2019-cu ilin iyulunda maliyyəçi Ceffri Epşteyn yetkinlik yaşına çatmayanların cinsi istismarı məqsədli insan alverində ittiham olunaraq həbs ediləndə, FTB onun Nyu-Yorkdakı malikanəsində axtarış aparmış, qapısını qırdıqları böyük bir seyfin içində brilyantlar, pul bağlamaları, pasportlar, kompakt disk qovluqları və hard-disklər aşkar etmişdilər.

Amma orderin rəsmiləşdirilməsində problem yarandığına görə FTB əməkdaşları bu əşyaları dərhal götürməmiş, yeni orderlə geri qayıdanda isə seyfin artıq boş olduğunu görmüşdülər.

Epşteynin seyfindəki sənədlər və hard-disklər kimdədir?

FTB sənədlərində qeyd olunur ki, 2005-ci ildən Epşteynin mühasibi və şirkətlərinin idarəçisi olan Riçard Kan malikanə işçilərinə seyfdəki əşyaları iki çamadana yığıb öz evinə aparmağı tapşırıb. Sonradan vəkiliylə məsləhətləşdikdən sonra Kan çamadanları toxunulmamış vəziyyətdə təhvil verməyə razılaşıb, amma əşyaları göstərişi kimin verdiyini açıqlamayıb.

İstintaqa yaxın mənbənin dediyinə görə, Kan Epşteynin cinayət işi ilə bağlı heç vaxt dindirilməyib. Onun vəkili isə BBC-yə bildirib ki, müştərisi FTB ilə əməkdaşlıq edib.

Hazırda Epşteynin mirasının yeganə idarəçiləri Riçard Kan və uzun illər vəkili olmuş Darren İndaykdır; onun bütün sərvətinə, sənədlərinə və qurbanlara ödənilən kompensasiyalara bu şəxslər nəzarət edirlər. Həmin sənədlərin bir hissəsi sorğu əsasında Nümayəndələr Palatasının Nəzarət Komitəsinə təqdim olunub.

Epşteyn fəaliyyətini araşdırarkən Konqres komitəsi hər iki şəxsi ifadə verməyə çağırıb.

Dəyişdirilən vəsiyyətnamə

2019-cu ilin avqustunda – həbsxanada ölümündən cəmi iki gün əvvəl – Epşteyn vəsiyyətini dəyişərək bütün sərvətini xüsusi trasta köçürərək onun idarə olunması hüququnu İndayk və Kana verib.

Onlar vəsiyyətin icraçıları olaraq Epşteynin qurbanlarına ödəniləcək kompensasiyaların məbləğini razılaşdırıblar. Şərtlərdən biri kompensasiya alanların onlara qarşı şəxsi iddia qaldırmamasıydı. Bütün iddialar həll edildikdən sonra hər birinə on milyonlarla dollar qazanc qala bilər.

Epşteynin sərvətinin dəqiq həcmi məlum deyil. Amma qurbanların çoxunu təmsil etmiş “Edwards Henderson hüquq firması”nın hesablamasına görə, o öləndə təxminən 635 milyon dollarlıq sərvəti olub.

Müsahib və vəkil – ən mühüm məlumat mənbələri

Bir məhkəmə iddiasında qeyd edilir ki, İndayk və Kan Epşteynin planlarının həyata keçirilməsində Gisleyn Maksvell (onun həbs edilmiş tərəfdaşı) qədər mühüm rol oynayıblar. ABŞ Konqresinin üzvü Suhas Subramanyam BBC-yə deyib ki, bu iki şəxs Epşteynin fəaliyyətini anlamaq üçün ən mühüm məlumat mənbəyidilər.

Epşteyn tərəfindən zorakılığa məruz qalmış qadınlardan biri BBC-yə deyib ki, İndayk və Kan onun “müəssisəsi” barədə bildiklərini danışmalıdırlar:

“Ceffri təkbaşına bunu edə bilməzdi. Pulun iziylə getsəniz, bu sxemin necə işlədiyini görərsiniz”.

