İran məsələsində ABŞ-nin müttəfiqlərdindən dəstək istəyən, lakin mənfi cavab alan Amerika Prezidenti Donald Tramp “Heç kimin köməyinə ehtiyacımız yoxdur” deyərək NATO üzvlərinin imtinasına sərt reaksiya verib. Senator Lindsey Qraham isə NATO-nun dəyərini müzakirəyə çıxarıb.

ABŞ Prezidenti Donald Tramp İranla müharibə və Hörmüz boğazıyla bağlı dəstək çağırışına müsbət cavab verməyən müttəfiqlərinə qəzəblidir.

Tramp dünən sosial media hesabında “müttəfiq” sözünü dırnaq içində yazaraq bildirib:

“ABŞ bir çox NATO “müttəfiqlərimizin” Yaxın Şərqdə İranın terror rejiminə qarşı apardığımız hərbi əməliyyata qoşulmaq istəmədikləri barədə məlumatlandırılıb”.

“NATO hər zaman birtərəfli münasibət olub”

Tramp qeyd edib ki, bu ölkələr ABŞ-nin addımlarını və İranın nüvə silahına sahib olmamasının vacibliyini dəstəkləsələr də, onların mövqeyi onu təəccübləndirməyib:

“Çünki biz hər il yüz milyardlarla dollar xərcləyərək bu ölkələri qoruyuruq. Mən NATO-nu həmişə birtərəfli münasibət kimi görmüşəm: biz onları qoruyuruq, amma onlar bizim üçün heç nə etmir – xüsusilə ehtiyacımız olan anda”.

Tramp əlavə edib ki, İranın ordusu – donanması, hava qüvvələri, hava hücumundan müdafiə sistemləri və radarları böyük ölçüdə məhv edilib, rəhbərliyinin əksəriyyəti öldürülüb.

“Belə böyük hərbi uğurdan sonra artıq NATO ölkələrinin yardımına nə ehtiyacımız var, nə də bunu istəyirik. Heç vaxt da ehtiyacımız olmayıb. Eyni şey Yaponiya, Avstraliya və Cənubi Koreya üçün də keçərlidir. Dünyanın ən güclü ölkəsinin prezidenti kimi deyirəm – heç kimin köməyinə ehtiyacımız yoxdur” deyə, Tramp əlavə edib.

“Onu heç vaxt belə qəzəbli görməmişdim”

Avropa ölkələrininqərarına reaksiya verənlərdən biri də senator Lindsi Qraham olub. O bildirib ki, avropalı müttəfiqlərin Hörmüz boğazında təhlükəsizliyə dəstək vermək istəməməsi barədə Trampla telefonla danışıb:
“Onu heç vaxt belə qəzəbli görməmişdim. Mən də bu qəzəbi bölüşürəm”.

Qraham vurğulayıb ki, Hörmüz boğazının açıq qalması ABŞ-dən çox Avropa üçün vacibdir. O, Avropalı müttəfiqləri tənqid edərək deyib:
“Onların İranın nüvə silahına sahib olmasının o qədər də narahatlıq doğurmadığını və bunu dayandırmağın bizim problemimiz olduğunu düşünən təkəbbürlü yanaşmaları sadəcə incidici deyil”.

Qraham əlavə edib ki, NATO ölkələrinin məhdud dəstəyi həm Avropa, həm də ABŞ üçün ciddi nəticələr doğura bilər:
“Mən həmişə ittifaqları dəstəkləmişəm. Amma bu çətin dövr bu ittifaqların dəyərini sorğulamağa məcbur edir. Belə düşünən təkcə mən deyiləm”.

ABŞ-nin Hörmüz boğazında dəniz təhlükəsizliyi üçün yaratmaq istədiyi beynəlxalq missiya təklifi bir çox ölkə tərəfindən rədd edilib.

Tramp daha əvvəl demişdi ki, əgər müttəfiqlər dəstək verməsə, bu, NATO-nun gələcəyi üçün “çox pis” olacaq.

Son aylarda Ukrayna müharibəsi və Qrenlandiya məsələsiylə bağlı fikir ayrılıqları NATO daxilində ciddi etimad böhranı yaradıb.
İranla bağlı gərginlik bu şübhələri daha da artırır.

“Politfm”