rb və Rusiya arasında Ukrayna rəqabətinin

müqayisəli-tarixi təhlili

Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra bu haqda fərqli baxışları əks etdirən təhlillər və məqalələr yazılmaqdadır. Bu yazılarda müharibəninyaratdığı yeni geosiyasi reallıqları nəzərə almağı faydalı görən, eyni zamandaregional və qlobal miqyasda geosiyasi reallıqların yaranmasını vurğulayan politoloji fikirlər çoxdur. Davam etməkdə olan müharibəyə daha çox yaxın tarixin baza məntiqi nəticələrini təqdim etməklə nəzər yetirməyi vacib hesab edirik. Belə ki, müxtəlif mənbələrə istinad etməklə son 30 ildə Ukraynanın geosiyasi seçim və fəaliyyəti, Rusiya və Qərbin davranışları, həmçinin müharibəyə səbəb olan hərbi-siyasi və geosiyasi münasibətlərin müqayisəli-tarixi metodla əks etdirməyə çalışacağıq.   

Soyuq müharibə bitdikdən sonra  ABŞ-ın “dünyanın lideri” olmaq kimi mövqe sərgiləməsi çətinləşməyə başladı. SSRİ-nin süqutu artıq iki qütblü dünyanın sonunu gətirdi və Amerikanın yeganə və həqiqətən birinci dünyadövlət kimi varlığını bir daha təstiqləmiş oldu. Bundan sonra da Avroasiya həmişəki kimi, ABŞ-ın siyasətində yenə də əsas yerlərdən birini tuturdu. Rəqibi olan SSRİ-nin  süqutu ABŞ üçün sərfəli vəziyyəti yaratdı. 1991-ci ilin dekabrın 8-də Rusiya, Ukrayna və Belarusiya 1922-ci il SSRİ-nin təşkili haqqında İttifaq müqaviləsindən imtina etdilər və MDB-nin (Müstəqil Dövlətlər Birliyinin) yaradılması haqqında saziş bağladılar [11]Lakin SSRI-nin süqutu ilə bağlı Rusiya üçün çətin problemlər yarandı. XX əsrin 90-cı illərinin ortalarına qədər Rusiya hələ özündə güc tapmaqda çətinlik çəkirdi. Byezinski yazırdı ki, “Rusiya böyük geosiyasi təsirə malik olaraq qalır, baxmayaraq ki, hazırda zəifləmiş dövlətdir və ola bilsin ki, xəstəliyi uzun çəkəcək. O, geosiyasi məqsədlər iddiasında üzür, qonşularına gec-tez mühüm təsirini göstərəcəkdir”[1s, 258]

Dünyada sosialist sistemi süquta etdikdən sonra Avropanın mərkəzindəbir boşluq yaranmış oldu. SSRİ-nin varisi olan Rusiya ilk vaxtlar öz daxili problemləri ilə  məşğul olduğuna görə dünyada yeganə  super güc olan ABŞ bu fürsətdən məharətlə istifadə etməyə başladı.  

Qərbin, xüsusilə ABŞ-ın mövqeyi:: Bir çox Amerika siyasətçiləri (Helford Makkinder) “Yerin ürəyi” konsepsiyasını irəli sürürlər. Burada aşağıdakı geosiyasi düstur irəli sürülür: “Şərqi Avropanı idarə edən “Hartlənd” üzərində hökmranlıq edir; “Hartlənd”i idarə edən “Dünya Adası” üzərində hökmranlıq edir; Dünya okeanını idarə edən dünyada hökmranlıq edir”[10]. Ona görə də Şərqi Avropadakı boşluğu doldurmaq ABŞ-ın xarici siyasətində mühüm yer tutmağa başladı. Lakin hərbi cəhətdən bir qədər zəifləsə də, Rusiya regiondaöz geosiyasi məqsədində iddialı olaraq qalırdı.

