Foto: CNN



ABŞ Maliyyə Nazirliyi ölkənin 250-ci ildönümü şərəfinə üzərində Prezident Donald Trampın təsviri olan 250 dollarlıq xatirə əskinası çap etməyi planlaşdırır.

Maliyyə Nazirliyinin mətbuat katibi deyib ki, qurum “aktiv qanunvericilik” çərçivəsində “müvafiq planlaşdırma və lazımi araşdırmalar” aparır:

“Əgər bu qanunvericilik təşəbbüsü imzalanaraq qüvvəyə minərsə, BEP böyük dövlətimizin 250-ci ildönümünü layiqincə qeyd edəcək 250 dollarlıq xatirə əskinasının istehsalı üçün proaktiv addımlar atacaq”.

Qanun layihəsini Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Vilson təqdim edib. Onun ofisindən yayımlanan  press-relizdə qeyd olunub ki, layihə Konqresdə ləngiyir və onun qəbul ediləcəyinə dair heç bir sübut yoxdur.

Əslində, ABŞ qanunvericiliyi hələ yaşayan bir şəxsin təsvirini ölkənin pul vahidində əks etdirməyə icazə verilmir. İstisna hal yalnız Konqres tərəfindən təsdiqlənməlidir.

Maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən brifinqdə CNN-nin müxbiri Keytlan Kollinzə deyib ki, Trampın şəklinin xatirə əskinasında yer almasında “qeyri-adi bir şey” görmür, amma əskinasın reallığa çevrilməsi Konqresdən asılıdır.

“Washington Post” qəzetinin yazdığına görə, təklif olunan dizayn Kentukkidən olan respublikaçı konqresmen Endi Barrın yanvar ayında “X” platformasında paylaşdığı dizayna bənzəyir. Həmin rəsmdə ABŞ bayrağının rəngləri, “250” loqosu və prezidentin ciddi görünüşlü bir portreti və imzası əks olunub.

 

“Politfm”