Foto: internet



2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında 152 min 197 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Onların 73 min 423 nəfəri qadın, 78 min 774 nəfəri kişidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında belə yazılıb.

Bildirilir ki, 2025-ci ildə ümumilikdə 189 min 386 nəfər işlə təmin edilib, onlardan 69 min 461 nəfəri qadın olub. İşlə təmin edilənlərin qeydiyyatda olanlardan sayca çox olması göstərir ki, agentlik əvvəlki illərdən siyahıda olan və ya qeydiyyata alınmamış şəxsləri də işlə təmin edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il noyabrın 1-nə ölkədə işsizlərin ümumi sayı 278,9 min nəfər, işsizlik səviyyəsi isə 5,2% olub. Bu o deməkdir ki, məşğulluq orqanlarında işsizlərin yarısından bir qədər çoxu – təxminən 54,6%-i faizi qeydiyyata düşüb, digər yarısı isə rəsmi olaraq qeydiyyatda deyil.

Ekspertlər bunun bir neçə səbəbi olduğunu qeyd edirlər; bildirirlər ki, cəmiyyətdə Dövlət Məşğulluq Agentliyi vasitəsilə iş tapmağa inamsızlıq var. Digər tərəfdən, qeydiyyat prosesi mürəkkəb, işsizlik müavinəti almaq şərtləri isə xeyli sərtdir.

Bundan başqa, ölkədə əmək müqaviləsi olmadan, gündəlik və ya mövsümi işlərdə çalışan xeyli sayda insan var. Onlar hüquqi baxımdan işsiz və ya statusu qeyri-müəyyən sayılırlar, amma rəsmi statistikaya daxil edilmirlər.

Eyni zamanda, məşğul sayılan, amma faktiki işsiz olan adamlar da var. Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına görə, pay torpağı və ya kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olan şəxslər avtomatik olaraq məşğul sayılırlar. Amma həmin torpaqdan heç bir gəlir əldə etməyən və şəhərdə iş axtaran minlərlə şəxs var ki, onlar işsiz kimi qeydiyyata düşə bilmirlər.

Bir sıra iqtisadçılar rəsmi statistikanının – 5,2% işsizlik göstəricisinin əmək bazarındakı real vəziyyəti tam əks etdirmədiyini bildirirlər. Onların qiymətləndirmələrinə görə, qeyri-rəsmi məşğulluq, gizli işsizlik, natamam məşğulluq və iş axtarmaqdan vaz keçmiş şəxslər nəzərə alınanda faktiki işsizlik səviyyəsi qat-qat yüksək olur.

Müstəqil ekspertlər işsizlik səviyyəsinin 15–20% aralığında olduğu ehtimal edirlər. Bu, iqtisadi fəal əhalinin sayına (5 milyon 308.1 min nəfər) nisbətdə təxminən 809 min nəfərdən 1 milyon 79 min nəfərədək işsiz deməkdir. Bu halda işlə təmin olunanların sayı işsizlərin təxminən 23,4% və ya 17,5% faizinə bərabər olur.

Beləliklə, işlə təmin olunanların payı işsizliyin hansı səviyyədə qəbul edilməsindən asılı olaraq 17,5%-lə 67,9% arasında dəyişir.


“Politfm”