Bütün şirkətlərdə və bank hesablarında imza hüququ

Məhkəmə sənədlərinə görə, İndayk və Kan Epşteynin, demək olar, bütün hesabları üzrə imza hüququna malik olublar, onun çoxsaylı şirkətlərinin və 140 bank hesabının idarəsinə kömək ediblər. İddialara görə, bu şirkətlərdən bəziləri insan alveri əməliyyatlarının həyata keçirilməsi üçün yaradılmışdı.

İndayk və Kan isə hər hansı qanunsuz fəaliyyətdə iştirak etdiklərini inkar edirər. İndiyə qədər onlara qarşı heç bir cinayət ittihamı irəli sürülməyib.

Milyonlarla dollarlıq qonorarlar

Sənədlərə görə, onlar Epşteyndən milyonlarla dollar qonorar və kredit alıblar. Həmçinin Epşteynin qurbanlarına kompensasiyaların ödənilməsində iştirak ediblər və bəzi əcnəbi qadınların ABŞ-də qalması üçün təşkil olunan nikahlara kömək ediblər.

Məhkəmə sənədlərində həmçinin qeyd olunur ki, İndayk və Kan vəsiyyət icraçıları kimi ildə 250 min dollar mükafat ala və hüquqi xərclərini miras hesabına ödəyə bilərlər. Kanın vəkili isə bunun yalnız birdəfəlik ödəniş olduğunu deyir.

ABŞ-nin Vircin adalarında insan alveri və maliyyə fırıldağı iddiası üzrə açılmış məhkəmə işi 2022-ci ildə razılaşma nəticəsində bağlanıb. Razılaşmaya əsasən, Epşteynin varisləri 105 milyon dollardan çox vəsaiti və onun şəxsi adalarından birinin satışından əldə olunan gəlirin yarısını ödəməyə razılaşdılar.

Məcburi nikahlar

2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan bir qızın fahişəliyə cəlb olunmasına görə həbs ediləndən sonra Epşteyn Şərqi Avropadan qadınlar cəlb etməyə başlayıb, bəzi qadınlara ABŞ-də qalmaq üçün amerikalılarla evlənməyi məsləhət görüb.
BBC iki qadının nikah sənədlərini görüb və onlardan biri sonradan zorakılığa məruz qaldığını bildirib.

Məhkəmə sənədlərinə görə, İndayk və Kan ən azı üç belə nikahın təşkilinə kömək ediblər. İddialara görə, Epşteyn qadınları belə nikahlara razı salmaq üçün onları reputasiya və təhlükəsizlik məsələləriylə hədələyib. Hər iki şəxs bu ittihamları rədd edir.

Miras və kompensasiyalar

2020-ci ildə İndayk və Kan Epşteyn qurbanları üçün yaradılmış kompensasiya proqramına daxil olublar. Proqram müstəqil administrator tərəfindən idarə edilib və gözləniləndən iki dəfə çox müraciət daxil olub.

Nəticədə:
• 136 qadına ümumilikdə 121 milyon dollar
• 59 nəfərə isə 48 milyon dollar

məbləğində vəsait ödənilib.

Bəzi qurbanlar kompensasiyadan imtina edərək İndayk və Kana qarşı şəxsi məhkəmə iddiası qaldırdılar. Bu işlər üzrə varislər 35 milyon dollara yaxın kompensasiya ödəməyə razılaşıblar.

Konqresdə ifadə verməzdən əvvəl İndaykın vəkili bildirib ki, müştərisi komitəylə əməkdaşlıq etməyə və Epşteynin cinayətlərində iştirakı olmadığını izah etməyə hazırdır.

Epşteyn qurbanlarından biri isə BBC-yə belə deyib:

“Söhbət bu qədər nəhəng məbləğlərindən gedəndə, pul doğru olanı etmək arzusunu və zərurətini üstələyirmi? Bilmirəm. Mənəvi baxımdan doğru olan nədir – bunu onlar özləri müəyyənləşdirməlidirlər. Ümid edirəm ki, düzgün nəticələr çıxaracaqlar”.

“Politfm”

BBC-nin materialı əsasında