Foto: “newsgeorgia.ge”



Gürcüstan Avropa İttifaqına daxil olsa, Moskva ölkəni “dost olmayan dövlətlər” siyahısına salmağa və ona qarşı “müvafiq iqtisadi tədbirlər” tətbiq etməyə məcbur olacaq. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 16-da jurnalistlər üçün keçirilən  brifinqdə belə deyib.

 

Zaxarova əlavə edib ki, bu addım Aİ-nin siyasətinə cavab xarakteri daşıyacaq və Gürcüstan ixracına birbaşa təsir edəcək.

Onun sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlüyü Rusiyanı ölkəyə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə vadar edə bilər. Bu, mineral su, meyvə və şərab daxil olmaqla Gürcüstan məhsullarına təsir göstərə bilər, belə tədbirlər Gürcüstan istehsalçılarına və Rusiya bazarına ixrac həcmlərinə birbaşa zərbə vuracaq.

Zaxarova Aİ siyasətini tənqid edərək Gürcüstanın “əsassız sanksiyalar” tətbiq edən bir ittifaqa qoşulmaq istəyilə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə, Aİ-yə üzvlük milli suverenliyin bir hissəsinin Brüsselə ötürülməsi deməkdir və bu proses iqtisadi faydadan çox siyasi tabeçilik məntiqinə əsaslanır. O, Aİ-nin üçüncü ölkələrə sanksiya və təzyiq vasitəsilə “itaət tələb etdiyini” də iddia edib.

XİN-in sözçüsü bildirib ki, postsovet məkanında sabitliyi pozmaq üçün Gürcüstandan əvvəllər də istifadə edildiyi barədə Rusiya tərəfinin mövqeyi mövcuddur. O, Moskvanın Gürcüstan rəhbərliyi ilə terror təhdidlərinə qarşı əməkdaşlıq əlaqələrinin olub-olmamasını dəqiqləşdirməyib.

Onun sözlərinə görə, Aİ-nin Gürcüstana tələbləri hava nəqliyyatı, viza rejimi və ümumi transport əlaqələrinə təsir göstərə bilər. Bu, Rusiya vətəndaşlarının Gürcüstana səfərlərində məhdudiyyətlər və yük daşımalarında əlavə maneələr yarada bilər. O, həmçinin Rusiyadan Gürcüstana gələn turistlərin sayının ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya turistləri Gürcüstan turizm sektorunda mühüm paya malikdir və bu axın həm iqtisadi artıma, həm də mədəni əlaqələrə töhfə verir. Onun sözlərinə görə, Aİ-yə inteqrasiya çərçivəsində məhdudiyyətlərin sərtləşməsi turizmə və iki ölkə arasındakı ailə və sosial əlaqələrə mənfi təsir göstərə bilər.

O əlavə edib ki, Gürcüstanda hər dörd turistdən biri Rusiyadan gəlir və bu turist axını ölkəyə iqtisadi fayda gətirir. Zaxarovanın fikrincə, Aİ tələbləri turizm sənayesinə ciddi zərbə vura və ailə üzvlərinin qarşılıqlı səfərlərinə mane ola bilər.

Qərbin Gürcüstanın daxili işlərinə müdaxilə etməsi barədə Gürcüstan hakimiyyətinin mövqeyini təkrarlayan Zaxarova iddia edib ki, 4 oktyabr mitinqlərinin təşkilatçılarının məqsədi Gürcüstanda “mariionet rejim” qurmaqdır.

Sonda Zaxarova deyib ki, Aİ-nin digər ölkələrə münasibətində də oxşar yanaşma müşahidə olunur və sanksiyalardan əsas təzyiq aləti kimi istifadə edilir.

“Politfm”