İllüstrasiya: “vietnam.vn”
Dünya Bankı Yaxın Şərqdəki müharibə səbəbindən 2026-cı il üçün qlobal iqtisadi artım proqnozunu 2.5%-ə endirib. Bank bəyan edib ki, əgər enerji tədarükündəki kəsintilər daha ciddi xarakter alsa və maliyyə bazarlarında əhəmiyyətli gərginliklə müşayiət olunsa, artım tempi hətta 1.3%-ə qədər zəifləyə bilər.
Bankın ildə iki dəfə dərc olunan “Qlobal İqtisadi Perspektivlər” (“Global Economic Prospects”) hesabatında qeyd edilir ki, 2025-ci ildə qlobal artım 2.9%-ə çatıb (“Reuters”). 2026-cı il üçün proqnoz isə yanvar ayı ilə müqayisədə 0.1% azaldılıb. Bu, 2019-cu ilin sonlarında başlayan COVID pandemiyasından bəri ən aşağı göstəricidir.
Müharibə səbəbindən bank ölkələrin üçdə ikisinin proqnozlarını aşağı salıb. Ən böyük azalmalar enerji ixracında ciddi zərər görmüş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və digər Yaxın Şərq ölkələrinə aiddir.
Dünya Bankının bu kəskin proqnozu ABŞ və İsrailin fevralın 28-də İrana hava zərbələriylə başlayan müharibənin dördüncü ayına təsadüf edir.
Bu münaqişə Hörmüz boğazının bağlanması səbəbindən enerji qiymətlərinin kəskin yüksəlməsinə yol açıb, qlobal miqyasda inflyasiya təzyiqlərini yenidən alovlandırıb və bir çox ölkələrdə daha sərt pul-kredit siyasətinin aparılacağı gözləntilərini artırıb.
Gübrə qiymətləri də kəskin şəkildə yüksəlib və bu, böyük ərzaq tədarükü böhranıyla bağlı narahatlıqlar yaradır.
Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İrana “çox sərt” zərbə vuracağını açıqlayandan sonra neft qiymətləri təxminən 2 dollar bahalaşıb.
Dünya Bankı öz baza proqnozunda “Brent” markalı xam neftin illik orta qiymətinin 2025-ci illə müqayisədə 36% artaraq 94 dollar olacağını və enerji tədarükündəki ən pis kəsintilərin iyulun sonuna qədər səngiyəcəyini, qlobal inflyasiyanın isə 4% səviyyəsində qərarlaşacağını bildirir.
Hesabatda bildirilir ki, enerji kəsintiləri daha uzun sürərsə və neftin qiyməti bu il orta hesabla 115 dollar təşkil edərsə, artım 2.1%-ə qədər zəifləyə bilər və bu, inflyasiyanı 4.4%-ə yüksəldər.
“Bu risk ssenariləri göstərir ki, enerji və maliyyə təzyiqləri bir-birini gücləndirdiyi təqdirdə proqnozlar nə qədər tez pisləşə bilər” – Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Köse belə deyib.
Hesabata görə, 2027 və 2028-ci illərdə qlobal artımın 2.8%-ə qədər yüksələcəyi gözlənilir. Lakin Dünya Bankının baş iqtisadçısı İndermit Gillin sözlərinə görə, əhalinin artım sürətinin zəifləməsi, özəl investisiya artımının ləngiməsi, dövlət investisiyalarının azalması, dövlət borclarının artması və ticarətdəki zəifləmə kimi bir sıra amillər səbəbindən bu göstərici 2010-cu illərdəki orta göstəricilərdən 0.4% aşağı olaraq qalır.
“Dünya iqtisadiyyatı bu gün 2008-ci və hətta 2018-ci illərlə müqayisədə daha az dayanıqlıdır” deyə, Gill jurnalistlərə bildirib.
Müharibə inkişaf etməkdə olan iqtisadiyyatlara daha ağır zərbə vurub. Qurumun proqnozuna görə, bu il həmin ölkələrdə artım tempi 2025-ci ildəki 4.4%-dən pandemiyadan sonrakı ən aşağı səviyyəyə — 3.6%-ə düşə bilər.
Dünya Bankı ABŞ iqtisadiyyatının 2026-cı ildə 2.2% artacağı barədə proqnozunu dəyişməz saxlasa da, bu göstəricinin 2027-ci ildə 2.1%-ə, 2028-ci ildə isə 2%-ə qədər azala biləcəyini qeyd edib.
Avro zonasının 2025-ci ildəki 1.4%-lik artımdan sonra 2026-cı ildə 0.8% artacağı gözlənilir. Yaponiya ÜDM-nin isə 2025-ci ildəki 1.1%-dən sonra 2026-cı ildə 0.7% artacağı proqnozlaşdırılır.
Çin ÜDM-nin 2025-ci ildəki 5%-lik artımdan sonra 2026-cı il üzrə proqnozu 0.2% azaldılaraq 4.2% səviyyəsində göstərilib.
Ən ağır zərbə Yaxın Şərq ölkələrinə dəyib
Dünya Bankı Yaxın Şərq və Şimali Afrika ölkələri, Əfqanıstan və Pakistan üçün 2026-cı ilə aid əvvəlki ÜDM artımı proqnozunu 2.7% azaldaraq 1.6%-ə endirib. 2025-ci ildə bu göstərici 4% təşkil edib. Amma qurum regionda artımın 2027-ci ildə 5%-ə qədər bərpa oluna biləcəyini qeyd edib.
Bu il BƏƏ-də 2.4% artım olacağı gözlənilir. Bu, yanvar ayındakı 5%-lik proqnozdan və 2025-ci ildəki 6.2%-lik göstəricidən kəskin şəkildə aşağıdır. Dünya Bankı Türkiyənin 2026-cı il üçün ÜDM artımı proqnozunu 0.9% azaldaraq 2.8%-ə endirib.
Qurum Hindistanın dünyanın ən sürətlə böyüyən böyük iqtisadiyyatı olaraq qaldığını bildirib; ölkə ÜDM-nin 2025-ci ildəki 7%-lik artımdan sonra 2026-cı ildə 6.6% artacağı proqnozlaşdırılır.
Gillin sözlərinə görə, Hindistanda artım tempi növbəti iki onillikdə də kifayət qədər yüksək qalacağı gözlənilir.
“Politfm”



