Soldan sağa – Avropa Şurasının prezidenti Antonio Kosta, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen; Ermənistanda Avropa Siyasi Birliyi Zirvəsi, 5 may 2026 (foto: AP)
Avropa İttifaqı Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi idxal məhdudiyyətlərinin təsirini kompensasiya etmək məqsədilə təcili tədbirlər hazırlayır – Ermənistan üçün ticarət məhdudiyyətləri yumşaldıladacaq.
“Financial Times” nəşri bunu dörd məlumatlı mənbəyə istinadən yazıb.
Tədbirlər sırasında Ermənistandan idxal olunan ərzaq və kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumların azaldılması da var. Bu addımlar Rusiya qadağalarının şamil olunduğu təxminən 20 məhsul kateqoriyasının böyük hissəsini əhatə edəcək.
“Nəhayət, fəallaşmaq və onları dəstəkləmək, etibarlı tərəfdaş ola biləcəyimizi göstərmək vaxtıdır” – nəşrin həmsöhbətlərindən biri belə deyib.
“Onların dostlara ehtiyacı var, bizim isə qonşuluğumuzu qorumağa”deyə, o əlavə edib.
Bununla yanaşı, FT-nin iki mənbəsinin sözlərinə görə, Brüssel Moskvanın Ermənistana qarşı ticarət təzyiqini daha da artırmasından narahatdır.
Ermənistana dəstək tədbirləriylə bağlı təkliflərin yaxın bir neçə həftə ərzində təqdim olunacağı gözlənilir.
Avropa Komissiyasının rəsmi nümayəndəsinin müavini Olof Gill bildirib ki, Komissiya Ermənistanın daha çox şirkətinin Aİ bazarında yeni imkanlara çıxış əldə etməsinə kömək etmək və ölkə iqtisadiyyatının ən çox zərər çəkmiş sahələrini dəstəkləmək üçün ticarət tədbirləri təklif edəcək.
“Politfm”



