Ukrayna dronları forumun keçirildiyi ərazidən təxminən 16 kilometr aralıdakı obyektləri vurub (foto: AFP/”Getty Images”)

 

 

Bu gün – iyunun 3-də səhər saatlarında Ukrayna dronları Sankt-Peterburqda enerji müəssisələrinə və hərbi obyektlərə zərbələr endirib. Hücumlar xarici qonaqların Rusiyanın əsas iqtisadi forumuna toplaşmasından cəmi bir neçə saat əvvəl baş verib. Hadisə Rusiya Prezidenti Vladimir Putin üçün ciddi reputasiya zərbəsi hesab olunur.

Rusiya hava hücumundan müdafiə sistemlərinin işə düşməsinə baxmayaraq bir neçə uaqmənzilli dron neft anbarlarına çata bilib. Güclü partlayışlar baş verib, yanan neft terminalından qalxan qatı tüstü şəhər səmasında görünüb (“The Guardian”).

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov bildirib ki, hücumların əsas hədəfi Kirovski və Krasnoselski rayonları olub. Ukrayna həmçinin Leninqrad vilayətində yerləşən Kronştadt hərbi-dəniz bazasına və gəmiqayırma müəssisəsinə də zərbə endirib. Burada Rusiyanın Baltik Donanması yerləşir. Məlumatlara görə, bəzi gəmilər zədələnib.

Hava hücumu Kreml üçün xüsusilə həssas məqamda baş verib. Hücuma məruz qalan obyektlər Vladimir Putinin cümə günü proqram xarakterli çıxış edəcəyi – Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçirildiyi məkandan təxminən 16 kilometr məsafədə yerləşir. Çərşənbə günü açılış mərasiminə gələn qonaqlar şəhəri tüstü içində görüblər. Pulkovo hava limanının müvəqqəti bağlanması səbəbindən bəzi iştirakçılar tədbirə vaxtında çata bilməyiblər.

“Rusiyanın Davosu” adlandırılan üçgünlük sammitə 130 ölkədən təxminən 20 min qonağın qatılacağı gözlənilir. İştirakçılar arasında Almaniyanın keçmiş kansleri Gerhard Şröder, amerikalı media təmsilçisi, sağşı Kendis Ouens və Teyt qardaşları da var.

ABŞ Prezidenti Donald Tramp foruma Rodni Mims Kukun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti göndərib. Ağ Evin bal zalının genişləndirilməsi layihəsinə nəzarət edən Kuk ABŞ Gözəl Sənətlər Komissiyasının sədridir. Qonaqlar arasında keçmiş Hollivud aktyoru və Putin tərəfdarı Stiven Siqal da var.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb ki, hücum Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi “uzunmüddətli sanksiyalar” strategiyasının növbəti nümunəsidir. Onun sözlərinə görə, dronlar Rusiyanın ərazisində yerləşən mühüm obyektləri, o cümlədən Sankt-Peterburqdakı neft terminalını, Kronştadt bazasını və Tambov vilayətindəki silah istehsalı müəssisəsini vurub.

Zelenski qeyd edib ki, Baltik dənizi sahillərində yerləşən, Rusiyanın ən böyük neft terminallarından biri olan bu obyekt Ukrayna sərhədindən təxminən 1100 kilometr uzaqlıqda yerləşir.

“Əsgərlərimizə dəqiqliklərinə görə təşəkkür edirəm. Ukraynanın uzunmüddətli sanksiyalar planı sülhü yaxınlaşdırmaq üçün məhz lazım olduğu şəkildə həyata keçirilir” deyə, o əlavə edib.

Ukrayna rəsmiləri hücumların videogörüntülərini də yayıblar. Kadrlarda dronların Sankt-Peterburq səmasında uçduğu görünür. 
“Sankt-Peterburq Forumu Ukraynanın zərbələrindən sonra yüksələn gözəl qara tüstü sütunuyla açılır” – Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko sosial şəbəkədə belə yazıb.

“Politfm”