb boğazı sahili, 2 aprel 2026 (foto:”Reuters”)
İranın dəstəklədiyi Yəmən husiləri bu gün Bab əl-Məndəb boğazını bağladıqlarını – Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini bildiriblər. Bu addım regionda münaqişənin daha da gərginləşməsi və Fars körfəzi hüdudlarından kənarda qlobal enerji ticarətinin pozulması riskini artırır.
Husilərin bəyanatında qeyd olunur ki, “cinayətkar düşmən Səudiyyə Ərəbistanına qarşı “gözə göz, dişə diş” prinsipi əsasında dəniz embarqosu elan edilir” və qərar bu açıqlamadan dərhal sonra qüvvəyə minəcək.
Onların sözlərinə görə, bu qərar Səudiyyə Ərəbistanının Yəmənə qarşı tətbiq etdiyi və “ədalətsiz, repressiv mühasirə” kimi qiymətləndirdikləri tədbirlərə cavab olaraq qəbul edilib.
Səudiyyə Ərəbistanı hələlik bu bəyanata münasibət bildirməyib.
Qırmızı dənizin cənub girişi olan Bab əl-Məndəb boğazının tam bağlanması Səudiyyə neftinin Asiyaya ixracını dayandıra və qlobal neft təchizatını təxminən 7% azalda bilər.
İran ətrafında davam edən müharibə artıq dünya üzrə neft təklifinin 10% azalmasına səbəb olub.
“İndi əsas sual budur ki, onlar Səudiyyə limanlarına üz tutan gəmiləri məqsədli şəkildə hədəfə almağa başlayacaqlarmı? Hazırkı mərhələdə buna birmənalı cavab vermək mümkün deyil” – Vaşinqtonda fəaliyyət göstərən, risklərin qiymətləndirilməsi üzrə ixtisaslaşan “Basha Report” konsaltinq şirkətinin təsisçisi, Yəmən üzrə ekspert Məhəmməd Əlbaşa belə deyib.
“Heç bir gəmi hücuma məruz qalmasa belə, təkcə bu bəyanatın özü gəmiçilik fəaliyyətini poza və Səudiyyə limanları ətrafında qeyri-müəyyənlik yarada bilər. Əsas məsələ husilərin hədələrdən real hərbi əməliyyatlara keçib-keçməyəcəyidir” deyə, o əlavə edib:
Ötən həftə husilər Səudiyyə Ərəbistanına raket zərbələri endiriblər. Onlar krallığı öz nəzarətlərindəki hava limanını bombalamaqda ittiham edərək bildiriblər ki, bu addım Səudiyyə Ərəbistanıyla İranın dəstəklədiyi qruplaşma arasında dörd ildir qüvvədə olan atəşkəsi pozub.
“Politfm”



