Foto: Alexander Manzyuk/ “Reuters”

ABŞ İranla müharibənin təsirlərini yumşaltmaq üçün, böyük ehtimal, Rusiya neftinə qarşı sanksiyanın dondurulması müddətini uzadır.


Mövzuyla əlaqəli iki mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu gün Rusiyanın sanksiya altındakı neft məhsullarını almağa imkan verən icazənin müddətini uzada bilər.

ABŞ Maliyyə Nazirliyi mart ayının ortalarından etibarən Rusiya nefti və neft məhsullarının dəniz yoluyla alınmasına 30 günlük icazə vermişdi. Bu gün bu müddət başa çatır.
Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Kiril Dmitriyev bildirib ki, bu icazə bazara ilkin olaraq 100 milyon barel Rusiya neftinin çıxarılmasına imkan verəcək. Bu, dünya üzrə bir günlük hasilatın həcminə bərabərdir.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ Maliyyə naziri Skott Bessent dünən – apelin 10-da icazə müddətinin uzadılmasını Ağ Evdə Trampla müzakirə edib və tərəflər bunun məqsədəuyğun addım olduğu qənaətinə gəliblər.

Ağ Evin və Maliyyə Nazirliyinin nümayəndələri hələlik məsələylə bağlı rəsmi açıqlama verməyiblər.

İranla müharibə başlayandan bəri neft qiymətləri kəskin artıb. Bunun əsas səbəbi dünya neft və qaz tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazının qismən bağlanmasıdır.

“Politfm”