Foto:

 

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev iyunun 24-də Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş  regional müşavirədə deyib ki, “yerli icra hakimiyyəti orqanları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin inkişaf etdirilməsi, pambıqçılıqda məhsuldarlığın artırılması üçün zəruri olan bütün işləri görməlidirlər”.

Nağdəliyev həmçinin qeyd edib ki, “rayonlar üzrə pambıq əkini nəzərdə tutulan sahələrdə mövcud problemlər sistemləşdirilməli, suvarma kanallarının təmizlənməsi, sahələrədək suvarma şəbəkəsinin çəkilməsi, təsərrüfatlara gedən yolların təmiri və infrastruktur problemlərinin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalı və icrasına nail olmalıdırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, qarşımıza qoyulmuş vəzifələrin icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür”.

Proqram icra olunmayıb?

Komitə sədrinin sadaladığı işlərin siyahısı hələ 9 il bundan əvvəl – 2017-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda da qeyd olunub.

Müddəti dörd il əvvəl bitmiş bu sənəd əsasən əkin sahələrinin artırılmasına fokuslanmışdı deyə, nəticələr də buna uyğun formalaşıb: 2017-ci illə müqayisədə pambıq istehsalı bir neçə dəfə artıb, əkin coğrafiyası genişlənib, emal müəssisələrinin fəaliyyəti bərpa olunub, regionlarda mövsümi məşğulluq artıb.

Sahə üzrə mütəxəssislər qeyd edirlər ki, son illərdə əsas məsələ artıq əkin sahələrinin artırılması yox, məhsuldarlığın, su təminatının və emal zəncirinin səmərəliliyinin yüksəldilməsidir.  Çünki məhsuldarlıq artımı əkin sahələrinin artım tempindən geri qalıb, dəyər zəncirində (iplik, parça, tekstil) əlavə dəyərin böyük hissəsi hələ də ölkə daxilində formalaşmır. Bu baxımdan növbəti mərhələdə əsas prioritet məhsuldarlıq və emal dərinliyi olmalıdır.

Su və enerji təminatı

Hazırda pambıqçılığın inkişafında əsas məhdudlaşdırıcı amil məhz su problemidir.
Pambıq Azərbaycanın ən çox su tələb edən kənd təsərrüfatı bitkilərindən biridir. İqlim dəyişiklikləri, Kür və Araz hövzəsində su ehtiyatlarının azalması, köhnə suvarma şəbəkələri xüsusilə Mil-Muğan və Şirvan-Salyan zonalarında məhsuldarlığa təsir göstərir.

Eyni rayonda məhsuldarlıq göstəriciləri arasında ciddi fərqlər qalmaqda davam edir, suvarma infrastrukturu yenilənən sahələrdə məhsuldarlıq daha sürətlə artır, su çatışmazlığı olan illərdə pambıq istehsalı kəskin fərqlənir.
Bu baxımdan pambıqçılığın gələcək inkişafı daha çox su ehtiyatları üzrə idarəetmənin modernləşdirilməsindən asılıdır.

Texnika parkının yenilənməsi

Son illərdə lizinq mexanizmləri vasitəsilə müasir səpin və pambıqyığan kombaynların sayı artıb. Bunun nəticəsində yığım zamanı itkilər azalıb, yığımın sürəti yüksəlib, əmək xərcləri qismən azalıb.
Amma texnikanın böyük hissəsi iri təsərrüfatlarda cəmləşib, kiçik fermerlər texnikadan əsasən xidmət haqqı müqabilində istifadə edir, bəzi rayonlarda texnika çatışmazlığı mövsümi gecikmələr yaradır.
Doğrudur, texnika təminatı əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşsa da, xidmət şəbəkəsinin genişləndirilməsinə ehtiyac var.

Maliyyə resurslarına çıxış

Dövlət subsidiyaları və güzəştli kreditlər pambıqçılığın genişlənməsində mühüm rol oynayıb. Fermerlərin istehsala marağı artıb, dövriyyə vəsaitinə çıxış yaxşılaşıb.
Amma kiçik fermerlər üçün kredit təminatı hələ də çətindir, faiz subsidiyalarına baxmayaraq maliyyə yükü yüksək qala bilir, sığorta mexanizmləri tam inkişaf etməyib. Maliyyə dəstəyi istehsalın genişlənməsinə kömək etsə də, risklərin idarə olunması mexanizmləri zəifdir.

Kadr potensialı

Pambıqçılıq uzun müddət tənəzzül dövrü keçirdiyinə görə sahədə aqronom və texniki mütəxəssis çatışmazlığı yaranıb.
Müasir aqrotexniki biliklərə malik mütəxəssislərin sayı məhduddur, fermerlərin bir hissəsi hələ də ənənəvi üsullarla işləyir, məhsuldarlıq rayonlar üzrə kəskin fərqlənir. Bu fərqlər kadr hazırlığı və aqrotexniki xidmətlərin keyfiyyətiylə də bağlıdır.

Toxum təminatı

Sahənin ən həssas istiqamətlərindən biri toxum təminatıdır.
Keyfiyyətli toxumların bir hissəsi idxaldan asılıdır, yerli toxumçuluq bazası tam formalaşmayıb, sertifikatlaşdırılmış toxumdan istifadə bütün fermerlər arasında eyni səviyyədə deyil.
Məhsuldarlığın 2024-cü ildəki 30,3 sentnerdən 2025-ci ildə 36,1 sentnerə yüksəlməsi göstərir ki, toxum və aqrotexniki tədbirlərin keyfiyyətində müəyyən irəliləyiş var. Amma beynəlxalq standartlarla müqayisədə məhsuldarlıq potensialı hələ tam reallaşdırılmayıb.

Məhsulun satışı və koordinasiya

Bu istiqamətdə vəziyyət əvvəlki illərlə müqayisədə daha yaxşıdır.
Fermerlər əvvəlcədən alıcı şirkətlərlə işləyirlər, tədarük zənciri formalaşıb, satış riski nisbətən aşağıdır.
Amma bazarın məhdud sayda iri alıcıdan asılılığı qalır, fermerlərin qiymət formalaşmasına təsiri zəifdir, emal və ixrac zəncirində əlavə gəlirin böyük hissəsi fermerlərə çatmır.
Statistika göstərir ki, pambıqçılıq Azərbaycanda artıq böhran mərhələsini geridə qoyub və istehsalda artım yenidən sürətlənib.
Buna baxmayaraq sahənin gələcək inkişafı üçün aşağıdakı istiqamətlər üzrə fəaliyyətlərə böyük ehtiyac var:
– suvarma sistemlərinin modernləşdirilməsi;
– məhsuldarlığın yüksəldilməsi;
– keyfiyyətli toxum bazasının yaradılması;
– aqrar kadr hazırlığının gücləndirilməsi;
– fermerlərin maliyyə və sığorta alətlərinə çıxışının genişləndirilməsi;
– pambığın xammal kimi deyil, daha yüksək əlavə dəyər yaradan tekstil məhsulu kimi emalının artırılması.
Pambıqçılığın uzunmüddətli rəqabət qabiliyyətini məhz bu istiqamətlərdəki irəliləyiş müəyyən edəcək.

“Politfm”