Foto: internet
2025-ci ilin rəsmi statistikasına əsasən, Azərbaycanda gül idxalında həm kəmiyyət, həm də dəyər baxımından artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 11 ayı ərzində ölkəyə 11,2 milyon ABŞ dolları dəyərində 8,4 milyon ədəd – Ekvadordan 8,1 milyon, Kolumbiyadan 1 milyon, Keniyadan 894 min, İrandan 634 min, Niderlanddan 172 min dollar dəyərində qızılgül idxal edilib. Bu, 2024-cü ilin eyni dövrüylə müqayisədə 20% çoxdur.
Ötən ilin ilk 10 ayında Azərbaycana 2,72 milyon ədəd (Türkiyədən 146,5 min, Çindən 22,8 min dollar dəyərində) qərənfil gətirilib – 2024-cü ilin müvafiq dövrüylə müqayisədə 72% çox.
2025-ci ildə Azərbaycan son 14 ildə ilk dəfə Efiopiya və Gürcüstandan da gül (qızılgül və qərənfil) idxal etməyə başlayıb. 2026-cı ilin yanvar ayında isə Azərbaycana 652 min dollarlıq qızılgül idxal edilib.
İxrac potensialı və idxal asılılığı
Azərbaycan sovet dövründə “gül mərkəzi” adlandırılıb. Abşeronun qızılgülləri və zəfəranı xüsusilə məşhur olub. O dövrdə Bakı kəndləri SSRİ-ni təkcə qərənfil və qızılgüllərlə yox, dekorativ bitkilərlə də təmin edib.
Məsələn, 1980-cı illərdə Bakının Maştağa, Nardaran və Bilgəh kəndləri SSRİ-nin qələnfilə olan ehtiyacının 70-80%-ni ödəyib. SSRİ-nin müxtəlif şəhərlərinə hər il 400-500 milyon ədəd qərənfil göndərilib.
Azərbaycan həm də sənaye əhəmiyyətli güllərin istehsalında öndə olub. Zaqatala rayonunda efir yağları zavodu üçün hər il 500-600 ton qızılgül ləçəyi toplanıb. Bu yağlar hətta Fransaya da ixrac edilib.
Bakı SSRİ şəhərlərinin yaşıllaşdırılması üçün hər il milyonlarla şitil və bəzək kolu tədarük edib. 270 milyon əhalisi olan Sovet İttifaqını güllə təmin edən Azərbaycan hazırda öz tələbatını ödəyə bilmir.
Yerli istehsal niyə rəqabətə cavab vermir?
Mütəxəssislər yerli istehsalın zəifləməsini bir neçə ciddi iqtisadi və struktur amiliylə əlaqələndirirlər.
Səbəblərdən biri enerji və kommunal xərclərin artmasıdır. Sovet dövründə istixanaların qızdırılması üçün istifadə olunan təbii qazın və suyun qiyməti simvolik idi. Müasir istixana təsərrüfatında isə ən böyük xərc maddəsi enerjidir. Yerli istehsalçı yüksək tariflərlə üzləşir. Abşeron yarımadasındakı su problemi də maya dəyərini artırır.
Texnoloji gerilik də əsas səbəblərdən hesab olunur. Köhnə tipli istixanaların (Konstruksiyalar sovet dövründən qalıb) məhsuldarlığı çox aşağıdır. Hollandiya və ya Ekvador texnologiyalarıyla 1 kvadratmetrdə yetişdirilən gül sayı Azərbaycanın ənənəvi metodlarla əldə etdiyi nəticədən bir neçə dəfə çoxdur. Müasir, avtomatlaşdırılmış istixana qurmaq üçün milyonlarla dollar vəsait lazımdır, amma bu, kiçik və orta sahibkarlar üçün əlçatmazdır.
Yerli istehsalçı logistika şərtlərinə görə də qlobal rəqabətə cavab verə bilmir. Bəzi mütəxəssislər idida edirlər ki, gülü Ekvadordan gətirmək onu Bakıda yetişdirməkdən daha ucuz başa gəlir. Qlobal logistika o qədər inkişaf edib ki, bir neçə günə okeanın o tayından gül gətirtmək mümkündür. Üstəlik, Ekvador və Keniya kimi ölkələrdə güllər ilboyu günəş işığı altında, istilik xərci olmadan yetişir. Bu isə daha ucuz istehsal deməkdir.
Toxum və şitil asılılığı da yerli istehsalın qarşısındakı ciddi maneələrdən biridir.
