Ana Səhifə Manşet NEFT-QAZ GƏLİRLƏRİ AZALIB

NEFT-QAZ GƏLİRLƏRİ AZALIB

18

2024-cü ilin 10 ayı ərzində 19 milyard 934 milyon 763 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. 2023-cü ilin ilk 10 ayı ərzində isə bu göstərici 26 milyard 633 milyon 463 min dollar olub.
Yəni, bu il Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə gəlirləri 6 milyard 698 milyon 700 min dollar azalıb.
Daha dəqiq desək, xam neft üzrə 1 milyard 23 milyon 47 min dollar, təbii qaz üzrə 5 milyard 423 milyon 458 min dollar azalma var.
İqtisadiyyat neftin, qazın boynunda oturanda, ölkəyə daxil olan maliyyənin miqdarı da neftin, qazın qiymətindən asılı olaraq artır və ya azalır. Artım olanda bunu “uzaqgörən siyasətin nəticəsi” kimi, geriləmə olanda “dünyadakı iqtisadi böhran”, “neftin-qazın dəyər itirməsi” kimi təqdim edirlər. 86,6 min km² -lik ölkəni şirkət kimi idarə edirlər. Bu boyda potensialı dəfn edib, nefti-qazı yaşadırlar. Amma neft-qazın yaşaması da bunlardan asılı deyil. BP-nin 2022-ci ildəki hesabatına görə dünyanın neft-qaz resursu, bugünkü istehlak həcmi saxlanılarsa, 45 ilə kifayət edəcək.
Yürüdülən iqtisadi siyasət təkcə bu günün insanını iflic etmir, həm də sabahın insanını şikəst edir. Böyük pulların qarşılığında gələcək nəsillərə nə miras qoyuruq? Yarımcan kənd təsərrüfatı, xəstə səhiyyə, savadsız təhsil, yetim elm, yaralı iqtisadiyyat, çolaq sənaye və.s
Ona görə də şəhərdə kosmetik gözəllik yaratmaq, tədbirlərə ev sahibliyi etmək, boğazdan yuxarı danışlan inkişaf nağılları bizə təsəlli ola bilməz. O qədər fürsətlər itirilib, o qədər imkanlar gözardı edilib ki, bu məsuliyyətsizliyin əvəzini neft-qazla qapatmaq mümkün deyil.
Nəhəng bir sərvət, gözəl bir ölkə bir qrup adamın tamahına, sevgisizliyinə qurban getdi və gedir.

İlham H