Güclü Ermənistan Partiyası İdarə Heyətinin üzvü Aleksan Aleksanyan (foto: armeniatoday.am”)

 

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki Güclü Ermənistan Partiyası İdarə Heyətinin üzvü Aleksan Aleksanyanı iki ay müddətinə həbs edib.

Bu barədə komitənin açıqlamasında məlumat verilib.

İstintaqın versiyasına görə, o, insanlara mitinqlərdə iştirak etmələri üçün pul ödəyib. Aleksanyana həmçinin xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamı da irəli sürülüb.

Bu, son həftələrdə Ermənistan hüquq-mühafizə orqanlarının açıqladığı onlarla oxşar epizoddan biridir.

Hüquq müdafiəçisi Daniel İoannisyan bildirib ki, aparılan araşdırmaların miqyası indiyədək görünməmiş səviyyədədir. Onun sözlərinə görə, fevral-may aylarında Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təxminən 60 cinayət işi açıb, 100-dən çox şəxs saxlanılıb (“Jamnews”).

İoannisyan əlavə edib ki, son bir neçə ay ərzində Ermənistanda seçicilərin ələ alınmasıyla bağlı aşkarlanan faktların sayı əvvəlki 30 ilin ümumi göstəricisini üstələyib.


“Politfm”