Foto: TASS

 

Rusiyada yanacaq böhranı benzin və dizel yanacağının dövlət satınalmalarına təsir göstərməyə başlayıb. “İzvestiya” nəşrinin hesablamalarına görə, may-iyun aylarında tibb müəssisələri, kommunal və fövqəladə xidmətlər üçün ləğv edilən, baş tutmayan və ya yenidən elan olunan tenderlərin sayı ötən illə müqayisədə üç dəfə artıb.

Nəşrin məlumatına görə, sabit qiymətli dövlət müqavilələriylə işləmək təchizatçılar üçün sərfəsiz hala gəlib. Tender proseduru davam etdiyi müddətdə yanacağın bazar qiyməti artır, ona görə də şirkətlər dövlət satınalmalarında iştirak etmək əvəzinə, benzini pərakəndə satış şəbəkələri və ya kommersiya müştəriləri vasitəsilə satmağa üstünlük verirlər.

Nəşr yazır ki, Samara vilayətindəki “Dinastiya” Tibb Mərkəzi 580 min rubla 8,5 min litr “Aİ-92” benzini ala bilməyib – tenderdə iştirak üçün heç bir şirkət müraciət etməyib. Eyni səbəbdən Leninqrad vilayətindəki “Darina” Reabilitasiya Mərkəzi üçün də 28 min litr “Aİ-95” benzini almaq mümkün olmayıb.

Tambov administrasiyasının 2 milyon rubl dəyərində benzin və dizel yanacağı almağa çalışan avtomobil bazası da təchizatçı tapa bilməyib. Vladimir vilayətində isə “Qorelektroset” şirkətinin 2,2 milyon rublluq tenderi baş tutmamış elan edilib.

Stavropol diyarında yanğından mühafizə və qəza-xilasetmə xidməti yanacaq satınalmasını bir neçə dəfə yeniləməli olub. Sonda müqavilə yeganə təchizatçıyla bağlanıb. Krasnodar diyarındakı Tuapse Sosial Xidmət Mərkəzi də nəticədə yanacağı eyni sxemlə satın alıb.

“Politfm”