ADNOC loqosunun yanında durmuş BƏƏ vətəndaşı, Ryvays şəhəri, 14 may 2018 (foto: “Reuters”)
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus, Hörmüz boğazından yan keçən yeni neft kəmərinin təxminən 50%-i hazırdır. Bu barədə dünın – mayın 20-də ADNOC-un rəhbəri məlumat verib (“Reuters”).
ABŞ və İsrailin fevralın 28-də başlayan hava zərbələrinə cavab olaraq İran qlobal neft və qaz tədarükü üçün mühüm əhəmiyyət kəsb edən su yolunu öz gəmilərindən başqa bütün gəmilər üçün əsasən bağlı saxlayıb. Bu isə enerji qiymətlərinin və inflyasiyanın kəskin artmasına səbəb olub, həmçinin iqtisadi tənəzzül qorxularını gücləndirib.
Əbu-Dabinin Mətbuat Xidməti ötən həftə yeni “Qərb-Şərq” boru kəməri layihəsi barədə məlumat verib. Bildirilib ki, vəliəhd şahzadə Şeyx Xalid bin Məhəmməd bin Zayed neft nəhəngi ADNOC-a 2027-ci ilə qədər “Fuceyra” limanı vasitəsilə ixrac imkanlarını ikiqat artırmaq üçün kəmərin tikintisini sürətləndirməyi tapşırıb.
Sultan Əl-Cabir “Atlantic Council” şirkətinin canlı yayımlanan tədbirində belə deyib:
“Hazırda dünya enerjisinin həddindən artıq böyük hissəsi hələ də azsaylı dar keçid nöqtələrindən hərəkət edir. Məhz buna görə də BƏƏ on ildən çoxdur ki, Hörmüz boğazından yan keçən infrastruktura investisiya qoymaq qərarına gəlib”.
Gündəlik 1,8 milyon barelə qədər neft nəql edən mövcud Əbu-Dabi Xam Neft Boru Kəməri (ADCOP) BƏƏ-nin Hörmüz boğazı kənarındakı Oman körfəzindən ixracını maksimum dərəcəyə çatdırmaq səylərində mühüm rol oynayıb.
Boğaz üzərində nəzarəti təmin etmək üçün gəmilərə hücum edən İran su yolunun sərhədlərini genişləndirərək bura BƏƏ-nin Oman körfəzi sahillərini də daxil edib. ABŞ isə İran limanlarına blokada tətbiq edib və dar keçidi yenidən açmaq üçün uğursuzluqla nəticələnən əməliyyata cəhd göstərib.
Əl-Cabirin sözlərinə görə, BƏƏ mülki infrastrukturu, o cümlədən ADNOC-un obyektlərini hədəf alan 3000-dən çox raket və dron hücumuna məruz qalıb. Hazırda bu obyektlərdə ziyanın qiymətləndirilməsi davam edir. Tam fəaliyyət gücünün bərpası bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.
Əl-Cabir xəbərdarlıq edib ki, münaqişə sabah bitsə belə, Hörmüz boğazından keçən neft axınının əvvəlki səviyyəyə qayıtması 2027-ci ilin birinci və ya ikinci rübündən tez baş verməyəcək.
“Politfm”



