Foto: “currenttime.tv”



Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ölkədən çıxışına qadağa qoyulub. Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan xəbəri təsdiqləyib. O, hakimiyyətin qərarını “qanunsuz və əsassız” adlandırıb.

Məlumata görə, Koçaryan Zvartnots hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və ona ölkəni tərk etməyə icazə verilməyib (“Radio Svoboda”).
Koçaryan iyunun 14-də öz “Facebook” səhifəsində yazmışdı ki, şəxsi xarakter daşıyan və çoxdan planlaşdırılmış üçgünlük səfərə çıxmağa hazırlaşır. O qeyd etmişdi ki, səfər seçkiqabağı kampaniyanın gərgin qrafikinə görə təxirə salınıb.

Keçmiş prezidentin oğlu Levon Koçaryan “Factor” telekanalına bildirib ki, atası Rusiyaya getməyi planlaşdırırdı.

Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl yaydığı videomüraciətdə demişdi ki, xalq “üçbaşlı mafiyanı diz çökdürməyi, onu məhv etməyi tələb edir və bu qaçılmazdır”.
“AzadlıqRadiosu”nun erməni xidməti yazıb ki, Paşinyanın “üçbaşlı mafiya” adlandırdığı şəxslər siyasi rəqibləri Robert Koçaryan, Samvel Karapetyan və Qaqik Tsarukyandir. Barələrində açılmış cinayət işlərinə görə Karapetyanla Tsarukyanın ölkədən çıxışına qadağa qoyulub.

Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 14-də parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,745 faizini qazanıb. Karapetyanın “Güclü Ermənistan” hərəkatı 23,271 faiz, Koçaryanın “Ermənistan” alyansı isə 9,923 faiz səs toplayıb. Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,989 faiz nəticə göstərib və parlamentə keçə bilməyib.


“Politfm”