Foto: “unn.ua”
Rusiya Müdafiə Nazirliyi bu gün – mayın 21-də bəyan edib ki, Belarusda keçirilən nüvə təlimləri çərçivəsində səhra məntəqələrinə nüvə sursatları çatdırılıb.
“Belarus Respublikasının raket birləşmələrinin şəxsi heyətləri “İskəndər-M” operativ-taktiki raket kompleksi üçün xüsusi sursatların qəbul edilməsi, raket-daşıyıcıların həmin sursatlarla təchiz olunması və atışlara hazırlıq işərinin görülməsi üçün təyin olunmuş əraziyə gizli şəkildə irəliləmə üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirirlər” – nazirliyin açıqlamasında belə deyilir.
Qurumun Mətbuat Xidməti sursatların daşınmasını əks etdirdiyi iddia olunan videogörüntülər yayıb. RBK-nın yazdığına görə, kadrlarda hərbi texnika kolonları və şəxsi heyətin hazırlığı göstərilir.
Nazirlik mayın 19-da bildirmişdi ki, Belarus ərazisində mayın 21-dək “aqressiya təhdidi şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi” üzrə təlimlər keçiriləcək. Bir gün əvvəlsə bu barədə Belarusun müdafiə Nazirliyi açıqlama vermis, ölkə ərazisində Rusiya hərbçiləriylə birlikdə nüvə qüvvələrinin tətbiqi üzrə məşqlərə başlanıldığını bildirmişdi (“Radio Svoboda”).
Qeyd olunurdu ki, təlimlərə 64 mindən çox hərbçi və 7,8 mindən artıq texnika – 200-dən çox raket qurğusu, 140-dan artıq uçuş aparatı, 73 gəmi və 13 sualtı qayıq cəlb ediləcək.
Bu, Moskva 2023-cü ildə qonşu ölkədə taktiki nüvə silahı yerləşdirəndən sonra Rusiya və Belarus arasında keçirilən üçüncü belə təlimdir. Qiymətləndirmələrə görə, Belarusa onlarla nüvə başlığı gətirilib. Bundan başqa, Rusiyanın nüvə yükü daşıya bilən “Oreşnik” orta mənzilli raket komplekslərinin də Belarusda yerləşdirildiyi bildirilirdi.
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Müdafiə Nazirliyinin açıqlamasından sonra bildirib ki, şimal vilayətlərində gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.
“Görülən tədbirlər Rusiya və Belarusla həmsərhəd ərazilərə cəlb olunan qüvvə və vasitələrin sayı baxımından misilsizdir və düşmənin, eləcə də onun müttəfiqinin istənilən aqressiv hərəkətləri və ya əməliyyatları üçün təsirli çəkindirici amil olacaq. Kompleks tədbirlər Çerniqov, Kiyev, Jitomir, Volın və Rivne vilayətlərinin ərazisində əks-kəşfiyyat və diversiyalara qarşı müdafiə sahəsində genişmiqyaslı qabaqlayıcı addımları nəzərdə tutur” – UTX-nin məlumatında belə deyilir.
“Politfm”



