Foto: AFP
Rusiyanın İctimai Rəy Fondunun (FOM) məlumatına görə, Prezident Vladimir Putinin fəaliyyətinin bəyənilmə reytinqi son bir həftədə 5 faiz aşağı düşüb. Bu, 2022-ci ilin payızında elan edilmiş qismən səfərbərlikdən bəri qeydə alınan ən kəskin azalmadır.
Sorğuda iştirak edənlərin 66 faizi Putinin fəaliyyətini bəyəndiyini bildirib. Bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başladığı vaxtdan bəri qeydə alınan ən aşağı göstəricidir. Hücumdan bir həftə əvvəl bu göstərici 64 faiz idi, son illərdə isə 75-80 faiz arasında dəyişirdi (“Radio Svoboda”).
Putinə etimad səviyyəsi də azalıb. Son bir həftədə bu göstərici 69 faizdən 67 faizə düşüb. Respondentlərin 20 faizi Putinə etibar etmədiyini deyib.
FOM, eləcə də digər sorğu təşkilatı olan Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (VTsİOM) Rusiya hakimiyyətiylə əlaqəli qurumlar hesab olunurlar. VTsİOM-un son sorğusu da Putinin reytinqinin aşağı düşdüyünü göstərib, amma eniş FOM-un qeydə aldığı qədər kəskin olmayıb.
VTsİOM-un məlumatına görə, respondentlərin 65,1 faizi Putinin fəaliyyətini bəyəndiyini bildirib. Bu, əvvəlki həftə ilə müqayisədə 0,9 faiz azdır. Putinə etibar etdiyini deyənlərin payı isə 71 faiz olub ki, bu da bir həftə ərzində 1,3 faiz azalma deməkdir.
FOM və VTsİOM sorğularında Putinin reytinqinin enməsi tendensiyası yaz aylarından müşahidə olunmağa başlayıb. Şərhçilər bunu internetə tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirirlər.
FOM-un son hesabatına görə, respondentləri narahat edən məsələlər sırasına yanacaq böhranı və müharibənin gedişiylə bağlı narahatlıqlar da əlavə olunub.
“Politfm”