SSRİ dağıldıqdan sonra Rusiyanın ilkin geosiyasi mövqeyi: “Rusiya 1991-ci ildən sonrakı iki illik vaxtda keçmiş sovet respublikasları ilə olan əlaqələrində daha çox qarşılıqlı hörmət anlayışına görə hərəkət etmişdir” [6.s,178]. İlk əvvəl Yeltsinin mövqeyi belə idi ki, Rusiya Qərb ölkəsidir, Qərbədaha çox söykənməlidir. Onun mövqeyi aşağıdakı nitqində daha çox öz əksini tapmışdı. “Rusiya hər hansı formada yeni imperiyanın mərkəzi olmağa çalışmır. Rusiya başqalarından daha yaxşı başa düşür ki, onun bu vaxta qədər oynadığı rol onu xoşbəxt etməmişdir. Tarix bizə öyrədir ki, başqa xalqları idarə edən xalq özü xoşbəxt ola bilməz” [1. s, 271-272]. (Yeltsinin məhz bu mövqeyinə görə ilk vaxtlar arxayın olan ABŞ və Qərb və bir neçə ildən sonra Ukrayna ilə bağlı gec davrandıqlarını təəsüflə etiraf edəcəklər). “Ancaq 1993-cü ildən sonra Şərqi Avropanın bir anda Qərbə doğru istiqamətlənməsini dərk edən Rusiya üçün hərəkət sahəsi geridə qalan post sovet ölkələri idi. Özünü SSRİ-nin varisi hesab edən Rusiya Federasiyasının 1993-cü ildən sonra həyata keçirdiyi siyasət, onun “keçmişdəki rus xüsusiyyətlərinə dönüş” məqsədində olduğunu aşkar göstərdi” [6. s,176]. “Çox keçmədən Rusiya məsələ qaldırdı ki, dünya onu da ABŞ-la bərabər səviyyədə olan dövlət kimi görməli və dünyada baş verən bütün hadisələrə münasibət onun iştirakı və icazəsi olmadan həll edilməməlidir. Təsadüfi deyildir ki, Yeltsin 1996-cı ilə Çinə Səfər edərkən elan etdi ki, Rusiya və Çin dünyaya diktə edir. Bu barədə açıq danışılmasa da, üstüörtülü bildirildi ki, Mərkəzi Avropa elə bir region olmalıdır ki, heç olmasa siyasi cəhətdən Rusiyaya yaxın olsun.”. [1. s, 271-272]

Pribaltika respublikalarının Rusiyanın nəzarətindən çıxması, onun Baltik dənizindəki mövqelərini itirməsi ilə nəticələndi. Şərqi Avropada dövlətləri dəsürətlə NATO-ya üz tutdular. Xüsusilə Polşa bu məsələdə ön yeri tuturdu. 1993-cü ilin avqustuna qədər Yeltsin hesab edirdi ki, Polşanın NATO-nu tərkibinı qatılması Rusiyanın maraqlarına zidd deyildir. Bununla belə Klinton höküməti bu məsələni  iki il ləngitməli oldu. Lakin iki il ərzində Kreml mövzunu dəyişdirdi, bu hadisələrə düşmən münasibət bəsləməyə başladı. Rusiya 1996-cı ildə ABŞ-ın NATO-nu genişləndirmək məsələsinə qarşı sərt etirazını bildirdi . Lakin artıq gec idi. Rusiya da bu gecikməsi ilə 1993-cü ildəki tarixi imkanı itirmişdir.

Ukraynanın dövlət müstəqilliyinin ilk illərindəki hadisələr: Ukrayna 1991-ci ildən bəri müstəqilliyi tanınsa da, Rusiya tərəfindən müdaxilə edilən ilk dövlət kimi qəbul edilir. Buna baxmayaraq ölkə müstəqillik qazandıqdan sonradərhal Qərblə ilk əlaqələr qurulmağa başlandı. “Ukraynanın NATO ilə rəsmi əlaqəsi Şimali Atlantika Əməkdaşlıq Şurası (daha sonra Avro Atlantik Tərəfdaşlıq Şura ilə əvəzlənmişdir) çərçivəsində 1991-ci ildə başlandı [5,s.220].“SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində bütün çatdırılma vasitələri ilə birlikdə 1700 sovet nüvə başlığı qalmışdı. Lakin Ukrayna yalnız 1994-cü ilə qədər bu statusda qaldı, sonra isə bütün nüvə silahlarını könüllü olaraq Rusiyaya verdi. Nüvə silahlarından imtinaya görə, Ukrayna Budapeşt Memorandumunda təsbit olunmuş yaxşı iqtisadi imtiyazlar, eləcə də təhlükəsizlik zəmanətləri əldə etdi. Üç böyük dövlət – ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın mövcud sərhədlərinə hörmətlə yanaşmağa, BMT-yə qoşulmasına və böhran zamanı kömək etməyə, nüvə hücumundan qorumağa, həmçinin Kiyevə qarşı hər hansı güc tətbiq etməməyə və iqtisadi təzyiq göstərməyəcəklərinə söz verdilər.Kiyevin başqa seçimi də yox idi. Atom silahlarını verməkdən imtina edəcəyi halda, ölkə siyasi baxımdan Qərbdən təcrid vəziyyətinə düşəcəkdi” [14].

Ukrayna ilə regional əlaqələri olan Şərqi Avropa ilə bağlı vəziyyət: SSRİ dağıldıqdan sonra NATO-nun Şərqə doğru genişlənməsinin əleyhdarları olan rus hərbçilərinin və siyasi elitasının çoxu belə hesab edirdilər ki, bu proses ABŞ və onun rəhbərliyi altında olan NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşması deməkdir. Onlar belə güman edirdilər ki, Rusiya yenidən “düzələcək” və Mərkəzi Avropanı yenidən öz geosiyasi nüfuz dairəsinə salacaqdır. NATO-nun Şərqə doğru genişlənməsinə heç cür mane ola bilməyən Rusiya rəhbərliyi, heç olmasa müəyyən imtiyazlar (ilk növbədə NATO-nun qərarları üzərində Veto hüququ) qazanmaq istəsə də buna nail ola bilmədi. ABŞ NATO üzvlüyünə yeni qəbul edilmiş dövlətlərin ərazisində nüvə silahı yerləşdirilməyəcəyinə söz verdi. 1997-ci ilin mayın 27-də Parisdə “Rusiya Federasiyası ilə NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas akt” imzalandı. 

