Foto: “Facebook”

ABŞ-İsrail-İran müharibəsinin 40-cı günündə tərəflər atəşkəsə razılıq verdilər. Prosesin sonrakı gedişini müzakirə etmək, proqnozlar vermək olar. Amma düşünürəm ki, istənilən müharibədən bütün dövlətlər üçün çıxarılacaq dərslər var. Yəni müharibə təkcə savaşan tərəflər üçün yox, müşahidə edən dövlətlər və xalqlar üçün də önəmli bir təcrübədir.

Viktor Hüqo Volterin ölümünün 100-cü il dönümündəki cıxışı zamanı deyib ki,  sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. Bu möhtəşəm nitqi oxumağı hamıya məsləhət görərdim.

Məncə, bütün müharibələrdən çıxarılacaq nəticə bu olmalıdır – sülhün alternativi yoxdur.

İkincisi, xalqlar fərqində olmalıdırlar ki, idarəçiliyi avantüristlərə, siyasət dəllallarına, şəxsi mənafeyinin əsirinə çevrilənlərə, məsuliyyətini və missiyasını dərk etməyənlərə etibar etmək olmaz.

Üçüncüsü, hər bir dövlət üçün əsas prioritet güclü iqtisadiyyat olmalıdır. İqtisadiyyat şaxəli və dayanıqlı olmalıdır ki, digər sahələrdə güclü ola biləsən.

Dördüncüsü, seçki ənənəsi diri qalmalı, hüquq sarsılmaz olmalı, azadlıqlar məhdudlaşdırılmamalıdır. Belə olanda heç kim özbaşınalıq etməyə, səhv addımlarını cəmiyyətə “uzaqgörən siyasət” kimi yedirməyə cəhd edə bilmir. Cəhd etsə də, dövlətin dayanıqlı dəyərləri onu dayandırmağa imkan verir.

Beşincisi, bir dövlətin hərbi qüdrəti başqa dövlətlər üçün təhdid olmamalı, işğal iştahı yaratmamalı, insanlıq və insanlar əleyhinə çevrilməməlidir.

Altıncısı, heç bir hakimiyyət dövlətin gücündən vətəndaşa qarşı, vətəndaşı susdurmaq üçün yararlanmamalıdır.

Yeddincisi, təhsil sistemi və təhsil siyasəti elə qurulmalıdır ki, ictimai şüur bütün real zamana adekvat olsun, cəmiyyət təfəkkür yetkinliyi nümayiş etdirə bilsin.

Deyə bilərsiz ki, bütün bunları müharibələri müşahidə etmədən də reallaşdırmaq olar və olmalıdır. Elədir. Amma insan oğlu fəlakətləri, faciələri görmədən nəticə çıxarmağa çox da meylli deyil.

Mən bu 40 günlük müharibədə kimin qalib gəldiyini yox, nələrin məğlub olduğunu düşünürəm. Həm də düşünürəm ki, dünya ədalətli, insanpərvər, vicdanlı liderlərin azlığından əziyyət çəkir. Allahı, dini alət edib vətəndaşın hüququnu əlindən alan da; demokratiyanı, hüququ alət edib dəyərləri ayaq altına atan da günahkardır, cinayətkardır.

Daha konkret ifadə etmiş olsaq, hədəfi sülh olmayan bütün müharibələr əxlaqsızlıqdır.

Ümid edək ki, bir gün bəşəriyyət öldürmədən xilas etməyin, dağıtmadan düzəltməyin yolunu tapacaq və hamı bu düstura əməl edəcək.

İlham Hüseyn