Foto: internet

 

İctimai səhiyyə sahəsində tövsiyələr uzun illərdir eyni məqama diqqət çəkir: daha çox hərəkət etmək, həftəlik fiziki aktivlik normasını yerinə yetirmək və oturaq həyat tərzinə mümkün qədər az vaxt ayırmaq.

Amma son illərdə aparılan araşdırmalar göstərir ki, təkcə nə qədər oturduğunuz deyil, necə oturduğunuz da sağlamlığınız üçün əhəmiyyət daşıya bilər. Başqa sözlə, eyni müddəti fasiləsiz oturmaqla həmin vaxtı vaxtaşırı ayağa qalxıb hərəkət etməklə keçirmək orqanizmə eyni cür təsir göstərmir.

“PLOS Medicine” jurnalında dərc olunmuş yeni araşdırma bu mövzuya xərçəng xəstəlikləri baxımından da aydınlıq gətirib.

Bu barədə “İnside Precision Medicine” nəşri məlumat yayıb. 

Alimlər “UK Biobank” layihəsinin 91 292 iştirakçısının məlumatlarını təhlil ediblər. İştirakçılar yeddi gün ərzində biləklərinə taxdıqları akselerometrlərlə gündəlik fiziki aktivliklərini qeydə alıblar. Daha sonra onların sağlamlıq vəziyyəti orta hesabla 12 ildən çox izlənilib.

Araşdırma göstərib ki, uzun müddət fasiləsiz oturmaq xərçəngə tutulma və bu xəstəlikdən ölmə riskini artırır. Gün ərzində vaxtaşırı hərəkət edən insanlarda isə əks mənzərə müşahidə olunub.

Təkcə “az otur, çox hərəkət et” demək kifayət deyil

Oturaq həyat tərzinə oturmaq, yarıuzanmış vəziyyətdə olmaq və ya uzanmaq kimi çox az enerji sərf olunan bütün fəaliyyətlər daxildir.
Bu günə qədər ictimai səhiyyə tövsiyələri əsasən insanların gün ərzində ümumilikdə nə qədər oturduğuna diqqət yetirirdi. Çünki bu göstəricini hesablamaq asandır və onun ürək-damar xəstəlikləri, piylənmə və maddələr mübadiləsinin pozulmasıyla əlaqəsi çoxsaylı tədqiqatlarda təsdiqlənib.

Yeni araşdırma isə daha konkret suala cavab axtarır: eyni müddət oturmaqla həmin vaxtı hissələrə bölərək arada hərəkət etmək arasında fərq varmı?

Tədqiqatçılar “uzunmüddətli oturaq həyat tərzi” dedikdə ən azı 30 dəqiqə davam edən və bu vaxtın azı 90 faizinin oturaraq keçirildiyi dövrləri nəzərdə tutublar.
Qısa müddət oturma intervalları və ya vaxtaşırı hərəkətlə kəsilən oturma müddətləri ayrıca qiymətləndirilib.

Bu yanaşma alimlərə yalnız insanların nə qədər oturduğunu deyil, həmin vaxtın gün ərzində necə bölüşdürüldüyünü də müqayisə etməyə imkan verib.

Fasiləsiz oturmaq xərçəng riskini artırır

Araşdırmanın nəticələrinə görə, gün ərzində fasiləsiz oturmaqla keçirilən hər əlavə bir saat xərçəngdən ölüm riskini orta hesabla 9 faiz artırır.
Araşdırma həmçinin göstərib ki, uzun müddət fasiləsiz oturmaq ümumilikdə xərçəngə tutulma riskini, eləcə də piylənmə və 2-ci tip diabetlə əlaqələndirilən xərçəng növlərinin yaranma ehtimalını artırır.

Oturma müddətini vaxtaşırı hərəkətlə kəsən iştirakçılarda bu risklər daha aşağı olub. Başqa sözlə, gün ərzində eyni qədər oturmaq hər zaman eyni nəticə vermir. Oturduğunuz vaxtın müəyyən aralıqlarla hərəkətlə kəsilməsi uzun müddət fasiləsiz oturmaqdan daha əlverişli görünür.