İmzalanmada:

NATO ölkələri bloka daxil olan dövlətlərin ərazisində nüvə silahı yerləşdirməyəcək;

NATO öz hərbi fəallığı məhdudlaşdıracaq;

NATO-nun Avropada silahlanmanın əvvəlki səviyyəsini saxlayacaq, kimiöhdəliklər nəzərdə tutulurdu.

Rusiya Federasiyası bu sənədi imzalamaqla Avropada hərbi-siyasi qüvvələrin yeni nisbəti ilə razılaşmış oldu. Müqavilədəki öhdəliklərə baxmayaraq Qərb öz niyyətində israrlı idi. Belə ki, Rusiya tərəfindən çox sərt qarşılanmasına baxmayaraq 1999-cu ilin martında Macarıstan, Polşa və Çexoslovakiyanın NATO-ya daxil oldular.

Ukrayna ilə bağlı Rusiyanın ciddiləşən mövqeyi: “Rusiya rəhbərliyi Ukraynanın itirilməsinin Rusiya üçün daha ağır olacağının ciddi fərqində idilər. Bu Rusiya üçün böyük geosiyasi uğursuzluq idi. 300 ildən artıq Rusiyanın tərkibində olmuş, etnik və dini baxımdan rus xalqı ilə bağlı olan, sənaye və kənd təsərrüfatı iqtisadiyyatında potensial zənginliyə, 52 milyon əhaliyə (90-cı illərin statistikasına görə) malik Ukraynanın itirilməsi Rusiyanı, həqiqətən, böyük və özünə inanan imperiya dövləti olmaqdan məhrum etdi. Ukraynanın öz müstəqilliyini elan etməsi, həm də Rusiyanı Qara dənizdəki imtiyazlarından da məhrum edirdi. Odessa limanı Qara dəniz ölkələri və bütövlükdə bütün dünya ölkələri ilə ticarətdə Rusiya üçün həyati əhəmiyyətə malik idi. Ukraynanın itirilməsi Rusiyanın geositateji seçimini mahiyyət etibarı ilə məhdudlaşdırırdı”[1. s,270]. Hətta Pribaltika respubilkaları və Polşasız da Rusiya Ukrayna üzərində nəzarətini saxlaya bilsə idi, Avroasiya imperiyasına təsir etmək gücünə malik ola bilərdi. Həmin dövrdə 52 milyon əhalisi olan Ukrayna olmadan isə Rusiya hətta öz tərkibində olan qeyri-slavyan əhalisi ilə mübarizədə acizliyini hər an hiss edirdi. Ukrayna Rusiyanın MDB çərçivəsində hegemonluq iddiasına qarşı çıxır, tamamilə müstəqil siyasət yeridirdi. Rusiyanın imperiya dairələri Ukraynanı asılı vəziyyətə salmaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Ukraynadakı rusdilli əhalini mərkəzi hakimiyyətə qarşı qaldırılır, Krımın Ukraynadan qoparılmasına cəhd edilirdi. Rusiya ilə Ukrayna arasında əsas mübahisə obyekti Qara dəniz donanması, ən çoxu da Sevastopolun statusu barədə idi. Rusiya Sevastopolu və ya heç olmasa, onun bir hissəsini özünün Qara dəniz donanmasının bazası kimi saxlamağa xüsusi cəhdlə çalışırdı. Ukrayna isə Rusiyanın təzyiqinə davam gətirmək üçün ABŞ-la yaxınlaşmağa daha çox meyl göstərirdi[1. s,277]. Ukraynanın öz müstəqilliyini saxlaması tezliklə Qərb tərəfindən müdafiə edilməyə başladı. Qərb, xüsusilə ABŞ geosiyasi nöqteyi-nəzərdən çox mühüm olan müstəqil Ukrayna dövlətinin mövcudluğunun əhəmiyyətini başa düşməkdə geciksələr də 90-cı illərin ortalarında onlar artıq Kiyevin müstəqil olmasının möhkəm tərəfdarlarına çevrildilər. Lakin bu qərar artıq gec idi 1996-cı ilin iyulunda ABŞ-ın müdafiə naziri elan etdi ki, “Mən bütün Avropanın sabit və təhlükəsizliyi üçün Ukraynanın mövcudluğunun əhəmiyyətini əvvəlcədən qiymətləndirməyi bacarmamışam” Bu ifadə onu göstərirdi ki, Qərb Ukrayna məsələsini 90-cı illərin əvvəllərində həll etməli idi. Çünki Rusiya həmin dövrdə az da olsa artıq öz gücünə qayıtmışdır1996-cı ilin sentyabrında isə Almaniyanın kansleri əvvəllər Yeltsini qəti dəstəkləməsinə baxmayaraq bildirirdi ki, “Ukraynanın Avropada möhkəm yer tutduğunu artıq heç kim şübhə altına ala bilməz…Artıq heç