Foto: internet
Dünən – mayın 17-də yağan güclü yağış nəticəsində Bakının müxtəlif ərazilərindəki yolları su basıb, nəqliyyatın hərəkəti çətinləşib, uzun tıxaclar yaranıb. Bəzi yerlərdə su evlərə dolub.
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Statadionunun ərazisi də su altında qalıb.
Rəsmi qurumlar fəsadları yağıntıların normadan artıq olmasıyla izah ediblər.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, Bakı şəhərinin müxtəlif istiqamətlərində, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri həyata keçirilir.
Paytaxt sakinləri eyni problemlə sonuncu dəfə mart-aprel aylarında üzləşmişdilər.
Sosial şəbəkələrdə Bakı küçələrindəki vəziyyətlə bağlı çoxsaylı görüntülər paylaşılıb. Bu fotolarda su basmış küçələr, hərəkətsiz qalmış avtomobillər əks olunub.
Yağış magistratura imtahanına gedən tələbələr üçün də ciddi problemlər yaradıb. Sosial şəbəkələrdə paylaşım edən bəzi tələbələr hava şəraiti və bir sıra yolların bağlanması səbəbindən imtahana gecikdiklərini yazıblar.
Dövlət İmtahan Mərkəzi açıqlama yayaraq bildirib ki, çox gecikməyən şəxslərin imtahanda iştirakına şərait yaradılıb. Amma az sonra bəzi valideynlər və tələbələr sosial şəbəkələrdə yazıblar ki, bir sıra imtahan mərkəzlərində gecikmiş bakalavrları içəri buraxmayıblar.
DİM bu gün – mayın 18-də əlavə açıqlama yayaraq bildirib ki, yağış səbəbindən gecikən tələbələr üçün iyunun 14-də magistraturaya qəbul üzrə təkrar imtahan keçiriləcək.
“Politfm”



