Foto: “AZƏRTAC”
Milli Məclisin bugünkü iclasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna dəyişiklik edilib. Yeni qaydalara görə, təklif olunan yaşayış sahələrindən imtina edənlər məcburi köçkün statuslarını itirəcəklər.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün şəxs əvvəl yaşadığı əraziyə qayıtdıqda və ya həmin yaşayış yerinin əvəzinə dövlət tərəfindən mənzillə təmin edildikdə statusunu itirir.
Sənəddə keçid müddəası da nəzərdə tutulub. Bu müddəaya əsasən, qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək.
Dəyişikliyin əsaslandırılmasında bildirilir ki, vətəndaşın yeni yaşayış sahəsi ilə təmin olunması onun mülkiyyət hüququnun bərpası hesab edilir.
Rəsmi məlumata görə, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin, ümumilikdə isə 140 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Azərbaycanda toplam 650 min nəfərin məcburi köçkün statusu var.
“Politfm”