kim Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini poza bilməz” [1, s,276]. Məhz bu dövrdən başlayaraq ABŞ-Ukrayna münasibətlərini “stratejipartnyorluq” kimi qiymətləndirmək olar. Həmin dövrdə Qərb analitikləri hesab edirdilər ki, növbəti qarşıdurmanı yumşaltmaq istiqamətindəki ilk addımı da məhz NATO bloku atmalıdır. “The Financial Times” yazır ki, Ukrayna böhranının həlli üçün ABŞ və Avropa İttifaqı öz üzərilərinə yazılı öhdəlik götürə bilərlər ki, “Gələcəkdə Ukraynaya NATO-nun üzvlüyünə qəbul  edilməyəcək”.Belə mövqeyi uzun illərdir “antirusiya birliyinin” əsas ideoloqu kimi tanınan Zbiqnev Bjezinski də dəstəkləyirdi. O, hələ 1997-ci ildə nəşr olunmuş “Böyük şahmat taxtası” kitabında yazırdı: “Ukraynasız Rusiya artıq Avrasiyanın hökmran dövləti deyil. Baxmayaraq ki, Rusiya sonra da imperiya statusuna çalışacaq, Ukraynasız Rusiya isə ilk növbədə Asiya imperiyası olacaq. Lakin, əgər Rusiya yenə Ukraynanı, onun əhəmiyyətli faydalı mədənləri və Qara dənizə çıxışı ilə nəzarət altına götürsə, onda Rusiyanın əlində Avropa və Asiyanı əhatə edən böyük imperiya olması üçün avtomatik vasitə yaranacaq”. Bjezinskinin fikrincə, Ukraynada işlərin hazırkı vəziyyəti elə təhlükəli situasiya yaratmışdır ki, bu gün Ukraynanın NATO-ya üzvlüyünü unutmaq lazımdır: “Ukraynanın köməyə ehtiyacı vardır. Lakin biz rusları inandıra bilərik ki, bizim məqsədimiz onların hərbi təhdid kimi baxdığı, Ukraynanı aldadıb NATO-ya gətirmək deyil. Eləcə də ukraynalıların böyük əksəriyyəti NATO-ya cəhd göstərmir, lakin onlar müstəqil olmaq istəyir. Beləliklə bütün bunlar  siyasi reallıqla tam üst-üstədüşür” [8]. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də hesab edirdi ki, Ukrayna NATO-nun üzvü olmalı deyil: “Qərb başa düşməlidir ki, Rusiya üçün Ukrayna heç vaxt adi xarici dövlət olmayacaq. Əgər Ukrayna yaşamaq və çiçəklənmək istəyirsə, o bir tərəfin digərinə qarşı forpostuna çevrilməməlidir. Ukrayna özünün siyasi və iqtisadi əlaqələrini azad seçmək hüququna malik olmalıdır, o cümlədən də Avropa ilə. Lakin Ukrayna NATO-ya daxil olmamalıdır”. Kissincer xəbərdarlıq edir ki, “əgər bu və ya digər analoji elementlərin əsasında hansısa həll yolu tapılmasa, onda konfrontasiyalara sürüklənmə sürətlənəcəkdir”. Məhz bu kontekstdə həm də ABŞ Prezidenti Barak Obamanın 2014-cü il martın 26-da Brüsseldə verdiyi bəyanatına qiymət vermək olar. ABŞ Prezidenti orada açıq şəkildə bəyan etdi ki, “nə Ukrayna, nə də Gürcüstan NATO-ya üzvlük yolunda deyillər” [4.s,33].

Həm ABŞ və Avropa İttifaqı, həm də Rusiya politoloqları ayrı-ayrılıqda Ukrayna ilə məhz onların ölkəsinin milli və təhlükəsizlik maraqlarının üst-üstə düşdüyünü iddia edir və onunla “hərbi-geostrateji blokda” olmağın zəruriyyətini əsaslandırmağa çalışırlar. Məsələn, ABŞ politoloqu Z.Bjezinskinin “Avrasiya Doktrina”sına görə, Rusiyanın fövqəldövlət statusunu itirərək, adi bir dövlətə çevrilməsi prosesinin əsasında Ukrayna dayanır. Onun fikrinə görə, Rusiyanın hazırda fövqəldövlət statusunu bərpa etməsinə mane olmağın ən optimal yolu Ukraynanın Moskvadan asılılığını aradan qaldırmaq və Kiyevin timsalında Rusiyaya alternativ geostrateji mərkəz formalaşdırmaqdır. Z.Bjezinski öz doktrinasında Ukraynanın ABŞ üçün geosiyasi əhəmiyyətini belə şərh edir: «Müstəqil Ukraynanın yaranması XX əsrin üç vacib geosiyasi hadisəsindən biridir. Çünki müstəqil Ukrayna Rusiya imperiyasının sonu deməkdir» [4. s, 98].