Tədqiqat müəllifləri qeyd edirlər ki, xərçəng riskinə təsir edən amil təkcə gün ərzində nə qədər oturmaq deyil, həmin vaxtın necə keçməsidir.
Bu nəticə xüsusilə müasir həyat tərzi baxımından diqqət çəkir. Çünki insanların əksəriyyəti işdə, nəqliyyatda və ya istirahət zamanı uzun müddət oturmalı olur. Belə şəraitdə əsas məsələ oturmağı tamamilə aradan qaldırmaq deyil, onu mümkün qədər tez-tez qısa hərəkət fasilələri ilə bölməkdir.

Hətta yüngül fiziki aktivlik də faydalıdır

Araşdırmada alimlər oturaq vəziyyətdə keçirilən vaxtın fiziki aktivliklə əvəzlənməsinin mümkün təsirlərini də qiymətləndiriblər.
Nəticələr göstərib ki, gün ərzində uzun müddət fasiləsiz oturaraq keçirilən vaxtın cəmi bir saatını yüngül fiziki aktivliklə əvəz etmək xərçəngdən ölüm riskini təxminən 12 faiz azalda bilər.
Bundan başqa, gündə 30 dəqiqə orta intensivlikli fiziki aktivlik də xərçəngdən ölüm riskini azaldır. Tədqiqat müəlliflərinin fikrincə, bu nəticə xüsusi əhəmiyyət daşıyır. Çünki insanların çoxu üçün yüngül fiziki aktivlik müntəzəm idmanla məşğul olmaqdan daha əlçatandır.
Ayağa qalxmaq, yavaş templə gəzmək, ev işləri görmək və ya sadəcə hərəkət etmək üçün gün ərzində qısa fasilələr vermək idman kimi görünməyə bilər. Amma belə sadə vərdişlər uzun müddət hərəkətsiz qalmağın orqanizmə mənfi təsirini azaltmağa kömək edə bilər.
Müəlliflərin sözləriylə desək, “yüngül fiziki aktivliyi az iş hesab etmək olmaz.”

Bunun səbəbi nə ola bilər?

Alimlər hesab edirlər ki, bunun bioloji izahı kifayət qədər məntiqlidir.
Əvvəlki eksperimental araşdırmalar göstərib ki, uzun müddət oturmağı qısa hərəkət fasilələriylə əvəz etmək orqanizmin qlükoza və insulinə reaksiyasını yaxşılaşdırır. Fasiləsiz oturmaq isə bu baxımdan daha əlverişsiz nəticələr verir.

Bundan əlavə, uzun müddət hərəkətsiz qalmaq aşağı səviyyəli xroniki iltihabın yaranmasına, immun sisteminin fəaliyyətinin zəifləməsinə, insulin tənzimlənməsinin pozulmasına və piy toxumasının qeyri-adi nahiyələrdə toplanmasına səbəb ola bilər.
Alimlər hesab edirlər ki, bütün bu proseslər müxtəlif xərçəng növlərinin yaranma riskini artıran amillər sırasındadır.

Nəticələr nə dərəcədə etibarlıdır?

Bu araşdırmanın bir sıra mühüm üstünlükləri var.
Əvvəla, iştirakçıların fiziki aktivliyi onların öz cavablarına deyil, akselerometrlərin qeydə aldığı obyektiv məlumatlara əsasən qiymətləndirilib. Bu isə yaddaş səhvlərindən və subyektiv qiymətləndirmədən qaynaqlanan xətaların qarşısını xeyli dərəcədə alır.

İkincisi, iştirakçılar on ildən artıq müddətdə izlənilib və tədqiqat müxtəlif xərçəng növlərini əhatə edib.
Bununla belə, müəlliflər nəticələrin ehtiyatla şərh edilməli olduğunu vurğulayırlar.
Söhbət müşahidə xarakterli araşdırmadan getdiyi üçün bu nəticələr uzun müddət oturmağın birbaşa xərçəngə və ya xərçəngdən ölümə səbəb olduğunu sübut etmir. Araşdırma yalnız bu iki amil arasında əlaqə olduğunu göstərir.

