Foto: internet



Qlobal maliyyə elitasının sərvəti görünməmiş sürətlə artmağa davam edir. Son hesabatlara görə, dünyadakı milyarderlərin sayı rekord həddə — 3 302 nəfərə çatıb. Sərvətləri toplam 20.1 trilyon dollar təşkil edən bu şəxslərin aktivləri qlobal iqtisadi artım templərini qabaqlayaraq son bir ildə 25% yüksəlib.

Ekspertlər bu tarixi sıçrayışın arxasında ilk növbədə Amerika Birləşmiş Ştatları və Asiya regionundakı güclü iqtisadi artımın dayandığını bildirirlər.

“Bloomberg” agentliyi qlobal sərvət bölgüsünü izləyən “UBS Group AG” bankının son rəsmi göstəricilərinə istinadən yazır ki, təkcə son bir il ərzində milyarderlər klubunun üzvlərinin sayı 13.1% artıb. Bu, son onilliklərin ən yüksək göstəricilərindən biridir.

Yeni sərvətin yaradılması və kapitalın böyüməsi tamamilə ABŞ və Asiya bazarlarında cəmləşib. Avropa və digər regionlar isə bu yarışda fon rolunu oynayır.

Analitiklər qeyd edirlər ki, milyarderlər klubundakı bu artım dünyada kapitalın sürətlə müəyyən dairədə cəmləşdiyini və qlobal sərvət bərabərsizliyinin yeni, daha kritik bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

 

“Politfm”