Göründüyü kimi, SSRİ-nin süqutundan sonra Avropada ərazisinə görə ikinci, əhalisinin sayına görə beşinci olan Ukraynanın müstəqillik qazanması nəinki təkcə Avrasiya regionunda ümumi geosiyasi situasiyaya həlledici təsir göstərdi, bu hadisə həm də Rusiya ilə Qərb arasındakı gələcək regional qarşıdurmaların əsas hədəflərindən birinə çevrildi. Amerika politoloqu Barri Pouzenin qeyd etdiyi kimi, “orta miqyaslı müstəqil dövlət statusuna iddia etmək üçün Ukrayna kifayət qədər əhaliyə, sənaye potensialı və xammal resurslarına malikdir”[9].

ABŞ-ın digər tanınmış ictimai xadimi Henri Kissincer də bildirmişdir ki, Ukraynanın ABŞ üçün geosiyasi rolu çox önəmlidir. Onun fikrincə, Rusiya daxili islahatlara start versə də, onun rəhbərlərinin öz qonşularına yönəlik ekspansionist ənənələrdən əl çəkdiyinə ciddi şübhələr hələ də qalır [10.s,748].

“Məlumata görə, XX əsrin sonlarında Ukraynanın Qərb üçün hərbi-geostrateji əhəmiyyətini sübut etmək məqsədi ilə, hətta ABŞ-ın Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində Birləşmiş Ştatların Administrasiyası üçün “Ukraynaya dair xüsusi tövsiyələr” də hazırlanmışdır. Bu sənədin hazırlanmasında, hətta ABŞ-ın 3 sabiq dövlət katibi Madlen Olbrayt, Zbiqnev Bjezinski və Henri Kissincer iştirak ediblər. Layihənin rəhbəri isə Mərkəzin Rusiya və Avrasiyanın tədqiqi proqramının direktoru Selesta Uollander olubdur. Ukraynanın Avropa, Qara Dəniz və Qafqaz regionunun qovuşduğu məkanda yerləşən böyük dövlət olduğunu nəzərə alan sənəd müəllifləri həmçinin qeyd ediblər ki, bu ölkə Avropa ilə Asiya arasında potensial ticarət dəhlizidir. ABŞ-ın Avrasiyada yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması və idarə edilməsi planında da, mütəxəssislərin fikrinə görə, Ukraynaya xüsusi yer ayrılıb. Bundan başqa, NATO-nun «Strateji Konsepsiyası»nın 37-ci maddəsində deyilir ki, Ukrayna Avroatlantik regionda təhlükəsizlik baxımından mühüm rol oynayır, sabitliyin və ümumdemokratik dəyərlərin qorunması baxımından vacib tərəfdaşdır” [3. s403]. 

Getdikcə qarşudurmaya doğru aparılan münasibətlər: Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasət, Qərbin yürütdüyünün tam əksinə olaraqABŞ, NATO, Avropa İttifaqı və digər “yad maraq daşıyıcılarını” Qara dəniz hövzəsi və Ukraynanın ətrafına buraxmamaq, rəsmi Kiyevi tamamilə və bütövlükdə Moskvanın orbitində saxlamaq məqsədi daşıyırdı. Rusiya neçə illər idi ki, öz siyasətini Ukraynanı iqtisadi cəhətdən təsir altında saxlamaq və onun enerji asılılığından istifadə etmək yolu ilə reaallaşdırırdısa, bunun üçün başqa vasitələrdən də etnik separatizmi dəstəkləmək, hakimiyyət böhranını dərinləşdirmək, silahlı müdaxilə və s. istifadə etmişdir. Maraqlıdır ki, Qərbölkələri ilə əlaqələri inkişaf etdirməyk təklifini, 1997-ci ildə Ukrayna əhalisinin cəmi 13,8%-i dəstəkləyirdi. Krımda isə əhalinin əksəriyyəti NATO-nu təcavüzkar blok hesab edirdi. Buna səbəb NATO-nun Yuqoslaviyadakı hərbi əməliyyatları, Belqradı bombardman edilməsi, Serbiyada minlərlə dinc sakini öldürülməsi idi. Həmin dövrdə məhz bu baxımdan heç bir Avropanın təhlükəsizliyi məsələsindən söhbət gedə bilməzdi” [1.s,286].

