Foto: “Reuters”
Mühüm siyasi qərarları, o cümlədən Ukrayna üçün həyati vacib yardım paketlərini bloklayan Macarıstan lideri Viktor Orban aprelin 12-də keçiriləcək seçkilərdə uduzsa, Aİ liderlərinin çoxu buna ancaq sevinər. Amma onlar Orbanın rəqibi seçiləcəyi təqdirdə də Budapeştin mövqeyinin tamamilə dəyişəcəyini gözləmirlər.
Rəy sorğularının bir çoxunun nəticəsi göstərir ki, Baş nazir Orbanın 2010-cu ildən hakimiyyətdə olan millətçi “Fides” partiyası qarşıdakı parlament seçkilərində Peter Madyarın sağ-mərkəzçi “Tisa” partiyasına məğlub ola bilər.
Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri saxlayan, ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqi olan Orban Ukrayna üçün nəzərdə tutulmuş 90 milyardlıq krediti dəfələrlə bloklamaqla Aİ-dəki tərəfdaşlarının narazılığına səbəb olub.
“Bu, səbir kasasını daşıran son damlaydı. Orbanı ağıllı davranmağa razı salmaq ümidimiz artıq yox olub” – Aİ diplomatlarından biri “Reuters” agentliyinə belə deyib.
Aİ-də ümid edirlər ki, Orban hakimiyyətdən getsə, Macarıstan Ukraynaya ayrılmış krediti, zorakılıq tətbiq edən israilli köçkünlərə və Rusiyaya qarşı sanksiyaları bloklamaqdan əl çəkəcək. Amma o, təkrar qalib gəlsə və veto hüququndan istifadəyə davam etsə, Macarıstanı arxa plana sıxışdırmaq cəhdləri ola bilər.
Uzun illər Orbanla birlikdə Aİ sammitlərində iştirak etmiş Krişyanis Karinş (Latviyanın keçmiş Baş naziri) “Reuters” agentliyinə bildirib ki, Aİ ölkələrinin çoxu “hər şeyi əvvəlki kimi davam etdirmək” variantı artıq qəbulolunmaz hesab edir:
“Əgər Orban qalsa, biz iş metodlarımızı dəyişməli olacağıq”.
Macarıstan hökumətinin nümayəndəsi agentliyin bu fikri şərh etməklə bağlı sorğusuna cavab verməyib.
“Hamı ümid edir ki, Orban uduzacaq”
“Reuters” agentliyi Avropanın Macarıstanla münasibətlərinə bələd olan 10-dan çox keçmiş və hazırkı məmurdan aprel seçkilərinin Aİ üçün mümkün nəticələrini soruşub. Üzv dövlətin daxili siyasətinin müzakirəsində adlarının gizli qalmasını istəyən rəsmilərin çoxu Orbanla bağlı məyusluqlarını açıq şəkildə ifadə ediblər.
“Hamı ümid edir ki, Orban uduzacaq” – Aİ diplomatlarından biri belə deyib.
Avropalı rəsmilər çoxdandır ki, Macarıstanda demokratik normaların aşınmasından narahatdırlar. Orbanın icra hakimiyyətini gücləndirməsi, media azadlığını və QHT-lərin fəaliyyətini məhdudlaşdırması, həmçinin Aİ-ni və onun siyasətini gözdən salan kampaniyalar aparması bu narahatlıqların əsas səbəbidir. Amma o, demokratiyanı sarsıtmaq ittihamlarını rədd edir, özünü Avropanın ənənəvi xristian dəyərlərinin liberal elitadan müdafiəçisi kimi təqdim edir.
Orban hökumətinin 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra da Kremllə sıx əlaqədə olması Budapeştlə bir çox Qərb paytaxtları arasında uçurumu daha da dərinləşdirib.
Almaniya kansleri Fridrix Merz keçən həftə bəyan edib ki, Orbanın Ukrayna kreditinə qoyduğu veto müttəfiqlik öhdəliklərinə “kobud sədaqətsizlik” aktıdır və bu, Aİ-nin nüfuzuna və fəaliyyət qabiliyyətinə zərər vurur.
“Müxalifət də qalib gəlsə, “inqilab” olmayacaq”
Brüsseldə bir çoxları ümid edir ki, “Tisa” qələbə çalsa, Budapeştlə münasibətlərdə yeni bir dövr başlayacaq. Bununla belə, müəyyən narahatlıqlar da mövcuddur. Avropa Komissiyası rəhbərinin keçmiş müavini Vera Yourova bildirib ki, Macarıstan müxalifətinin qələbəsi 27 ölkədən ibarət Aİ-də “əsas təhlükəsizlik məsələlərində birlik imkanlarını bərpa edəcək”.
Amma bəzi rəsmilər hesab edirlər ki, Brüsseldə təcrübəli diplomat kimi tanınan Madyar Ukraynanın Aİ-yə üzv olması və miqrasiya kimi məsələlərdə ən skeptik səslərdən biri olaraq qalacaq.
“Mən Macarıstan diasporunun dünyagörüşüylə bağlı illüziyalara qapılmıram. Ehtiyatlı olmalı və çox şey gözləməməliyik. Fərq məzmundan çox tonda olacaq” deyə, digər Aİ diplomatı qeyd edib. Daha bir diplomatsa deyib ki, “Macarıstan Orbanla eyni siyasi ailəyə mənsubdur, heç kim ondan inqilab gözləmir”.
Madyar Macarıstanı Aİ-də və NATO-da möhkəmləndirmək istədiyini bildirib. Eyni zamanda, o, Orbanın qanunlara əməl etməməsi səbəbindən Brüssel tərəfindən dondurulmuş 17 milyard avroluq vəsaitin böyük hissəsini geri almaqda da maraqlıdır.
“Mən Madyarın rəhbərlik edəcəyi hökumətin Aİ -ilə münasibətlərində kəskin dönüş gözləmirəm, amma Brüssellə daha konstruktiv əlaqələr gözləmək olar” – Budapeştdəki “Political Capital” analitik mərkəzinin eksperti Riçard Demeni belə deyib.
Macarıstan partiyasının anonim qalmaq istəyən müşaviri isə bildirib ki, belə bir hökumət Aİ-nin genişlənməsi və miqrasiya məsələlərində həqiqətən də Orban administrasiyasından çox fərqlənməyəcək:
“Amma fərq bundadır ki, Orban bundan Aİ-ni şantaj etmək və Rusiyanın maraqlarını təmsil etmək üçün istifadə edirdi. Biz isə Macarıstanın maraqlarını təmsil edəcəyik”.
“Politfm”



