General Aleksus Qrinkeviç (foto: “Radio Svoboda”)
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı bu gün bəyanat yayaraq bildirib ki, Amerika NATO Qüvvələr Modelində iştirakını azaldır.
Bəyanatda vurğulanır ki, ABŞ NATO Qüvvələr Modelinə (NATO Force Model) verdiyi töhfəni Milli Müdafiə Strategiyasının yeni redaksiyasında nəzərdə tutulan “yükün ədalətli bölüşdürülməsi” siyasətinə uyğunlaşdıracaq.
Qeyd olunur ki, bu təşəbbüsün məqsədi Avropanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə qarşı ənənəvi (yəni nüvə silahıyla bağlı olmayan) müdafiədə məsuliyyəti öz üzərinə götürməsini təmin etməkdir.
NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Komandanı və eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri olan Aleksus Qrinkeviç bildirib ki, NATO Qüvvələr Modelinin Amerika hərbi qüvvələrindən “sağlam olmayan dərəcədə asılılığı” çox uzun müddət davam edib.
“Prezident Tramp, nazir Heqset və digər rəsmilər açıq şəkildə bildiriblər ki, bu vəziyyət dəyişməlidir və dəyişəcək” deyə, o əlavə edib.
Qrinkeviç qeyd edib ki, hərb səhnəsində eyni vaxtda müxtəlif münaqişələrin baş verməsi məhz belə bir dəyişiklik tələb edir.
“Politfm”