2008-cı ilin yayında ABŞ-ın Polşa və Çexiyada raketdən müdafiə sistemi yaratmaq cəhdləri, 2008-ci ilin fevralında Kosovanın müstəqilliyini tanıması, Rusiyanın narahatlığına səbəb oldu. Bu narahatlığa səbəb olan digər bir amil dəNATO-nun şərqə doğru genişlənməsi, keçmiş sovet respublikalarını öz sıralarına qatmaq istiqamətindəki davranışlar idi. Diqqətçəkən tarixi məqam, Rusiya ilə qarşıdurmanın kəskinləşməsini istəməyən Qərbin, 2008-ci ilin aprelində Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsini müzakirə etməməsi idi. Çünki Qərb üçün hələlik prioritet məsələ Şərqi Avropada möhkəmlənmək idi. Buna baxmayaraq 2008-ci il avqustun 8-12 də Rusiya ilə Gürcüstan arasında müharibə ABŞ-la Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb oldu. ABŞ hökuməti Rusiyanın siyasətini kəskin tənqid edirdi.  Eyni zamanda ABŞ hökuməti başa düşürdü ki, Rusiya ilə münasibətlərdə gərginliyin artması hər iki tərəfə yalnız ziyan gətirə bilər. Lakin ABŞ keçmiş Sovet respublikalarında mövqelərini möhkəmləndirmək istiqamətində davamlı çalışırdı.  C.Buş hökuməti Ukrayna və Gürcüstana xüsusi diqqət yetirirdi.  “ABŞ Ukrayna vəGürcüstanın NATO-ya daxil olmasına tələsmir, amma həmin ölkələrlə əməkdaşlığı getdikcə genişləndirirdi.  2008-ci ilin dekabrın 19-da Vaşinqtonda “Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya” imzalandı.  ABŞ-ın Krımın paytaxtı olan Simferapolda nümayəndəliyinin açılması da nəzərdə tutulurdu[2. s,159-160].  Krımla bağlı Rusiya və Ukraynanın münasibətlərinə dair problem olduğunu və burada Rusiyanın hərbi dəniz bazasının yerləşdiyini nəzərə alsaq, ABŞ üçün yaxın gələcək baxımından bu məsələ çox böyük əhəmiyyət kəsb edridi”

Ukraynanın seçimi: “Qərblə intensiv əməkdaşlıq Ukraynanın NATO ilə iqtisadi, informasiya, təhlükəsizlik, müdafiə, hərbi, informasiyanın qorunması və təhlükəsizliyi həmçinin hüquqi məsələlər ilə bağlı birgə razılaşdırılmış prinsip və məqsədləri müəyyən edirdi. NATO rəhbərləri müxtəlif illərdə intensiv olaraq NATO-Ukrayna Fəaliyyət Planında Ukraynanın öhdəsinə götürdüyü məqsədlərə uyğun gələn  islahat planlarına öz dəstəklərini ifadə edirdilər”[5].Rəsmi Kiyev hesab edirdi ki, beynəlxalq arenada Ukrayna üçün ən uyğun olan mövqe Avropa və Rusiya arasında bufer rolunu tutmaqdır. Avropaya inteqrasiya isə iqtisadiyyatın müasirləşməsinə, xarici sərmayələrin və yeni texnologiyaların əldə edilməsinə, ukraynalı istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına, Aİ bazarına, oradan isə dünya bazarına çıxış əldə etməyə kömək edəcəkdir.

Bütün bu xoş niyyətlər sonda bu buferin Qərblə Rusiya arasında geosiyasi rəqabətin ”döyüş zonasına” çevrilməsinə səbəb oldu. Səbəblərdən biri də son on il ərzində özünün iqtisadi və hərbi potensialı əhəmiyyətli dərəcədə artması illüziyasına qapanan Rusiyanın, Ukraynanı özünün “Avrasiya layihəsi”nə cəlb etməyə sövq edirdi. “Cənub-şərq bölgələrinə qarşı açıq rusiyafobiyasından istifadə edən və guya ”maydan” tərzində idarə olunan rəsmi Kiyevə qarşı Rusiya Krımın və Sevastopolun qaytarılması istiqamətində bütün Qara dəniz bölgəsində özünün hərbi-siyasi iştirakını əhəmiyyətli dərəcədə gücləndirərək öz kəskin addımlarını atdı”[16]. Məhz bu kompaniyada Qərbin zəif davranışları Rusiyada növbəti dəfə Ukraynanı tez bir zamanda işğal etmək üçün bir əminlik yaratdı.2022-ci ilin fevralında başlanan müharibədə Rəsmi Moskvanın Ukraynanı tez bir zamanda  işğal etməsinə  əminliyin bir səbəbi də Ukraynada  Rusiyaya sədaqətli olan 5-ci kolonun fəaliyyəti idi. Lakin buna arxayınlıq çox keçmədənözünü doğrultmadı. Digər səbəblərdən biri və ən əsası isə Rusiya hakim dairələrinin Ukraynada qərbin dəstəyi ilə qısa müddətdə yaradılan yeni siyasi sistemin ölkə cəmiyyətinə  müsbət təsirinin nəticələrini hesablaya bilməmələri idi. Qeyd etmək lazımdır ki, 2021-ci ildə ABŞ-la Ukrayna arasında yeni xartiya imzalanmışdır. “Yeni xartiya 2008-ci ildə imzalanmış eyni adlı sənədlə müqayisədə mühüm dəyişiklikləri nəzərdə tutmuşdu. Məhz bu dəyişikliklər Rusiya təcavüzünə qarşı mübarizə aparmaq üçün Ukrayna daxilində siyasi hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı inamın yaranmasına tam zamanında öz müsbət töhvəsini verə bildi.

