Almaniya kansleri Fridrix Merzlə Ukrayna prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransı, Berlin, Almaniya, 14 aprel 2026 (foto: “Reuters”)
Almaniya kansleri Fridrix Merz Ukraynaya Avropa İttifaqına tam üzvlükdən əvvəl xüsusi “assosiativ üzvlük” statusu verilməsini təklif edib. “Reuters” məlumatlı mənbələrə istinadən xəbər verir ki, Merz bu barədə Aİ liderlərinə göndərdiyi məktubda yazıb.
Kansler hesab edir ki, bu addım həm Ukraynanın Avropaya inteqrasiyasını sürətləndirə, həm də Rusiya-Ukrayna müharibəsiylə bağlı danışıqlara dəstək verə bilər.
Belə üzvlük Ukrayna rəsmilərinə Aİ sammitlərində və nazirlər səviyyəsində keçirilən görüşlərdə iştirak imkanı yaradacaq. Amma onların səsvermə hüququ olmayacaq. Yəni Ukrayna qərarların qəbulunda yox, müzakirələrdə iştirak edən tərəf statusu qazanacaq.
Merz Aİ ölkələrinin Ukraynaya təhlükəsizliklə bağlı siyasi təminat verməsini də istəyir.
Söhbət Avropa İttifaqının qarşılıqlı yardım mexanizminin Ukraynaya da şamil olunacağına dair siyasi öhdəlikdən gedir. Almaniya kansleri hesab edir ki, bu, Kiyev üçün ciddi təhlükəsizlik zəmanəti yarada bilər.
Ekspertlər hesab edirlər ki, Ukraynanın Avropa İttifaqına yaxınlaşması prezident Volodimir Zelenski üçün də siyasi baxımdan vacibdir. Çünki müharibədən sonra Ukraynanın bütün işğal olunmuş əraziləri geri qaytara bilməyəcəyi və NATO-ya üzv olmayacağı ehtimalı geniş müzakirə olunur. Belə vəziyyətdə Aİ perspektivi mümkün sülh razılaşmasını Ukrayna cəmiyyətinə qəbul etdirmək üçün əsas arqumentlərdən biri ola bilər.
Bununla belə, Avropa rəsmiləri Ukraynanın yaxın illərdə Aİ-yə tam üzv olmasını real hesab etmirlər. Çünki təşkilata qəbul prosesi uzun və mürəkkəbdir. Bu proses hüquqi islahatlar, iqtisadi standartlara uyğunlaşma və 27 üzv ölkənin razılığını tələb edir.
Merzin təklif etdiyi “assosiativ üzvlük” modeli hazırda Aİ qanunvericiliyində mövcud deyil. Təklif olunan variantlardan biri Ukraynaya Avropa Komissiyasında və Avropa Parlamentində səsvermə hüququ olmayan nümayəndəlik verilməsidir.
Merz məktubunda həmçinin qeyd edib ki, bu təşəbbüsdə Ukraynanın müharibə şəraitində olan xüsusi vəziyyətini nəzərə alınır və həm Ukraynanın, həm də Avropanın təhlükəsizliyi üçün vacib addım ola bilər.
“Politfm”



