Kralevo, Serbiya, 28 iyun 2026 (foto: “Reuters”)


Bazar günü minlərlə etirazçı Serbiyanın Kralevo şəhərinin küçələrinə çıxaraq prezident Aleksandar Vuçiçə təzyiqləri davam etdirib. Bir gün əvvəl Vuçiç növbədənkənar prezident və parlament seçkilərinə yol açmaq üçün yaxın həftələrdə istefa verəcəyini açıqlamışdı.

Etirazçıların bir çoxu Vuçiçin istefa qərarını müsbət qarşılasa da, onun hakimiyyətdən tamamilə uzaqlaşacağına inanmır. Analitiklərin fikrincə, Vuçiç hakimiyyəti əlində saxlamaq üçün baş nazir postuna namizəd ola və prezident vəzifəsinə özünə yaxın şəxsi irəli sürə bilər.

“Onun istefa verib hakimiyyəti başqasına təhvil verəcəyini təsəvvür edə bilmirəm” – etiraz aksiyalarında iştirak etmək üçün doğma şəhərinə qayıtmış 41 yaşlı informasiya texnologiyaları mütəxəssisi Marko Cokiç belə deyib (“Reuters”).

Son 12 ildə baş nazir və ya prezident kimi hakimiyyətdə olan Vuçiç 2024-cü ilin sonunda Serbiyanın şimalındakı Novi Sad şəhərinin dəmiryolu vağzalında beton örtüyün çökməsi nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayan və aylarla davam edən tələbə etirazlarıyla üzləşib.

Bu hadisə bir çox serb üçün Vuçiç hakimiyyəti dövründə hökumətin səriştəsizliyinin və korrupsiyanın simvoluna çevrilib. Onun ardınca başlayan etirazlar Slobodan Miloşeviçin devrilməsindən (2000-ci ildə) bəri Serbiyada keçirilən ən genişmiqyaslı aksiyalar hesab olunur.
Vuçiç korrupsiya ittihamlarını rədd edir.

Havanın isti olmasına baxmayaraq bazar günü minlərlə insan Kralevonun mərkəzi meydanına toplaşaraq dinc aksiya keçiriblər. İştirakçlılardan birinin əlində “Tələbələr qalib gəlir” yazılmış plakat olub.

Şimal-şərqdə yerləşən Zrenyanin şəhərindən gəlmiş İliya Kordasiç deyib ki, “Belə davam edə bilməz, nəyisə dəyişmək lazımdır”.

“Bu, sadəcə siyasi mübarizə deyil, xeyirlə şərin qarşıdurmasıdır” – serb dili müəllimi Yelena Daniçiç belə düşünür.

Analitiklər hesab edirlər ki, yaxın həftələrdə hadisələrin inkişafını həm Brüssel, həm də Moskva diqqətlə izləyəcək.

Avropa İttifaqı (Aİ) Serbiyada dinc etirazçılara qarşı güc tətbiqini pisləyib, həmçinin mətbuat azadlığına və məhkəmə hakimiyyətinin müstəqilliyinə qarşı əngəllərlə bağlı narahatlığını ifadə edib.

Aİ-nin şərq sərhədində yerləşən Serbiya bu quruma üzvlüyə namizəd ölkə olsa da, Belqrad Rusiya və Çinlə də yaxından əməkdaşlıq edir. Vuçiç bu münasibətlər arasında diplomatik balans yaratmağa çalışır.

Serbiyanın Aİ-yə üzv olması üçün ölkədə qanunun aliliyinin, azad və ədalətli seçkilərin təmin edilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi tələb olunur. Bundan başqa, Belqrad xarici siyasətini Aİ-nin siyasətinə uyğunlaşdırmalı və 2008-ci ildə müstəqilliyini elan etmiş keçmiş əyaləti Kosovo ilə münasibətləri nizama salmalıdır.

“Politfm”