Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff (foto:Kent Nişimura/AFP)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff prezident Donald Trampa və administrasiyasının nümayəndələrinə İranın nüvə proqramıyla bağlı güzəştlərə hazır olmasına şübhə etdiyini bildirib.
Bu barədə “Axios” nəşri üç mənbəyə istinadən yazıb.
Onların sözlərinə görə, bu qənaət kəşfiyyat məlumatlarına əsaslanır. Həmin məlumatlar göstərir ki, İran rəsmiləri öz aralarında nüvə sazişiylə bağlı bir cür danışır, vasitəçilərə və ABŞ tərəfinə isə fərqli mesajlar verirlər.
Retkliffin təqdim etdiyi məlumatlar ABŞ dövlət katibi Marco Rubio və müdafiə naziri Pit Heqsetin Tehranın səmimiyyətinə şübhələrini gücləndirib.
Bununla belə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İranla qarşılıqlı anlaşma memorandumu imzalamağın tərəfdarı olublar.
Ağ Evdən “Axios”-a bildirilib ki, Tramp “hər məsələylə bağlı bütün mövqeləri dinləyir, amma hamı anlayır ki, yekun qərarı özü verir”.
Ağ Ev həmçinin vurğulayıb ki, prezident Tehranla yalnız “yaxşı” hesab etdiyi yekun razılaşmanı təsdiqləyəcək.
“Politfm”



