Kiyev raket və dron zərbələrindən sonra, 2 iyun 2026 (foto: “Reuters”)
Rusiya Ukraynaya çox sayda dron və raket zərbələri endirib. 18 nəfər ölüb, azı 100 nəfər yaralanıb. Kiyevdə altı nəfərin öldüyü, 60 nəfərin yaralandığı; Dneprdə isə 12 nəfərin həlak olduğu açıqlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ötən gecəki hücum zamanı 73 raket və 600-dən çox dron buraxıb. O, yenidən Vaşinqtonu Ukraynaya “Patriot” hava hücumundan müdafiə raketləri göndərməyə çağırıb. Məqsəd Kiyevin tükənməkdə olan ehtiyatlarını bərpa etməkdir.
“Bu, genişmiqyaslı hücum idi. Rusiya son dərəcə aydın mesaj verir: əgər Ukrayna ballistik və digər raket hücumlarından qorunmasa, bu hücumlar davam edəcək” – Zelenski özünün “Telegram” kanalında belə yazıb.
O, genişmiqyaslı hücum ehtimalı barədə bir gün əvvəl xəbərdarlıq etmiş, ənənəvi axşam videomüraciətində demişdi ki, “Rusiyanın hava hücumuyla bağlı kəşfiyyat xəbərdarlıqları qüvvədə qalır. Kütləvi hücum ola bilər. Onlar buna hazırlaşıblar”.
Kreml isə bildirib ki, Ukrayna ordusunun mülki şəxslərə qarşı “qeyri-insani terror aktları”ndan sonra müharibə yeni mərhələyə daxil olub. Moskva ötən həftə Ukraynaya “sistemli zərbələr” endirəcəyilə bağlı xəbərdarlıq etmiş və əcnəbiləri Kiyevi tərk etməyə çağırmışdı.
Zelenski ötən həftə ABŞ Prezidenti Donald Trampa və Konqresə məktub göndərərək əlavə HHM sistemləri istəyib. Rəsmilərin sözlərinə görə, iyunun 1-dək bu müraciətə cavab verilməyib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa tərəfdaş ölkələri Ukraynaya hərbi dəstək göstərməyə və Rusiyaya təzyiq göstərmək üçün konkret addımlar atmağa – daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
“Sülh səyləri o zaman uğurlu olacaq ki, Moskvaya real təzyiq göstərilsin”, – Siqiba “X” platformasında belə yazıb.
Rusiya bazar ertəsi yerli vaxtla saat 18:00-dan başlayaraq Ukraynaya 73 raket və 656 dron buraxıb.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri öz “Telegram” kanalında məlumat verib.
Bildirilir ki, 40 raket və 602 dron vurulub və ya zərərsizləşdirilib; hücumun əsas hədəfi paytaxt Kiyev olub, ölkə boyu 38 obyektə ziyan dəyib.
Ukrayna da Rusiyaya dron zərbələri endirib. Krasnodar vilayətində yerləşən İlski neft emalı zavodu dron hücumu nəticəsində yanmağa başlayıb. Bu barədə məlumatı yerli hakimiyyət orqanları yayıb.
Rusiyanın işğal altında saxladığı Krımın Sevastopol şəhərində hava hücumundan müdafiə sistemlərinin dron hücumlarını dəf etdiyi bildirilib.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə 2022-ci ilin fevral ayında başlayıb. Münaqişənin dayandırılması üçün diplomatik səylər nəticəsiz qalıb.
“Politfm”



