ƏJDAHA İLƏ ŞAHMAT: oyunun görünən və görünməyən tərəfləri
Seçki kampaniyası zamanı açıq görsənirdi ki, Trampın anti-Çin ritorikası nəinki yumşalıb, hətta Tramp Si Tsinpinə mədhiyyələrin oxunmasına keçib və bu səbəbsiz deyil.
Donald Tramp üçün siyasətdə iqtisadi dəyərlər demokratik dəyərlərdən daha vacibdir və bu heç kim üçün sirr deyil. Onun üçün hər zaman ən önəmlisi biznes və iqtisadiyyat olub. Trampın ritorikası və ətrafında baş verənlər düşünməyə əsas verir ki, o, Çinlə böyük iqtisadi sazişə hazırlaşır və seçki kampaniyası zamanı Çindən gələn məhsullara yüksək tariflərin tətbiqi, gələcək üçün planlaşdırılan böyük saziş zamanı sadəcə alver predmeti olmaq üçün istifadə edilir.
Çin Trampa qarşı təsir düsturu icad edib: Çin➡️Mask➡️Tramp.
Çinin Maska qarşı təzyiq rıçaqı var, onun Çindəki biznesi. Çin Maskı Trampa təsir etməyə vadar/məcbur edə bilir(b).
Məhz bu düsturu Çin istifadə etmək niyyətindədir və düsturun işlək olmasını sübut edən faktı misal gətirə bilərik.
Bir neçə ay qabaq Tramp ABŞ-da “Tik-Tok”un qadağasının qatı tərəfdarı idi və ABŞ Konqresində həm respublikaçılar, həm demokratlardan ibarət həmin qərarı dəstəkləyən çoxluq var idi. İndi isə, Mask Trampı fikrindən daşındırıb və Tramp “Tik-Tok”un qadağasının əleyhinədir.
Ən önəmli tərəf isə, məsələni siyasi yüküdür. Zərrə qədər şübhə yoxdur ki, Tramp “şər oxu”nu təşkil edən ölkələrə qarşı bilavasitə savaşmaq niyyətində deyil, amma və lakin Trampın atdığı addımlar dolaysı yolla “şər oxu”nun daxilində çox böyük təlatümlər yarada bilər. Necə?
Çin, Rusiya və İranı ideoloji olaraq birləşdirən çox az məsələlər var, demək olar ki, yoxdur və biz, Baydenin prezidentliyindən qabaq dəfələrlə fərqli coğrafiyalarda Rusiya-Çin, İran-Rusiya maraqlarının kəskin toqquşmasını görürdük. Bayden prezident olandan sonra onları birləşdirən, vahid düşmən, vahid təhdid oldu.
İndi isə ən əsas məsələlərdən biri, bu “vahid düşmənin” yox olması və ABŞ-ın “şər oxu” ölkələrilə fərdi münasibətlərin qurulmasıdır. “Şər oxu” faktiki olaraq dağılacaq və istisna olunmur ki, onların arasında toqquşma baş verəcək. Primitiv misal gətirək. Fərz edək ki, Tramp Çinlə iqtisadi sazişə gedir və Rusiya-Ukrayna müharibəsinin dondurulmasına nail olur. Eyni zamanda Tramp İranla açıq qarşıdurmaya girir, istər siyasi, istərsə də hərbi. Bu günə kimi Rusiyanın yanında olan İran eyni mövqeni Rusiyadan tələb etməyəcəkmi? Edəcək və heç şübhəsiz ki, mənfi cavab alacaq, bu təqdirdə İran-Rusiya münasibətləri necə inkişaf edəcək və İranın potensial cavabı nədən ibarət olacaq sualları açıq qalır.
Bu sualların önəmi həm də ona görə artır ki, “şər oxu”na daxil olan ölkələr arasında son 2 il ərzində çox ciddi hərbi-iqtisadi-siyasi əməkdaşlıq yaranıb və təbii ki, bu ölkələrin bir-birinə qarşı təsirləri də artıb.
Yuxarıdaki suala qayıdaq, situativ şərtlərdən yaranan bu alyansın daxilində, sürətlə dəyişən yeni şərtlərin ortaya çıxacağı təqdirdə konfrantasiya ehtimalı varmı? Düşündürücü sualdır.
Kamran Cəfərov