Foto: AP




Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç və Böyük Britaniya Ukrayna ilə birgə ballistik raketlərə qarşı koalisiya yaratmaq barədə razılığa gəlib.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun ofisi məlumat yayıb.

“Biz hesab edirik ki, Avropanın müdafiəsi üçün qlobal həll yolu – gələcək raket təhdidlərinin qarşısını almaq və onları dəf etmək üçün birgə səylərlə hazırlanmış, texnoloji açıqlığa və etimada əsaslanan sənaye əməkdaşlığına söykənən inteqrasiya olunmuş arxitektura lazımdır” deyə, on ölkənin birgə bəyannaməsində bildirilir.

Yeni koalisiya ümumi əməliyyat tələblərini müəyyənləşdirməyi, birgə işçi qrupları yaratmağı, aydın idarəetmə mexanizmləri formalaşdırmağı və ilkin əməliyyat imkanlarının yaradılması üçün yol xəritəsi hazırlamağı planlaşdırır. Koalisiyanın prinsip və məqsədlərini bölüşən digər dövlətlər də ona qoşula bilərlər.

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və “İstəklilər koalisiyası”nın üzvləri ilə görüşmək üçün bu gün Parisə gedib. O, “Telegram” kanalında yazıb ki, səfərinin əsas mövzusu ballistik raketlərə qarşı müdafiə proqramı olacaq.

Son zamanlar Zelenski Ukraynanın müttəfiqlərinə davamlı olaraq bildirir ki, Rusiyanın ballistik raket hücumlarını dəf etmək üçün Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi lazımdır. Ötən həftə Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp Kiyevə “Patriot” kompleksləri üçün raket istehsalına lisenziya verilə biləcəyinə eyham vurmuşdu.

“Politfm”