Foto: AFP

İran İslam Respublikasıyla danışıqlar sürətlə davam edir.
ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasındakı paylaşımında belə yazıb.

O, “NBC News”-a dünənki açıqlamasında bildirmişdi ki, İran danışıqları dayandırmaqla bağlı Vaşinqtona rəsmi məlumat verməyib. Amma CNBC-yə müsahibəsində Tramp bu məsələyə belə münasibət bildirib:
“Doğrusu, vecimə deyil. Heç vecimə də deyil”.

İranın “Tasnim” xəbər agentliyinin dünən – iyunun 1-də yaydığı xəbərə görə, rəsmi Tehran vasitəçilərin qarşılıqlı təklif mübadiləsində iştirakını dayandıracağını bəyan edib və bunu İsrailin Livanda İranın dəstəklədiyi “Hizbullah” silahlı qruplaşmasına qarşı hücumları gücləndirməsiylə əlaqələndirib.

Bu xəbərdən sonra neftin bir barelinin qiyməti 5 dollardan çox artıb.

İran Xarici İşlər Nazirliyi İsraili atəşkəsi pozmaqda ittiham edib və yaranmış vəziyyətin nəticələrinə görə Vaşinqtonun məsuliyyət daşıdığını vurğulayıb.

Tramp daha sonra “Truth Social” platformasında yazıb ki, həm İsrailin Baş naziri Binyamin Netanyahuyla, həm də üçüncü tərəf vasitəsilə “Hizbullah”la danışıqlar apardığını bildirib; qeyd edib ki, “İsrail onlara, onlar da İsrailə hücum etməyəcəklər”.

Həftəsonu ABŞ qüvvələri İran hədəflərinə “özünümüdafiə məqsədli” hücumlar reallaşdırdığını, İransa Küveytdəki ABŞ bazasına zərbə endirdiyini açıqlayıb. Son zərbələrə baxmayaraq, aprelin 8-də əldə edilmiş atəşkəs ümumilikdə qüvvədə qalır.

Tehran Vaşinqtonu bu razılaşmanı pozmaqda ittiham edir. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi iyunun 1-də keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, “ABŞ bu səhər də daxil olmaqla, atəşkəsi pozmağa davam edir”. O, Tehranın milli təhlükəsizliyi qorumaq üçün bütün addımları atacağını bəyan edib.

Bəqayi ABŞ ilə təmasların davam etdiyini, amma bunun son dərəcə böyük şübhə və pessimizm şəraitində baş verdiyini vurğulayıb: “Qarşı tərəf davamlı olaraq mövqeyini dəyişir, yeni, yaxud bir-birinə zidd tələblər irəli sürür”.

“Axios” nəşrinin 30 may tarixli məlumatına görə, hazırlanan saziş layihəsi atəşkəsin 60 gün uzadılmasını, Hörmüz boğazının açılmasını və nüvə danışıqlarının bərpası üçün çərçivə yaradılmasını nəzərdə tutur. Diplomatik irəliləyiş əldə olunarsa, sanksiyaların yumşaldılması qarşılığında İran dondurulmuş milyardlarla dollar vəsaitinə yenidən çıxış əldə edə bilər.

“Tasnim” isə yazıb ki, İran və onun Yəmən, Livan və İraqdakı şiə müttəfiqlərini birləşdirən “Müqavimət oxu” Hörmüz boğazını tam bağlamaq niyyətindədir. İsraili və onun tərəfdarlarını cəzalandırmaq üçün Bab əl-Məndəb boğazı da daxil olmaqla, digər cəbhələrin də aktivləşdirilməsi nəzərdə tutulur.

 

“Politfm”