“Novoya qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel medalı “Heritage Auctions” hərrac evi tərəfindən satışa çıxarılıb.

“Meduza” portalına daxil olan press-relizdə deyilir ki, hərrac iyunun 1-də, Uşaqları müdafiə günündə start götürüb.

Pul qoyuluşları əvvəlcə onlayn qəbul ediləcək, iyunun 20-də, Ümumdünya qaçqınlar günündə Manhettendəki “Times Square Center”də isə final satışı baş tutacaq.

Satışdan əldə olunan bütün gəlir Ukraynada və qonşu ölkələrdə müharibədən zərər görən uşaqlara yardım proqramı üçün UNICEF-ə veriləcək.

“Biz “Novaya qazeta”nın redaksiyasında bu barədə çox düşündük və anladıq ki, bizdən daha pis vəziyyətdə olan insanlar var. Bunlar qaçqınlardır. Xəstə ukraynalı uşaqlardır. Onların vəziyyəti bizdən xeyli ağırdır”, – Muratov bildirib və əməkdaşların hamısının Nobel medalını satmaq qərarını dəstəklədiyini vurğulayıb.

Dmitri Muratov 2021-ci ildə “demokratiya və dayanıqlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” Nobel sülh mükafatına layiq görülüb.

Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara başlayandan sonra müharibə barədə nəşr etdiyi məqalələrə görə dövlət tərəfindən xəbərdarlıqlar alan “Novoya qazeta” qapanmaq təhlükəsindən qaçmaq üçün kağız formatında çapı mart ayında dayandırıb.

Xatırlatma

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyat adlandırdığı” genişmiqyaslı müharibəyə başlayıb.

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları – “Donbas Xalq Respublikası”nı və Luqansk Xalq Respublikasını” rəsmən tanıyıb.

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir. (Toplum Tv)