Foto: “Reuters”

 

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ iqtisadi təzyiq və blokada vasitəsilə ölkə daxilində fikir ayrılıqlarını dərinləşdirməyə çalışır. O vurğulayıb ki, belə şəraitdə istənilən daxili bölünmə “düşmənin planının bir hissəsinə çevrilmək” deməkdir (“AzadlıqRadiosu”).

Qalibafın  açıqlaması ABŞ ilə mümkün danışıqlar fonunda İran rəhbərliyindəki fikir ayrılıqları barədə xəbərləri növbəti dəfə gündəmə gətirir.

Beynəlxalq mediada yayılan məlumatlara görə, bu ziddiyyətlər təkcə taktiki deyil, həm də strateji xarakter daşıyır. NDTV qeyd edir ki, İran daxilində əsas mübahisə ABŞ ilə danışıqlarda ümumiyyətlə içtirak edib-etməmək ətrafında gedir. Bir tərəf iqtisadi vəziyyəti sabitləşdirmək üçün dialoqu zəruri hesab etdiyi halda, digər tərəf belə təmasların riskli olduğunu bildirir.

“Axios” daha əvvəl yazmışdı ki, fikir ayrılıqları institusional səviyyədə də özünü göstərir və xüsusilə mülki siyasi rəhbərliklə təhlükəsizlik strukturları arasında daha aydın hiss olunur. Məlumata görə, bəzi hallarda xarici siyasət qərarlarının icrasında koordinasiya problemləri yaranır və bu, vahid mövqenin formalaşdırılmasını çətinləşdirir.

ABŞ ilə danışıqlar mövzusunda bu ziddiyyətlər daha qabarıq şəkildə üzə çıxır. Danışıqlarla bağlı qərarların qəbulu prosesi mürəkkəbləşib. Fərqli güc mərkəzləri arasında yanaşma fərqləri səbəbindən yekdil xətt formalaşdırmaq çətinləşib və bu, həm daxili idarəşilikdə, həm də xarici tərəfdaşlarla münasibətlərdə problemlər yaradır.

“Politfm”