Hazırda Azərbaycanın gülçülük sektoru, demək olar ki, tamamilə xarici genetik materialdan asılıdır.Yerli toxumçuluq və seleksiya bazası zəifləyib. Yetişdirilən “modern” qızılgüllərin şitilləri Hollandiyadan gətirilir.
Torpaqların təyinatının dəyişməsi də istehsal gücünü azaldır salır. Vaxtilə gülçülük mərkəzi olan Abşeron kəndlərində (Maştağa, Nardaran, Bilgəh) torpaqların böyük hissəsi yaşayış sahələrinə çevrilib. Kənd təsərrüfatı üçün yararlı torpaq fondunun azalması istehsal həcmini aşağı salıb.
Kağız üzərində dövlət dəstəyi
“Azərbaycan Respublikasında gülçülüyün inkişafına dair 2018–2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqram bu sahənin elmi əsaslarla qurulmasını, ixracın artırılmasını, yerli tələbatın daxili istehsal hesabına ödənilməsini və xarici bazarlara (xüsusilə Rusiya və Körfəz ölkələrinə) çıxışın genişləndirilməsini nəzərdə tutur.
Sahibkarlığın İnkişafı Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə müasir istixana komplekslərinin qurulması üçün aşağı faizli kreditlər verilir.
İstixanalarda istifadə olunan gübrə və yanacaq üçün dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur. Regional aqroparkların tərkibində gülçülük təsərrüfatlarının yaradılmasına şərait yaradılır. Hollandiya və digər qabaqcıl ölkələrin təcrübəsi əsasında damcı suvarma və iqlimə nəzarət sistemlərinin qurulması dəstəklənir.
Abşeronda həyata keçirilən “Flourishing Absheron” layihəsi çərçivəsində əhaliyə dekorativ və aromatik bitkilər (lavanda və s.) verilib, ailə təsərrüfatlarının inkişafı təşviq olunub. 2021-ci ildə “Gül istehsalçıları və ixracatçıları assosiasiyası” yaradılıb və
Kənd Təsərrüfatı Nazirliyi bu təşəbbüsü dəstəkləyib.
Amma xaricdən gül idxalının ildən-ilə artması göstərir ki, bu tədbirlər sahənin inkişafını təmin etməyib. Nazirlər Kabinetinin 8 il əvvəl hazırladığı proqram həyata keçirilməyib, əksinə, vəziyyət daha da pisləşib. Üstəlik, 4 ildir ki, müddəti bitmiş proqramı yenisiylə əvəzləmək də hökumətin prioritetləri arasında olmayıb.
Bu sahəni necə dirçəltmək olar?
Bir çox mütəxəssislərin qənaətinə və dünya təcrübəsinə istinadən qeyd etmək olar ki, gülçülüyü inkişaf etdirmək üçün ilk növbədə tədqiqat və seleksiya işləri bərpa edilməli, güclü aqrar-elmi baza yaradılmalıdır.
Azərbaycanın iqliminə dözümlü olan yerli qızılgül və qərənfil sortları yetişdirilməlidir. Molekulyar biologiya metodlarından istifadə edərək xəstəliklərə davamlı, daha uzun müddət təravətini saxlayan yeni növlər yaradılmalıdır.
İstixana təsərrüfatları modernləşdirilməlidir. Torpaqsız yetişdirmə üsullarına keçid təmin olunmalıdır. Bu, məhsuldarlığı 3-4 dəfə artıra bilər. Avtomatlaşdırılmış istilik, rütubət və işıqlandırma sistemləri vasitəsilə il boyu istehsal təmin edilməlidir.
Logistika və “soyuq zəncir” qurulmalıdır. Gül çox tez xarab olan məhsuldur, tarladan birbaşa soyuq anbarlara, oradan isə xüsusi maşınlarla bazara çatdırılmalıdır. Bakı və Gəncə hava limanlarında güllərin ixracı üçün xüsusi yaşıl dəhlizlər yaradılmalıdır.
Dövlət dəstəyi və subsidiyalar prioritet olmalıdır. Gülçülük yüksək investisiya tələb edən sahədir. İstixana quran kiçik və orta sahibkarlara uzunmüddətli və aşağı faizli kreditlər verilməlidir. Qış aylarında istixanaların qızdırılması üçün qaz və elektrik enerjisinə xüsusi tariflərin tətbiqi maya dəyərini aşağı sala bilər ki, bu da istehsalçı üçün önəmli stimuldur. Emal sənayesi inkişaf etdirilməlidir. Qida və kosmetika sənayesi üçün xammal bazası yaradılmalıdır.
“Politfm”



