Foto: “news.am”






Bir neçə maskalı və silahlı şəxs Ermənistanın və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları fonunda video çəkərək Baş nazir Nikol Paşinyanın ünvanına təhqiredici ifadələr səsləndiriblər. “Biz sənin harda gəzdiyini, hansı küçələrdən keçdiyini bilirik. Biz səni öldürəcəyik, Nikol” – onlardan biri belə deyib (“Armenpress”).

Ermənistan mediası həmin şəxslərin Qarabağ ləhcəsində danışdıqlarını iddia edib.

Bu videoçarx paylaşılandan bir neçə saat sonra Ermənistanın İstintaq Komitəsi qətl hazırlanması, kompüter sabotajı, eləcə də silah və sursatın qanunsuz dövriyyəsi əlamətləri üzrə cinayət işi açıldığını açıqlayıb.

“Public Radio of Armenia” nəşri yazıb ki, maskalı şəxslər “ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter şəbəkəsi məlumatlarını qanunsuz şəkildə əldə edərək rabitə vasitələrilə yayıblar”.

İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan “Facebook” sosial şəbəkəsində yazıb ki, videodakı naməlum şəxslər nifrət və dözümsüzlük motivləriylə hərəkət ediblər. O, həmçinin qeyd edib ki, naməlum şəxslər ümumi istifadəyə nəzərdə tutulmayan müəyyən məlumatları ələ keçiriblər.

Politoloq Edqar Arakelyan baş verənləri terrorizm kimi qiymətləndirib və bildirib ki, bu cür addımlar Ermənistan cəmiyyətini və hakimiyyəti qorxutmağa yönəlib (“radar.am”).

Hüquq müdafiəçisi Daniel İoannisyan isə insidenti təşkil olunmuş informasiya təxribatı adlandırıb. Onun fikrincə, məqsəd Dağlıq Qarabağdan olanlarla Ermənistan sakinləri arasında gərginlik yaratmaqdır (“radar.am”).

Müxalif qüvvələrdən bəziləri zorakılıq çağırışlarını pisləyib, bəziləri isə hadisəni şərh etməkdən imtina edib.

“Politfm”