Foto: AP

 


İran  Vaşinqton-Tehran danışıqlarında vasitəçilik edən Pakistan rəsmilərinə müharibənin dayandırılmasıyla bağlı yeni təkliflər təqdim edəcək.

 

Bu barədə CNN məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın bundan əvvəlkiləri rədd etdiyini xatırladan nəşr yazır ki, yeni təkliflər İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiyada Vladimir Putinlə görüşünün təsiriylə formalaşdırılmış ola bilər.

Məlumatlı mənbələr bildirirlər ki, İran rəhbərliyindəki fikir ayrılıqları qərarların qəbulunu xeyli çətinləşdirib.

Tramp dünən – aprelin 28-də özünün “Truth Social” platformasında İran tərəfindən mesaj aldığını yazıb:
“İran indicə bizə çatdırdı ki, faktiki olaraq kollaps vəziyyətindədirlər. Onlar istəyirlər ki, biz Hörmüz boğazını mümkün qədər tez açaq, hələliksə rəhbərlikdəki vəziyyəti həll etməyə çalışırlar (və mən inanıram ki, bunu bacaracaqlar!)”.

İran Hörmüz körfəzi ərazisində onun neftini daşıyan iki kommersiya gəmisinin (“Majestic” və “Tifani”) ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsini “dövlət piratlığı” adlandırıb. Gəmilərdə toplam 3,8 milyon barel neft olduğu bildirilir.

İranın BMT-dəki nümayəndəsi qurumun Təhlükəsizlik Şurasına məktub göndərərək bu hadisəyə reaksiya verilməsini tələb edib. O bəyan edib ki, Tehran “beynəlxalq hüquq çərçivəsində cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.

“Reuters” agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadən yazıb ki, Amerika İranın “kölgə bank sistemi”ndə iştirakda günahlandırdığı 35 fiziki və hüquqi şəxsə sanksiyalar tətbiq edib.
Bildirilir ki, bu şəbəkələr on milyardlarla dolların dövriyyəsinə şərait yaradıb. Onlar sanksiyalardan yayınma, qeyri-qanuni neft ticarəti və regiondakı fəaliyyətlərin maliyyələşdirilməsiylə bağlı əməliyyatlarda iştirak ediblər.

Həmçinin qeyd olunur ki, bu mexanizmlər İran silahlı qüvvələrinə beynəlxalq maliyyə sistemindən istifadə etmək, qanunsuz neft satışlarından ödənişlər qəbul etmək, həssas komponentlər almaq və müttəfiq qruplara vəsait ötürmək imkanı yaradıb. Sanksiya tətbiq edilmiş şəxslərin və şirkətlərin adları hələ açıqlanmayıb.



“Politfm”