Foto: “ru.themoscowtimes.com”
Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayandan bəri təxminən 500 min rusiyalı hərbçi həlak olub. Bu barədə Böyük Britaniyanın Hökumət Kommunikasiya Qərargahının (GCHQ) direktoru Enn Kist-Butler məlumat verib.
GCHQ Britaniyanın elektron rabitəni və siqnalları izləyən kəşfiyyat qurumudur, ABŞ Milli Təhlükəsizlik Agentliyinin analoqu sayılır.
Kist-Butler bildirib ki, GCHQ Britaniyanı birləşdirən sualtı kabellərin və boru kəmərlərinin qorunmasına, həmçinin sabotaj və sui-qəsd cəhdlərinin qarşısının alınmasına fokuslanıb. O qeyd edib ki, hakimiyyət orqanları Rusiyanın Qərb texnologiyalarını qaçaqmalçılıq yoluyla əldə etmək, Qərb sanksiyalarından yayınmaq cəhdlərini pozmağa çalışır.
“Biz Ukraynaya dəstək verməkdə qətiyyətliyik, Putinsə döyüş meydanında geriləyir. Yeni kəşfiyyat məlumatları göstərir ki, münaqişə başlayandan təxminən yarım milyon rusiyalı əsgər öldürülüb” – Krist-Butler belə deyib.
Niderlandın əsas hərbi kəşfiyyat qurumu da keçən ay açıqladığı illik hesabatında Rusiyanın daimi itki sayının 1.2 milyon olduğunu, 500 mindən çox hərbçinin öldürüldüyünü bildirmişdi.
Rusiyanın mühacirətdə fəaliyyət göstərən “Mediazona” və “Meduza” nəşrləri isə açıq mənbələrdəki xəbərlərə və vərəsəlik sənədlərinə əsasən birgə hesablama apararaq bildiriblər ki, 2022-ci ildən bəri 352 min rusiyalı hərbçi həlak olub.
Son vaxtlar Ukrayna qüvvələri yeni dron taktikaları sayəsində Rusiya qoşunlarının irəliləyişini, demək olar ki, dayandıraraq bəzi yerlərdə kiçik ölçüdə əraziləri geri qaytara biliblər.
“Politfm”