Dəyişikliklər əsasən bundan ibarətdir:

– Birləşmiş Ştatlar Krım da daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

– Ukrayna müdafiə qabiliyyətini və enerji təhlükəsizliyini gücləndirmək üçün ABŞ ilə qarşılıqlı fəaliyyəti genişləndirir.

– ABŞ Ukraynanın Aİ-yə və NATO-ya tam üzvlüyünü dəstəkləyir.

– ABŞ öz sərmayələri hesabına Ukrayna iqtisadiyyatının transformasiyası planını dəstəkləyir.

Ukrayna aşağıdakı islahatları aparmaq barədə öz üzərinə öhdəlik götürür: 

    – Ədalət məhkəməsi sistemində dəyişikliklər;

    – antikorrupsiya orqanlarının yaradılması;

    – torpaq islahatı;

    – mərkəzsizləşdirilmiş idarəetmə sisteminə keçiş;

    – rəqəmsallaşma;

     deoliqarxizasiya:[13]

Dəyişikliklər qısa müddətdə sürətlə həyata keçirilməyə başlandı və tezliklə öz nəticəsini göstərdi. İslahatlar həm Ukrayna cəmiyyətində, həm də şəffaf seçki  yolu ilə  formalaşmış hakimiyyətin siyasi elitasında, ölkəninAvroatlantik məkana inteqrasiyasının sürətlənməsini şərtləndirən özgüvənamillərindən biri hesab oluna bilər. Ukraynada ədalət, insan şəxsiyyətinə hörmətin təminatı, hüququn aliliyi və digər mənəvi həqiqətlərin təmin edilməsiqısa bir dövrdə cəmiyyətdə böyük dəyişikliyə səbəb oldu. Ukrayna cəmiyyətiözünün təşkil etdiyi hakimiyyətinə güvənərək xarici təcavüzə qarşı öz milli identikliyini ortaya qoydu. Rusiyanın hakimiyyət rəhbərliyinin Ukraynanı qısa müddətdə işğal edəcəyi, Kiyevdə rus əsgərlərinin “xilaskar kimi gül çiçəklə qarşılanacağı” haqda illuziyaları məhz bu təməl  dəyişikliklər əsasında iflasa uğradı.

24 fevral 2022-ci ildə səhər saat 05 radələrində Rusiya silahlı qüvvələrinin hava və artilleriya bölmələri Ukraynanın Kiyev daxil olmaqla şəhərlərinə zərbələr endirməyə başladılar[17]. Rusiya dövlət rəhbəri V.Putin təcavüzü  “xüsusi əməliyyat” adlandırdı. Bir ildən sonra 2023-cü il üçün müharibə zamanı verilən itkilərin sayı ABŞ-ın yaydığı məlumatlarda 190 minlə 223 min arasında rusiyalı hərbçinin öldüyünü və ya yaralandığı, Ukraynanın itkilərinin 125. 000-130. 000 nəfər olması göstərilir[15].

1994-cü ildə Ukraynanın öz nüvə başlıqlarının hamısını ABŞ-ın vasitəçiliyi ilə Rusiyaya təhvil verməsini qeyd etmişdik. Ukrayna ilə Rusiya arasında müharibənin başlanmasından sonra bu barədə xatırlanılır və belə bir sual tez-tez narahatlıqla səslənməkdədir: Ukrayna bu gün atom silahı yarada bilərmi? Rusiya hökuməti “DXR” və “LXR”-i rəsmən tanıdıqdan sonra Ukrayna Prezidenti Vladimir Zelenski Budapeşt Memorandumunun müddəalarına yenidən baxmaq niyyətində olduğunu açıqladı. Kiyev Qərb müttəfiqlərinin vəziyyətə daha fəal müdaxilə etməsinə nail olmaq niyyətindədir və yardımı qeyri-kafi hesab edərsə, özünün nüvə silahını yaratmaqla təhdid edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamalarına görə, Ukrayna həqiqətən də strateji silahlar yarada bilər. Lazımi sənədlər, təlim məktəbləri, uran mədənləri və hazır daşıyıcılar şəklində qalmış sovet mirasını nəzərə alsaq, ukraynalılar üçün bunu etmək İran və ya Şimali Koreyadan xeyli asandır”[14].

Nəticə:

Ukrayna, Qərb və Rusiya ilə bağlı son 30 ilin tarixi hadisələrini əsasgötürərək bu qənaətə gəlmək olur ki, SSRİ dağıldıqdan sonra Ukraynanın müstəqil geosiyasi xəttində tarixi seçim etməsi ləngimişdir. Ukraynanın buseçimi dərhal baş verməli idi. Məhz bu seçimin zamanında edilməməsi nəticəsində hazırda 2 ildən artıq bir müddətdə fəlakətli müharibə davam etməkdədir.