Bundan başqa, “UK Biobank” iştirakçılarının Böyük Britaniya əhalisindən orta hesabla daha sağlam və daha fəal həyat tərzi sürdüyü məlumdur. Bu isə nəticələrin bütün əhali üçün eyni dərəcədə keçərli olub-olmadığı barədə suallar yaradır.

Fiziki aktivlik cəmi yeddi gün ərzində ölçülüb. Həmçinin istifadə olunan cihazlar insanların niyə oturduğunu müəyyən edə bilməyib. Məsələn, iştirakçının işdə kompüter arxasında əyləşdiyi, avtomobil idarə etdiyi, televizora baxdığı və ya xəstə olduğu üçün istirahət etdiyi ayırd edilməyib.

Müəlliflər onu da qeyd edirlər ki, nəticələrə təsir göstərə biləcək bütün amilləri nəzərə almaq mümkün olmayıb. Uzun müddət fasiləsiz oturan insanlar peşələri, sağlamlıq vəziyyətləri və ya həyat tərzinin digər xüsusiyyətləri baxımından da başqalarından fərqlənə bilərlər.

Xərçəngin profilaktikasına yanaşma dəyişə bilər

Bu gün xərçəngin qarşısının alınmasıyla bağlı tövsiyələr əsasən siqaretdən uzaq durmaq, spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq, sağlam qidalanmaq, normal çəki saxlamaq, peyvənd olunmaq, skrininq müayinələrindən keçmək və müntəzəm fiziki aktivliklə məşğul olmaq üzərində qurulub.
Son illər oturaq həyat tərzi də xərçəng riskini artıran amillərdən biri kimi bu siyahıya daxil edilir. Amma yeni araşdırma göstərir ki, bu tövsiyələri daha da konkretləşdirməyə ehtiyac ola bilər.
Başqa sözlə, məqsəd təkcə gün ərzində oturaraq keçirilən ümumi vaxtı azaltmaq deyil. Həmin vaxtın uzun müddət fasiləsiz davam etməsinin qarşısını almaq da eyni dərəcədə vacibdir.

İctimai səhiyyə baxımından buna nail olmaq elə də çətin görünmür. Məsələn, iş zamanı qısa aktivlik fasilələri vermək, gəzinti zamanı işgüzar görüşlər keçirmək, vaxtaşırı ayağa qalxmaq, ev işləriylə məşğul olmaq və ya uzun müddət oturduqdan sonra bir neçə dəqiqə hərəkət etmək belə faydalı ola bilər.
Bununla belə, tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, sözügedən nəticələr xərçəngin profilaktikası tədbirlərini əvəz etmir. Üstəlik, oturaraq keçirilən hər saat hər kəs üçün eyni riski yaratmır.

Araşdırmanın əsas mesajı daha incə məqama diqqət çəkir: insan orqanizmi gün ərzində vaxtaşırı hərəkətlə kəsilən oturma müddətinə uzun saatlar fasiləsiz oturmaqdan fərqli reaksiya verə bilər.
Fiziki aktivliyi izləyən cihazların getdikcə daha geniş yayılması və profilaktik tədbirlərin fərdiləşdirilməsi gələcəkdə xərçəngdən qorunmağa dair tövsiyələri də dəyişə bilər. Ola bilsin ki, diqqət yalnız həftəlik fiziki aktivlik normasına deyil, insanların gün ərzində formalaşdırdığı hərəkət vərdişlərinə də yönəldiləcək.

Hələlik isə araşdırmanın çıxardığı nəticə kifayət qədər sadədir: uzun müddət fasiləsiz oturmaqdan çəkinmək lazımdır. Hətta qısa və yüngül hərəkət fasilələri belə sağlamlıq üçün faydalı ola bilər.

 

“Politfm”