Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens (J.D. Vance) bu gün – fevralın 9-da Ermənistana səfər edib.
O, əvvəlcə Ermənistan prezidenti Vaaqn Xaçaturyanla, sonra Baş nazir Nikol Paşinyanla görüşüb. Ardınca ABŞ və Ermənistanın nümayəndə heyətləri müzakirələri geniş formatda davam etdiriblər.
Günün yekununda mühüm nəticələrindən biri Ermənistan və ABŞ arasında “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi haqqında saziş” (123-cü Saziş) imzalanması olub.
Bu saziş Ermənistana ABŞ texnologiyaları əsasında yeni modulyar nüvə reaktorları inşa etmək imkanı verir. Analitiklər bunu Ermənistanın Rusiyanın enerji asılılığından çıxmasına imkan verəcək ən böyük addım kimi qiymətləndirirlər. ABŞ-la imzalanan nüvə enerjisi sazişi daxili siyasətdə “strateji yol ayrıcında qəti seçim” kimi dəyərləndirilir.
Tərəflər TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) layihəsini də müzakirə ediblər. Vensin açıqlamalarından görünür ki, səfərin əsas məqsədlərindən biri TRIPP layihəsini təşviq etməkdir. Bu layihə regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında quru yolu yaradılmasını hədəfləyir.
Vens bəyan edib ki, TRIPP Cənubi Qafqaza milyardlarla dollar investisiya və stabil sülh gətirəcək. O vurğulayıb ki, ABŞ administrasiyası Ermənistanın müstəqilliyini və suverenliyini dəstəkləyir, amma Azərbaycanla sülhün imzalanması region üçün “həyati əhəmiyyət kəsb edir”.
Vens Yerevandakı “Matenadaran” qədim əlyazmalar institutunu da ziyarət edib, Ermənistanın mədəni irsinin rəqəmsallaşdırılması layihələrilə tanış olub.
Cey Di Vensin İrəvanda keçirdiyi görüşlər Ermənistanın 1 nömrəli gündəminə çevrilib.
“Bu gün burada tarixi hadisə baş verir. Bu ölkəyə səfər edən ilk ABŞ vitse-prezidenti olmağımla fəxr edirəm. Paşinyan bizim mehriban dostumuz və dünaynın bu hissəsində sülh və inkişaf işində əsl müttəfiqimizdir. Biz əminik ki, qurulması gərəkən sülh davamlı olacaq. Bu, yeni iş yerlərinin yaradılması, əlavə investisiyaların cəlbi deməkdir” – Vens belə deyib.
Bu səfər Nikol Paşinyan hökumətinin daxili rəqiblərinə qarşı ən böyük “siyasi qalxanı” kimi qiymətləndirilir. Paşinyan Vensin gəlişini özünün “Qərbə inteqrasiya” siyasətinin ən böyük sübutu kimi təqdim etmək fürsəti qazanıb. Bu səfər hakimiyyətin legitimliyini gücləndirir, xalqa “təhlükəsizlik boşluğunu ABŞ ilə doldururuq” mesajını verir.
Vensin səfərinin “tarixi və simvolik” əhəmiyyət daşıdığını dvurğulayan Paşinyan deyib ki, “Vitse-prezidentlə söhbət zamanı münasibətlərimizin daha da inkişaf etməsi üçün böyük potensial olduğunu vurğuladıq. Bu gün ən yüksək səviyyədəyik, amma qeyd etdiyimiz gündəliyin gerçəkləşməsi əməkdaşlığımızın miqyasını dəfələrlə artıracaq. Biz strateji tərəfdaşlıq qurmuşuq, artıq bu tərəfdaşlığı konkret və görünən şəkildə nümayiş etdirə bilərik”.
Müxalif qüvvələrsə Vensin səfərindən Paşinyanı TRIPP çərçivəsində ölkənin suveren ərazilərini güzəştə getməkdə ittiham etmək üçün istifadə edirlər. Onlar iddia edirlər ki, hakimiyyət ABŞ-nin hərbi və nüvə dəstəyi müqabilində Azərbaycanla kommunikasiya layihələrində gizli öhdəliklər götürüb.
Vensin səfərinin daha bir mühüm nəticəsi Ermənistana 11 milyon dollar dəyərində kəşfiyyat dronları satılacağı barədə sazişdir. Vens bunu Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
ABŞ-nin “Shield AI” şirkətinin “V-BAT” dronları heç bir uçuş zolağına ehtiyac olmadan şaquli qalxa bilən PUA-dır, radio-elektron mübarizə (REM) vasitələrilə, GPS siqnalları kəsildiyi şəraitdə belə avtonom hərəkət edə bilir.
Fevralın 10-da Vens Bakıya gələcək. Ekspertlər bunu Vaşinqtonun hər iki tərəfə mesajı kimi qiymətləndirirlər: iqtisadi rifah və ABŞ-nin dəstəyi sülh müqaviləsindən keçir. Onların fikrincə, bu səfər “Tramp marşrutu” (TRIPP) vasitəsilə Vaşinqtonun regionu yenidən dizayn etmək planının tərkib hissəsidir.
Məqalə “Armenpress” və “Reuters” agentliklərinin xəbərləri əsasında hazırlanıb