Geosiyasi xətt seçimində gecikmənin əsas səbəbləri aşağıdakılardır:  

– 90-cı illərin əvvəllərində Ukraynanın,  Rusiyanın yenidən supergüc iddiasında olmayacağına arxayınlığı;

– Ukraynanın nüvəsizləşdirilməsi:

 Qərbin Ukraynanın dinc yolla  NATO alyansı və Aİ   istiqamətində fəaliyyətsizliyi:

90-cı illərdə Amerika siyasətçilərinin ukraynalıların nüvə silahlarına nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşmaları və bu silahların Rusiyaya təhfil vermələrində vasitəçi olmaları, birbaşa olmasa da dolayısı ilə Rusiyanın təcavüzünə şərait yaradan səbəblərdən biri kimi qəbul edilə bilər. Nüvə silahının mövcudluğu onun eyni zamanda diplomatiyada (atom diplomatiyası) bir çəkindirici gücünü nəzərə alsaq,  Rusiya siyasi və hərbi rəhbərliyi tərəfindənUkraynaya təcavüzə cəhd edilməyəcəyini təsəvvür etməmək mümkün deyil. 

Müharibəyə gətirib çıxaran səbəblərdən biri də Ukrayna rəhbərlərinin ölkəni geosiyasi istiqamətindəki seçim fəaliyyətlərində ləng, passiv və iradəsiz  olmaları da əsas götürmək olar. Belə ki, ABŞ və Avropa analitikləri Ukraynanın Qərbə inteqrasiyasının gecikməsini, daha çox Ukraynada hakimiyyətdə olan hökumətlərin tənbəlliyi ilə əlaqələndirirlər. İlk baxışdan bununla razılaşmaq olsa da tarixi faktların (ABŞ müdafiə nazirinin 1996-cı ilin iyulunda çıxışı)nəticəsində bütün bunların bəhanə olması qənaətinə gəlmək olur. Qeyd etmək yerinə düşər ki, hazırda Ukraynaya hərbi, humanitar və maliyyə baxımından dəstək göstərən Qərb koalisya dövlətlərinin daxilində (Xüsusən ABŞ-da 2024-cü ildə keçiriləcək seçki il bağlı) bu yardımlara qarşı çıxan siyasi qüvvələr mövcuddur. Bu cür şərait həmin ölkələrin dövlət səviyyəsində Ukrayna ilə bağlı yardımlarda ciddi siyasi qərarların çevik olmamasına və müharibənin ləngiməsinə səbəb olmaqdadır. Məhz bu şəkildə arzuolunmaz fəaliyyət son 30 ilin tarixi hadisələrindən dərs olaraq düzgün nəticə çıxarmamaqdır. Bir çox analitiklər zamanla proseslərin gedişinin Rusiyanın zəifləməsinə apardığını və Ukraynanın isə ərazi bütövlüyünün bərpası uğrunda getdikcə gücləndiyi və qalib gələcəyi anonsunu verirlər.

Ədəbiyyat siyahısı:

1. ABŞ-ın xarici siyasəti (1945-2010) Dərs vəsaiti. S.M.Mustafayeva,  Ş.M.Qurbanova, Z Ş.Cavadova. Bakı, 2011. 

2. ABŞ-ın Yeni və Müasir Tarixi (dərslik) Məmmədağa Baxışov. Bakı, 2012.

3. Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik Siyasətinin Əsasları. Əli Həsənov. Bakı, 2016

4. Brzezhinski, Z. The Grand Chessboard: American Primacy And Its Geostrategic Imperatives. Paperback, / Z.Bzezhinski. 1998

5. NATO məlumat kitabı. NATO İctimai Diplomatiya Şöbəsi 1110   Brüssel,  Belçika. https://nato-pfp.mfa.gov.az/files/file/_1__NATO_M__lumat_Kitab__.pdf

6. Nəsibov.E. M. ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionunda strateji maraqları və Azərbaycan Respublikası. Bakı. 2006

7. “Euronews” televiziyası, 07.03.2014.

8. The  Financial Times” jurnalı,  23 aprel 2013-cü il.

9. Радио «Голос  Америки», «Украина во главе ОБСЕ: вызовы и   геополитические головоломки», 27  ноября 2012.

10. Генри Киссинджер. Дипломатия. М., 1997. 

11. https://sia.az/az/news/analysis/471568.html

12. https://www.advantour.com/rus/russia/history/ussr-collapse.htm 

13. https://ovqat.com/region/52115-ukrayna-v-ab-trfdalq-xartiyasn-yenilyiblr-.html

14. https://azvision.az/news/286626/news.html

15. https://www.bbc.com/azeri/articles/cd1rjd93dg9o

16. https://525.az/news/17686-ukraynanin-geosiyasi-realliqlari-qerble-rusiya-arasinda

17. Sky News telekanalı, 23.02.2022-ci il

“XƏZƏR” TƏDQİQATLAR MƏRKƏZİ