Martın 12-də Avropa Parlamentində “Elene Xoştariya işi və “Gürcü Arzusu” rejiminin siyasi məhbusları” mövzusunda Gürcüstanla bağlı debatlar keçirilib.
Deputatlar Gürcüstan hökumətinin müxalifətçilərə, jurnalistlərə və vətəndaş fəallarına qarşı həyata keçirdiyi siyasi repressiyalara etirazlarını bildiriblər.
Bundan başqa, avropalı parlamentarilər yekdilliklə qeyd ediblər ki, xarici maliyyələşməni və siyasi fəallığı məhdudlaşdıran son qanunlar, habelə etiraz aksiyası iştirakçılarına qarşı tətbiq olunan zorakılıq və müxalifət liderlərinin həbsləri Gürcüstan hökumətinin qanunun aliliyinə və fundamental azadlıqlara qarşı aşkar sayğısızlığını nümayiş etdirir.
Deputat Rasa Yukneviçiene “Droa” partiyasının lideri Elene Xoştariyanın həbsxanadan göndərdiyi məktubu oxuyub:
“İstəyirəm biləsiniz – mən həbsdə istənilən qədər qalmağa hazıram və şəxsən özüm həbsimə görə dərd çəkmirəm. Bu gün Avropanın Gürcüstanda üzləşdiyi strateji çağırışlara lazımi qədər diqqət ayırmaq daha vacibdir. Siz buna həqiqətən də nail olursunuz. Ola bilsin, Bidzina İvanişvili bizdən bazarlıq üçün girov kimi istifadə etmək istəsin. Biz buna imkan verməməliyik. Mənim məqsədim şəxsi azadlığım deyil, mənim məqsədim – gürcü xalqının azadlığıdır”.
Böyük Britaniya və ATƏT-in digər 23 ölkəsi Gürcüstan hakimiyyətinə müraciət edərək demokratik geriləməni dayandırmağa və ATƏT-in Moskva mexanizmi üzrə tövsiyələrini yerinə yetirməyə çağırıb.
Müracitədə deyilir ki, həmin hesabatda 2024-cü ilin yazından bəri Gürcüstanda baş verən hadisələr ətraflı və obyektiv şəkildə qiymətləndirilib; ATƏT üzvü olan ölkələrin və beynəlxalq birliyin Gürcüstan hakimiyyətinə aydın tövsiyələri yer alıb.
Bundan başqa, hesabatda etirazçılara, jurnalistlərə və siyasi müxaliflərə qarşı zorakılıq edilməsi, günahkarların, demək olar ki, tam cəzasız qalması qeyd olunub; bəzi hallarda saxlanılanlarla işgəncə səviyyəsində rəftar edildiyi bildirilib.
Həmçinin qeyd olunub ki, bir sıra qanunlar, o cümlədən “xarici təsir” haqqında qanun söz və sərbəst toplaşma azadlığını, vətəndaş cəmiyyəti təşkilatlarının və medianın fəaliyyətini məhdudlaşdırır, müxalifət partiyalarını qadağan etmək cəhdləri siyasi plüralizmə təhdid yaradır.
ATƏT ölkələri Gürcüstan hakimiyyətinə bunları tövsiyyə ediblər:
– işgəncə və zorakılıq faktlarını araşdırmaq və günahkarları cəzalandırmaq;
– insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə zidd olan qanunlara yenidən baxmaq və ya onları ləğv etmək;
– müxalifətçilərin və jurnalistlərin həbsinə son qoymaq və siyasi məhbusları azad etmək;
– müxalifət partiyalarını qadağan etmək cəhdlərindən vaz keçmək;
– məhkəmə sisteminin müstəqilliyini gücləndirməklə, ona olan etibarı bərpa etmək.
Bəyanatda vurğulanır ki, Moskva mexanizmi təşəbbüsüylə çıxış edən ölkələr beynəlxalq müzakirələri davam etdirməyə və bu tövsiyələrin icrasına nəzarət etməyə hazırdırlar.
“Politfm”



