Foto: internet
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin yanvar-aprel ayları üzrə göstəricilərini açıqlayıb.
Sənədə əsasən, ilk dörd ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
İxrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.
Aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (92,9 milyon ABŞ dolları) ikinci, mis filizləri (87,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Rusiya Federasiyasına 306,6 milyon ABŞ dolları, Türkiyəyə 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərdir: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AGRARCO” MMC, “Baku Steel Company” QSC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına “SOCAR POLYMER” MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, “Socar Cape” MMC, “Naxçıvan Enerji” MMC.
2026-cı ilin yanvar – aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 8,7 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 milyon ABŞ dolları ilə Lüksemburq, 381,1 min ABŞ dolları ilə Türkiyə, 370 min ABŞ dolları ilə Pakistan, 187,2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın ümumi ixracının hələ də böyük hissəsini (təxminən 85-90%-ni) xam neft və təbii qaz təşkil edir. Qeyri-neft sektorunun payı isə hələ də kiçikdir.
Ölkəyə daxil olan qeyri-neft valyutası (ilin ilk 4 ayında 1.1 milyard dollar), ölkədən qeyri-neft məhsullarının idxalı üçün xaricə gedən valyutanın həcmindən xeyli azdır. Yəni Azərbaycan hələ də ixrac etdiyindən daha çox qeyri-neft məhsulu idxal edir.
Qeyri-neft ixracımızın böyük hissəsi hələ də 1-2 əsas bazardan (Rusiya və Türkiyə) asılıdır. Məsələn, aqrar məhsulların böyük hissəsi Rusiyaya gedir. Bu bazarlarda yaranan hər hansı iqtisadi və ya siyasi dalğalanma birbaşa bizim ixracatçılara təsir edir.
Amma ölkənin neftdən asılılığını aradan qaldırmaq və iqtisadi təhlükəsizliyi tam təmin etmək üçün bu rəqəmin illik miqyası gələcəkdə mütləq şəkildə böyüməlidir.
“Politfm”



