Tramp İsrail və Livan arasında atəşkəs razılaşması əldə edildiyini açıqlayır (foto:”smh.com.au”)

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan rəhbərləri onunla telefon danışığında cümə axşamından cüməyə keçən gecə yarısından etibarən atəşkəs elan etməyə razılaşıblar.

İsrail və Livan liderləri bunu təsdiqləyiblər.

“Mən indicə Livanın yüksək hörmətli prezidenti Joseph Aoun və İsrailin Baş naziri Benjamin Netanyahu ilə çox yaxşı söhbətlər apardım. Bu iki lider ölkələri arasında SÜLH naminə rəsmi olaraq 10 günlük ATƏŞKƏS elan etməyə razılaşıblar” — Tramp özünün “Truth Social” şəbəkəsində belə yazıb.

ABŞ prezidenti qeyd edib ki, atəşkəs ABŞ-nin şərq sahili vaxtı ilə saat 17:00-dan, yəni yerli vaxtla gecə yarısından qüvvəyə minəcək.

Atəşkəs qüvvəyə mindikdən sonra isə Tramp bunları yazıb:
“Ümid edirəm ki, “Hizbullah” bu vacib dövrdə özünü yaxşı və düzgün aparacaq. Belə etsələr, bu onlar üçün MÖHTƏŞƏM an olacaq. Artıq qətllər olmasın. Nəhayət, SÜLH olmalıdır!”

Praktikada bunun necə olacağı hələ ki aydın deyil. “Hizbullah” Livanda ciddi təsirə malikdir, ancaq ölkənin rəsmi güc strukturlarına daxil deyil.
Təşkilat hələlik atəşkəsə əməl etməyə hazır olduğunu bəyan edib, lakin vurğulayıb ki, bu, İsrailin də Livandakı hərbi əməliyyatları dayandırmasından asılı olacaq.

“Politfm”