İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”proqramı çərçivəsində Ağdam rayonunun Xıdırlı qəsəbəsinə 2025-ci ilin avqust ayından etibarən köçürülmə artıq başlayıb. Birinci mərhələ üçün kəndə 2951 nəfərin köçürülməsi nəzərdə tutulub. Layihəyə əsasən, qəsəbədə birinci mərhələ üçün 719 fərdi ev tikilib. Ümumilikdə isə təxminən 5 min nəfərin mərhələli şəkildə məskunlaşdırılması nəzərdə tutulur. Evlər 2, 3, 4 və 5 otaqlı formatda layihələndirilib, qəsəbədə layihəyə uyğun olaraq məktəb, uşaq bağçası və digər sosial obyektlərin yaradılması planlaşdırılıb.

İllərlə doğma torpaqlarına qayıtmağı gözləyən ailələr üçün yeni evlərin tikintisi mühüm addım hesab olunsa da, köçürülmə prosesi ilə paralel olaraq bu evlərin kənd həyatının reallıqlarına nə dərəcədə uyğun olması ilə bağlı narahatlıqlar var.

Xıdırlıdakı sandart layihə kənd həyatına uyğundurmu?

Xıdırlı qəsəbəsində tikilən evlər vahid layihə əsasında inşa olunub. Bu yanaşma tikinti prosesini sürətləndirsə də, bəzi sakinlər və müşahidəçilər hesab edir ki, standart planlaşdırma kənd həyatının bütün xüsusiyyətlərini nəzərə almır.
Kənd yerlərində yaşayış yalnız evdən ibarət deyil. Həyətyanı sahə, təsərrüfat qurmaq imkanı, kiçik tikililər, mal-qara və quş saxlamaq kənd ailələrinin gündəlik həyatının bir hissəsidir. Xıdırlıda tikilən evlərin planlaşdırılması daha çox şəhər tipli yaşayış massivlərini xatırladır və bu da kənd həyatı üçün imkanları məhdudlaşdırır.
Evlərin ölçüsü və həyətyanı sahələrin genişliyi ilə bağlı narazılıqlar var. Kənd ailələri üçün vacib olan anbar, tövlə, toyuq hini kimi vacib tikililər nəzərə alınmayıb.

Həyətyanı sahələrdə tikinti ilə bağlı məhdudiyyətlər tətbiq edilib

Köçürülmənin ilk mərhələsində sakinlərin həyətyanı sahələrdə əlavə tikinti aparmasına icazə verilmədiyini bildirilirdi. Bu məhdudiyyətlər kənd həyatına uyğun təsərrüfat qurmaq istəyən ailələr arasında narazılıq yaradır.
Sakinlərin uzun müddət davam edən müraciətlərindən sonra müəyyən yumşalmalar tətbiq edilib. Sakinlər həyətyanı sahədə kiçik təsərrüfat tikililəri, o cümlədən toyuq hini, kiçik obyekt və dükan kimi fəaliyyətlərə icazə.ala biliblər.

Kənd iqtisadiyyatı və yaşayış modeli

Kənd yerlərində ailələrin gəliri yalnız əməkhaqqı ilə məhdudlaşmır. Bir çox ailə:
həyətyanı sahədə tərəvəz və meyvə yetişdirir
quşçuluq və kiçik heyvandarlıqla məşğul olur
evinin bir hissəsini kiçik ticarət obyektinə çevirir
Bu baxımdan, yaşayış evlərinin planlaşdırılması kənd iqtisadiyyatının davamlılığına birbaşa təsir göstərir. Ekspertlər hesab edir ki, kənd yerlərində tikilən evlər gələcəkdə genişləndirmə və əlavə tikililər üçün imkan yaratmalıdır.

 

Sosial adaptasiya məsələsi

Qarabağa qayıdış yalnız yeni evlərin tikilməsi deyil, həm də sosial həyatın bərpası prosesi olmalıdır. Uzun illər müxtəlif rayonlarda məskunlaşıb, kənd təsərrüfatı ilə məşğul olan insanlar Xıdırlı tipli qəsəbələrə niyə köçməlidir? Köçdükdən sonra nə ilə məşğul olmalıdır? Həyətyanı sahə yox, əkin üçün torpaq yox. Bu insanlar nəyə əsasən öz təsərrüfatlarını qoyub, qəsəbə tipli evlərdə yaşamalıdır? Bütün bu suallar açıq qalır.
Bəzi mütəxəssislər də hesab edir ki, yeni yaşayış məntəqələrinin planlaşdırılması zamanı sakinlərin həyat tərzi, məşğulluq imkanları və sosial münasibətlər daha geniş nəzərə alınmalıdır. Əks halda, standart layihələr sonradan dəyişiklik ehtiyacları yarada bilər.

Müzakirələr davam edir
Xıdırlı qəsəbəsində məskunlaşma davam etdikcə evlərin praktik istifadəsi ilə bağlı daha çox rəy formalaşır. Mövcud müzakirələr göstərir ki, kənd yaşayış məntəqələrinin planlaşdırılmasında müasir infrastrukturla yanaşı, ənənəvi kənd həyatının xüsusiyyətlərini qorumaq vacibdir.

Politfm.com